Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Unudulmayanlar" layihəsinin növbəti mühazirəsi xanəndə Hacıbaba Hüseynova həsr edilib

BMM-nin foyesində büstləri qoyulan muğam korifeylərimiz haqqında "Unudulmayanlar" layihəsinin çərçivəsində növbəti mühazirə Azərbaycanın Xalq artisti, unudulmaz xanəndə Hacıbaba Hüseynova həsr olunub. Musiqişünas, professor Nailə Rəhimbəyli sənətkar haqqında geniş məlumatı izləyicilərə təqdim edib.

Hacıbaba Hüseynov 1919-cu il martın 15-də Bakı şəhərində anadan olmuşdur. Gənc yaşlarında tanınmış xanəndə Zülfü Adıgözəlovun qramvalını əldə edən Hacıbaba Hüseynov, onun oxuduqlarını təkrar edərək muğamın incəliklərini öyrənmişdir. O, 1945-ci ildə görkəmli tarzən və pedaqoq Əhməd Bakıxanovun ansamblında fəaliyyət göstərməyə başlamışdır.

Güclü hafizəsi sayəsində eşitdiyi musiqi nümunələrini, muğamları dərindən mənimsəmiş, əruz vəzninin qanunlarına əsasən qəzəllər yazmağa başlamışdır. Onun səs diapazonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilmişdir.

Səhnə fəaliyyəti ilə yanaşı, həm də Asəf Zeynallı adına Musiqi Texnikumunda (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) müəllim olaraq çalışan Hacıbaba Hüseynov Azərbaycan xanəndələrinin böyük bir nəslini yetişdirmişdir.

Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə o, 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1990-cı ildə isə Xalq artisti fəxri adına layiq görülmüşdür. Xanəndənin 100 illik yubileyi  Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2019-cu il tarixli sərəncamına əsasən qeyd edilmişdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 2020 10:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə