Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Antimilli qüvvələr Azərbaycanı strateji hədəflərindən yayındıra bilməz

Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı zamanı etdiyi dərin məzmunlu çıxış ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanıb və geniş əks-səda doğurub. AZƏRTAC Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun bu çıxışla bağlı “Antimilli qüvvələr Azərbaycanı strateji hədəflərindən yayındıra bilməz” adlı məqaləsini təqdim edir.

Belə bir hikmətli kəlam var: zaman ən böyük münsifdir. O, bir çox həqiqətlərə öz obyektiv qiymətini verir. Hər hansı prosesə tarixi kontekstdən baxış, onun səbəb və nəticələrinin düzgün dəyərləndirilməsinə, problemlər üçün uyğun həllərin tapılmasına imkan yaradır. Bu baxımdan, mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı zamanı etdiyi çıxış, toxunduğu məqamlar hər kəs üçün böyük bir tarix dərsi oldu. Xüsusilə ötən əsrin sonlarında ermənilərin Azərbaycana qarşı ərazi iddialarının yenidən baş qaldırması, Dağlıq Qarabağ və ətraf rayonlarımızın işğalı ilə bağlı dövlət rəhbərimizin toxunduğu məqamlar bir çox tarixi reallıqlara işıq saldı. Eyni zamanda, bu çıxışın işığında münaqişənin ədalət normalarına, ölkəmizin milli maraqlarına uyğun həllinə doğru yol göründü.

Heydər Əliyev olsaydı...

80-ci illərin sonlarında və müstəqilliyin ilk illərində o torpaqları qorumaq, vəziyyətin bu yerə qədər gəlib çıxmasına yol verməmək üçün Azərbaycan bir çox imkanlardan məhrum idi. İşğalçı düşmənə və onla­rın havadarlarına qarşı vuruşmaqdan ötrü hələ nizami ordu qurulmamışdı. Ölkə dərin sosial-iqtisadi, mənəvi böhran içində idi. İttifaqın süqutu ilə birdən-birə ortaya çıxmış yeni tarixi reallıqlar dövründə cəmiyyətimiz han­sı səmti tutacağını bilmirdi. Siyasətdə naşı olan təsadüfi insanlar arasında baş verən qızğın hakimiyyət davaları, kres­lo uğrunda mübarizə diqqətin erməni separatizmindən yayınmasına gətirib çıxarırdı. Ümummilli mənafeləri əsas tutan vahid bir xətt yox idi. Ən əsası isə Azərbaycan cəmiyyəti belə bir xətti müəyyənləşdirəcək, cəmiyyəti ölkə maraqları ətrafında səfərbər edib düşməni yerində oturda biləcək qətiyyətli liderə malik deyildi. İşğalçı qonşularımız da, onların havadarları da bunu çox yaxşı bilirdilər.

Ermənilərin Azərbaycana qar­şı ərazi iddialarının xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin SSRİ-nin ali rəhbərliyindəki vəzifəsindən məqsədli şəkildə istefaya göndərilməsindən çox qısa müddət sonra – heç iki həftə keçməmiş baş qaldırması faktı bir çox mətləblərə işıq salır. Prosesləri aydın təhlil imkanına malik hər kəs siyasi mövqeyindən, baxışlarından asılı olmayaraq özündə obyektivlik tapıb bunu təsdiqləyər ki, əgər ötən əsrin 80-ci illərinin sonların­da Azərbaycan rəhbərliyində mərkəzin hər buyruğunu canfəşanlıqla yerinə yetirən zəif, iradəsiz şəxslər yox, məhz Heydər Əliyev olsaydı, ermənilər heç vaxt belə bir cürət göstərə bilməzdilər.

Qətiyyətin gücü

Təkcə bir faktı diqqətə çatdıraq: Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlamış ötən əsrin 80-ci illərinin əvvəllərinə qədər ermənilərə bir qarış da torpaq güzəştə getməmiş, eləcə də soydaş­larımızın Ermənistan ərazisindəki tarixi torpaqlarımızdan yeni depor­tasiya dalğalarına yol verməmiş yeganə Azərbaycan rəhbəri idi. Əgər düşünürüksə ki, bu, ermənilərin onun ölkəyə rəhbərliyi dövründə nisbətən farağat durmaları ilə bağlı olub, yanılırıq. Bəli, erməni sepa­ratçıları bu dövrdə öz yeni iddiala­rını gerçəkləşdirməyə açıq cəsarət göstərməyiblər. Amma onları farağat dayandıran da yenə Heydər Əliyev qətiyyəti idi. Onlar Azərbaycanın ümummilli liderinin bu qətiyyəti, sarsılmaz iradəsi, Vətən sevgisi, nüfuzu qarşısında heç nəyə nail ola bilməyəcəklərini yaxşı anlayırdılar. Ona görə də ötən əsrin 70-ci illərində müəyyən təxribatçı əməllərə əl atıb yeni separatçı planlar hazırla­maqdan və bu planları yerinə yetirməyə fürsət gözləməkdən başqa əllərindən heç nə gəlmirdi. Onların bu planları barədə məlumatlı olan və təxribatçı əməllərin qarşısını almaqdan ötrü təxirəsalınmaz tədbirlər həyata keçirənsə yenə də, uzun illər xüsusi xidmət orqanlarında rəhbər vəzifələrdə çalışmış, böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev idi.

Ulu öndər hələ dövlət təhlükəsizlik orqanla­rında çalışdığı illərdən ermənilərin separatçı əməlləri ilə yaxşı tanış idi. Onun fəaliyyətinin əsas istiqamətlərindən birini erməni təxribatlarına qarşı mübarizə təşkil edirdi. Erməni separatizminin yeni təzahürləri ilə Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərliyinin ilk aylarından qarşılaşmalı olmuşdu. 60-cı illərin ortalarında Dağlıq Qarabağın Azərbaycandan zorla qoparılması cəhdləri vətənpərvər Heydər Əliyevin qətiyyətli iradəsi sayəsində mümkün olmayandan sonra ermənilər taktikanı dəyişərək ötən əsrin 20-ci illərinin sonlarına aid hansısa saxta xəritələri gündəmə gətirməyə başlamışdılar. Bir müddət bununla bağlı danışıqlar getmiş, hətta Azərbaycanın Ali Soveti həmin sərhədyanı torpaqların guya Ermənistana mənsubluğu barədə yan­lış bir qərar da vermişdi. Bu, əlbəttə mərkəzin təzyiqləri nəticəsində ortaya çıxan bir qərar idi. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən cəmi bir ay sonra atdığı ilk addımlar­dan bir məhz bu qərarın ləğvi oldu.

Ulu öndər sonralar jurnalist Elmira Əhmədovaya verdiyi müsahibədə xatırlayırdı: “Birinci katib seçiləndən bir ay sonra, 1969-cu ilin sentyabrın­da Ermənistan KP-nin birinci katibi Anton Koçinyana zəng edib onun­la görüşmək istədiyimi bildirdim. Görüşümüz Qazax rayonu ilə İcevan rayonunun sərhədində oldu. Mən məsələni qəti qoydum və Koçinya­na təklif etdim ki, Ermənistandakı millətçi adamları öz ərazi iddiaların­dan çəkindirmək üçün əməli, konkret işlər görsün. Zənnimcə, o görüşümüz səmərəli oldu. Çünki sonrakı dövrlərdə respublikalarımız arasında bizi narahat edən hadisələr baş vermədi”.

Hətta bu reallığı 1988-ci ildə verdiyi müsahibəsində Ermənistanın keçmiş rəhbəri A.Koçinyan özü də eti­raf edirdi ki, onun rəhbərliyi dövründə Qarabağ məsələsi bir neçə dəfə qaldı­rılmış, lakin Heydər Əliyevin yüksək nüfuzu, mərkəzdə sözünün kəsəri bu məsələnin həllinə imkan verməmişdi. Hətta o, SSRİ-nin əsas rəhbərlərindən olan M.A.Suslovun onu bir dəfə yanına çağırıb sərt şəkildə erməni separatizminə son qoymaq barədə göstəriş verdiyini də yada salırdı.

Strateji baxış

Bütün bunlar təbii ki, Heydər Əliyev qətiyyətinin gücü idi. Ulu öndər eyni qətiyyətlə ermənilərin elm, mədəniyyət, ədəbiyyat müstəvisində əl atdıqları təxribatların da qarşısını alırdı. Erməni separatizmini bir an belə diqqətindən kənarda qoymur, simptomları onun kimi təcrübəli dövlət xadimlərinə yaxşı tanış olan erməni xəstəliyinin yayılmasına imkan vermirdi.

Dağlıq Qarabağ Muxtar Vilayəti rəhbərliyinin o dövrdə mümkün qədər sınanmış kadrlarla möhkəmləndirilməsi, Dağlıq Qarabağ regionunun sosial-iqtisadi inkişafı məsələlərinin daim diqqətdə saxlanma­sı da Heydər Əliyev uzaqgörənliyinin, idarəçilik məharətinin daha bir təzahürü idi. 1980-ci illərin sonlarında ermənilər öz separatçı niyyətlərini həyata keçirməkdən ötrü azğın çıxışlara başlayanda mərkəzi kütləvi informasiya vasitələrində Qorbaçov və onun ideoloqlarının məsləhəti ilə belə fikirlər yayırdılar ki, münaqişənin əsas səbəbi guya DQMV-nin sosi­al-iqtisadi sahədə geri qalması və respublika rəhbərliyi tərəfindən erməni əhalinin hüquqlarının pozulması olub. Ermənilərin 70-80-ci illərdə Moskvaya, Siyasi Büroya yazdıqları donosların məzmunu da təxminən belə idi. Əlbəttə, bütün bunlar, Heydər Əliyevin nüfuzuna qarşı yönələn, eyni zamanda, millətlərarası problemin tənzimlənməsində mərkəzi hökumətin acizliyinə bəraət qazandırmaq məqsədilə uydurulmuş ağ yalan­lar idi. Real faktlar bütün bunların əksini söyləyirdi. Heydər Əliyevin dəstəyi ilə Xankəndinə dəmir yolu xətti çəkilmişdi. Şəhərdə yaraşıqlı vağzal binası, hava limanı tikilmiş­di. Bura müntəzəm təyyarə reysləri təşkil olunurdu. Muxtar vilayətdə iri müəssisələr, o cümlədən ayaq­qabı fabriki, elektrotexnika zavodu, elektron sənayesi üçün kondensatorlar, kənd təsərrüfatı maşınqayırması və s. zavodlar inşa olunmuşdu. Yaşayış evləri, yeni məktəblər, poliklinikalar tikilmiş, dram teatrı yenidən qurul­muşdu. Xankəndində Pedaqoji İnstitut yaradılmışdı. Kənd təsərrüfatının inkişafı sahəsində mühüm tədbirlər gö­rülmüşdü. Bir sözlə, Dağlıq Qarabağ əhalisi Azərbaycanın digər regionları­nın əhalisindən heç də pis yaşamırdı. Bu da təbii idi. Çünki Heydər Əliyev bu torpaqlara Azərbaycanın ayrılmaz parçası kimi baxır və başqa region­larımız kimi, buradan da diqqət və qayğısını əsirgəmirdi.

Əlbəttə, təbiətən dahi strateq olan, dövlətçilik məsələlərinə beş-on illik dövr kimi yox, yüzilliklər prizmasın­dan baxmağı bacaran Heydər Əliyevin Dağlıq Qarabağda erməni separatizmi­nin kökünü gələcəkdə tam kəsməkdən, XX əsrin əvvəllərində bura kütləvi şəkildə köçürülmüş erməni ailələr hesabına azərbaycanlıların pozulmuş hüquqlarını bərpa etməkdən, tarixi ədalətsizliyi aradan qaldırmaqdan ötrü müəyyən strateji planları da olmamış deyildi.

Onun bu regionda gördüyü işlər, yaratdığı müəssisələr bir tərəfdən Dağlıq Qarabağın sosial-iqtisadi həyatını canlandırırdısa, digər tərəfdən də bu müəssisələrdə çalışan, burada ev-eşik sahibi olan azərbaycanlılar hesabına bu torpaqlarımızda de­moqrafik üstünlük tədricən bizim xeyrimizə dəyişirdi. Ulu öndər bunu qətiyyən ermənilərin sıxışdı­rılması, onların hüquqlarının pozulması hesabına etmirdi. Sadəcə, yeni müəssisələrdə çalışmaqdan ötrü yetərli qədər işçi qüvvəsinə ehtiyac vardı. Erməni əhalisinin potensialı, təbii artım səviyyəsi buna imkan vermədiyindən iş yerlərinə ermənilərlə bərabər, xeyli sayda azərbaycanlı gənclər də təyinat alırdı və bu, tədricən ərazinin demoqrafiq mənzərəsini dəyişirdi.

Məsələn, Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişinə qədər Dağlıq Qarabağda azərbaycanlı əhalinin nisbəti 10-14 faiz təşkil edir­di. Heydər Əliyev 1982-ci ildə SSRİ rəhbərliyinə dəvət olunub Moskvaya gedəndə isə bu göstərici artıq 25 faizə çatmışdı. Əgər ulu öndər növbəti 10 ildə də Azərbaycana rəhbərlik etsəydi, bu göstərici ən azı 50 faizə çatacaqdı. Hiyləgər xislətli ermənilərsə təbii ki, bunun fərqində idilər. Ona görə də ulu öndərə qarşı donoslar, anonim məktublar ara vermirdi. Əfsuslar olsun ki, Heydər Əliyevin strateji addımla­rının mahiyyətini anlamaq gücündə olmayan öz içimizdəki satqınlar da bu məsələdə ermənilərə dəstək olurdular. Mərkəzə göndərdikləri donoslarla, Heydər Əliyevə qarşı qarayaxma kampaniyalarında fəal iştirakları ilə ermənilərin maraqlarına xidmət edirdilər.

Tarixin ən doğru seçimi

Bir anlıq təsəvvür edək ki, Heydər Əliyev Sov İKP MK-nın Siyasi Büro üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrindən məqsədli şəkildə istefaya göndərilir. Bundan iki həftə keçməmiş ermənilər separatçı kampaniyaya başlayırlar. Amma Azərbaycanda hakimiyyətdə olanlar nə ulu öndərin vəzifədən kənarlaşdırılmasına, nə də ermənilərin bu separatçı addımlarına bir reak­siya verirlər. Vəziyyəti nəzarətdə saxlamaq üçün heç bir təşəbbüs göstərmirlər. Özü də o dövrdə ölkə rəhbərliyində təmsil olunanların çoxu məhz Heydər Əliyevin vəzifə pillələrində irəli çəkdiyi, etimad göstərdiyi insanlar idi. Amma tarix sübut etdi ki, onlar ulu öndərdən heç bir idarəçilik təcrübəsi, böhran durumlarını nəzarətdə saxlamaq məharəti, heç olmasa vətənpərvərlik hissi əxz edə bilməyiblər. Məhz onla­rın səriştəsizliyi sayəsində ermənilər öz separatçı niyyətlərində xeyli irəli getməkdən ötrü 1988-ci ilin fevra­lında Azərbaycana qarşı Sumqayıt təxribatını törətdilər. Erməni daşnakla­rı şəhərdə yaratdıqları gizli dəstələrlə Sumqayıtın bir neçə erməni sakinini qətlə yetirib bunu Azərbaycan xalqının cinayəti kimi qələmə verdilər. Sonra­dan üzə çıxacaqdı ki, öldürülənlər də daşnak təxribatlarına uymayan, onların terror əməllərinin maliyyələşdirilməsi üçün maddi yardım göstərməkdən imtina edən erməni ailələrinin nümayəndələri olub.

Cinayətləri törədən şəxsin həbs olunub cəzasını alaraq bir ildən sonra cəzasını çəkmək üçün Ermənistana göndərilməsi və orada dərhal azadlığa buraxılması da Sumqayıt hadisələrinin ermənilər tərəfindən həyata keçirilmiş məqsədli təxribat olduğunu bir daha sübuta yetirdi. Nə qədər iyrənc və tükürpədici mahiyyətdə olsa da, bütün bu təxribatlar erməni separatçılarına Dağlıq Qarabağ münaqişəsini alovlan­dırmaq, öz mənfur məqsədlərinə nail olmaq imkanı yaratdı. Onlar 1992-ci ilin fevralında Azərbaycan xalqına və ümumilikdə bəşəriyyətə qarşı yeni tariximizin böyük cinayətlərindən birini – Xocalı soyqırımını törətdilər. 1992-ci ilin mayında Dağlıq Qara­bağ münaqişəsi ilə bağlı həlledici əhəmiyyətli Şuşa, Laçın rayonları işğal olundu. Əfsuslar olsun ki, o dövrdə cəmiyyətdə əsas söz sahibi olan Azərbaycan Xalq Cəbhəsi də hakimiyyətə gəlməkdən ötrü xal­qa qarşı xəyanət yolu tutdu. Naşı və səriştəsiz adamlar hərbi çevriliş yolu ilə hakimiyyəti ələ keçirərək Azərbaycan xalqının daha bir bəlasına çevrildilər. Əsas niyyətləri ölkənin bütün sərvətlərini talamaqdan ibarət olan bu insanların səriştəsizliyi ucba­tından sosial-iqtisadi, mənəvi böhran dözülməz vəziyyətə çatdı. Azərbaycan övladlarının canları-qanları bahasına qoruduqları torpaqlar əldən getdi. Xa­rici ölkələrlə münasibətlər gərginləşdi. Ölkədə yeni separatizm ocaqları alovlanmağa başladı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı, vətəndaş müharibəsinin bir addımlığına gəlib çıxdı.

Bu fakt AXC hakimiyyətinin hansı dəyərlərə sahib olduğunu aydın şəkildə göstərir: ermənilər Azərbaycanın yeni rayonlarını işğal etdikləri zaman bu hakimiyyətin başbilənləri də Gəncəni bombalamaq planı qururdular, öz daxillərində hakimiyyət uğrunda didişmələrə başlamışdılar. Belə böh­ran anlarında öz müdrik qərarları ilə taleyinə sahib çıxan Azərbaycan xalqı yenə də tarixinin ən doğru seçimi­ni etdi. AXC-ni süpürüb birdəfəlik tarixin zibilliyinə atdı. Azərbaycanın taleyini xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevə etibar edərək qurtuluşa nail oldu.

Xalqa və dövlətə qarşı xəyanət yolu tutanlar

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunu əzmlə həyata keçirən Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin uğurları sayəsində ölkəmiz bu gün inkişaf etmək, xoşbəxt gələcəyini qurmaq, ərazi bütövlüyünə nail olmaq üçün bütün lazımi imkanla­ra malikdir. Azərbaycan siyasi, sosial-iqtisadi və digər sahələrdə nail olduğu sıçrayışlı yüksəlişlə, o cümlədən yerləşdiyi məkanın siyasi və iqtisa­di imkanlarından səmərəli formada yararlanaraq Cənubi Qafqazın aparıcı dövlətinə çevrilməsi tarixi reallıqdır. Prezident İlham Əliyevin müdrik si­yasi kursu regionun lider dövləti kimi Azərbaycanın bölgədəki və dünyadakı mövqelərini gücləndirir.

Azərbaycan bu gün öz gerçək müstəqilliyini təmin edib. Heç bir təzyiqə, təhdidə baxmayaraq, müstəqil inkişaf yolu ilə gələcəyinə doğru irəliləyir. Bu gün respublikamızda sosial-iqtisadi yüksəlişdən irəli gələrək bütün cəmiyyət inkişafdadır. Hər sahədə tərəqqi, irəliləyiş müşahidə olunur. Xarici düşmənlərə xidmət edən içimizdəki satqınlar isə yenə öz işlərindədirlər. Ölkənin milli ma­raqlarını satmaq mərəzi onları yenə tərk etməyib. Fərq yalnız bunda­dır ki, əgər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi və erməni separatizminə qarşı apardığı ardıcıl mübarizə dövründə donoslar Mosk­vaya göndərilirdisə, indi antimilli qüvvələrin müraciət ünvanları onları qrantlarla bəsləyən Qərb institutlarıdır.

Birillik hakimiyyətləri dövründə Azərbaycana onilliklərə bərabər zərbə vuran bu siyasi qaragüruh sivil müxalifətçilikdən uzaq düşüb, müxalifət kimi ortaya aydın proq­ram qoymaqdan, hökumətə ağıllı bir təklif vermək fikrindən uzaq olub. Çünki bu fəaliyyəti ortaya qoya biləcək intellektual potensialı olmayıb. Əvəzində xalqa və dövlətə qarşı xəyanət yolunu tutub. İqtisadi sferadakı müsbət göstəricilərə, isla­hatların uğurlu nəticələrinə və pozitiv yeniliklərinə, dövlətin sosial sahədə atdığı mühüm addımlara baxmaya­raq, bu antimilli ünsürlər yenə də ağa qara deməklərindən qalmır. Əslində müxalifətçiliyi antimilli platformaya çevrilmiş belələrindən başqa nəsə gözləmək sadəlövhlük olardı.

Amma bir həqiqət də var. Bu həqiqət ondan ibarətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qaza­nılan hər bir uğur özünü müxalifətçi hesab edən Əli Kərimlinin, milli şura adlı qondarma qurumda təmsil olunan ünsürlərin antimilli müstəvidə qurulmuş fəaliyyətlərini alt-üst edir, insanlara yalan sırımaq cəhdlərinin və siyasi iflasdan çıxış yollarının qarşısını alır. Bəli, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatında dəfələrlə artım baş verib, maaşlar, pen­siyalar, ölkəmizin valyuta ehtiyatları dəfələrlə yüksəlib, işsizlik və yoxsul­luq həddi minimal səviyyəyə düşüb. Ə.Kərimli və ətrafında cəmlənən qaragüruh bax, bundan narahatdır. Bu həqiqəti etiraf etməyə isə heç vaxt özlərində cəsarət və güc tapa bilməyəcəklər. Çünki antimilli hiss, təmsil olunduqları xalqa və dövlətə nifrət qanlarına hopub.

Sosial şəbəkələrdəki məsuliyyətsizlik mühitinə son qoymağın vaxtıdır

Sovet dövrünün donosbazları öz çirkin mahiyyətlərini anonim məktublar altında pərdələyirdilər. Günümüzün sapı özümüzdən olan baltalarının yalan yaymaq aləti isə sosial şəbəkələrdir. Daha dəqiq desək, bu şəbəkələrdə mövcud olan nəzarətsizlik, məsuliyyətsizlik mühiti­dir. Təsadüfi deyil ki, bu gün dünya­nın hər yerində cəmiyyətin sağlam təbəqəsi informasiya texnologiyala­rının inkişaf göstəricisi olan sosial şəbəkələrin yaratdığı imkanlardan səmərəli istifadə etdikləri halda, bir qisim insanlar üçün internet resursları dezinformasiya yaymaq, böhtan atmaq vasitəsinə çevrilib.

Öncə onu qeyd edim ki, Azərbaycan sivil dünyanın tam hü­quqlu üzvü kimi internet şəbəkəsinin inkişafına xüsusi diqqət yetirir. Xüsusilə son illərin internetlə bağlı statistikası göstərir ki, respublikamızın inkişafı internet xidmətlərinin ən mü­asir tələblər səviyyəsinə yüksəlməsinə gətirib çıxarıb. Həmçinin Azərbaycan əhalisinin böyük əksəriyyəti internet istifadəçisinə çevrilib. Bu tendensi­yanın özü Azərbaycanın demokratik inkişaf yolu keçdiyini göstərən əsas faktorlardan biridir.

Əlbəttə, internetin inkişafı həm də informasiya cəmiyyətinin, o cümlədən sosial şəbəkələrdən istifadənin genişlənməsi və bu şəbəkələr üzərindən medianın inkişafı deməkdir. Azərbaycanda son illərdə sosial şəbəkələrin yaratdığı informasi­ya mübadiləsi imkanlarından istifadə daha da artıb ki, bu da ölkəmizdə söz azadlığının təmin olunmasının göstəricilərindən hesab olunur.

Lakin təəssüflə qeyd etməliyik ki, son illərdə sosial şəbəkələrin heç də informasiya cəmiyyətinin ali məqsədlərinə xidmət etmədiyinin şahidi olmaqdayıq. Xaricdə məskən salan antimilli ünsürlər, o cümlədən saxta adlarla qeydiyyatdan keçmiş xəyanətkarlar uzun illərdir ki, sosial şəbəkələr üzərindən Azərbaycana qara yaxmaqla, uğurlarımıza kölgə salmaqla, dövlət, hakimiyyət və ölkənin konsitusion quruluşu əleyhinə siyasi çağırışlar etməklə məşğuldurlar. Elədikləri əməllər həm də mənəvi terrora cəhddir. Bu gün sosial şəbəkələrdə təhqiri, söyüşü mübarizə metodu seçənlər, insanları dağıdıcılığa çağıranlar, şayiə və dezinformasi­ya yayanlar, eyni zamanda, həmin antiazərbaycançı mərkəzlərin buyruq­larını yerinə yetirirlər.

İnternetin, sosial şəbəkələrin inkişafı, geniş yayılması və texniki imkanları ondan təhqir etmək və böhtan atmaq üçün istifadə edilməsini də reallığa çevirib. Bununla yanaşı, artıq dünyanın bir çox yerlərində məhz sosial şəbəkələr vasitəsilə insan ləyaqətinin alçaldılmasına qarşı hüquqi müstəvidə qiymət verilməsinin mexanizmləri gücləndirilib. Bir çox ölkələrdə böhtan və təhqirə görə sosial şəbəkələr nəzarətə götürülərək ciddi tədbirlər görülür. Azərbaycanda bu sahədə müəyyən addımlar atı­lıb. Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən internetdən istifadə etməklə böhtan atmağa görə müvafiq məsuliyyət nəzərdə tutulur. Məcəllənin 148-ci maddəsi isə təhqiretmə ilə bağlıdır. 148-1-ci maddədə göstərilir ki, internet informasiya resursunda saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtanatma və ya təhqiretmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər, yaxud iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Lakin hesab edirəm ki, bütün bunlar yetərli deyil və yeni hüqu­qi tənzimlənmə mexanizmlərinin tətbiqinə ehtiyac var. Artıq bu şəbəkələri yaradıb müasir bəşəriyyətin həyatının bir parçasına çevirən ABŞ-da da belə bir mühitin ölkənin, cəmiyyətin gələcəyi üçün nə qədər böyük təhdidlər doğurduğunun fərqindədirlər. Ona görə də sosial şəbəkələrdə daha ciddi tənzimləyici normaların müəyyənləşdirilməsi üçün addımlar atılır. Azərbaycanda da bu sahədə həllər tapılmalıdır. Çünki sosial şəbəkələrdəki məsuliyyətsizlik mühitinə son qoymağın vaxtıdır.

Ölkənin inkişafı, daha da qüdrətlənməsi nizamlı bir cəmiyyətin formalaşdırılmasından, qanunlara hörmət ruhunun tam hakim olma­sından keçir. 1993-cü ildən sonra Azərbaycanda başlanan siyasi xətt bunu tam təsdiq edir. Regionda lider, dünyada söz sahibi olan, tam müstəqil siyasət yürüdən Azərbaycanı heç bir qüvvə öz yolundan döndərmək iqtidarında deyil. Möhtərəm Preziden­timiz İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində dövlətimiz bundan sonra da möhtəşəm uğurlara imza atacaq, özünün bütün milli hədəflərinə inamla yetişəcək.

3 2020 01:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə