Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bir uşaq... dünyanı dəyişdirə bilər

Bütün dünya Uşaqların Beynəlxalq Müdafiəsi Gününü 1950-ci ildən sonra qeyd etməyə başlasa da, qardaş Türkiyədə uşaqlara sevgi və diqqətin əlaməti olaraq, xalqın gələcəyi olan balacalara belə bir günün hədiyyə edilməsi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adı ilə bağlıdır.

Belə ki, 1920-ci ilin 23 aprelində Ankarada Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Böyük Millət Məclisi toplandı və bununla da türk xalqının Qurtuluş Savaşında – Cümhuriyyət quruculuğu yolunda tarixi bir səhifə açıldı. Türkiyə Respublikasının təşəkkülündən sonra bu tarixi gün rəsmi dövlət bayramı – Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd edilməyə başlandı. Həmin bayram yarandığı gündən gözəl ənənənin əsası qoyuldu. Türkiyənin təşəbbüsü ilə hər il aprelin 23-də dünyanın dörd yanından gəlmiş uşaqların iştirakı ilə beynəlxalq festival şəklində böyük təmtəraqla qeyd edilir. 
Türkiyə Radio və Televiziya Şirkətinin təşəbbüsü ilə UNESKO-nun 1979-cu ili Uşaq ili elan etməsi zamanı TRT kanalı Beynəlxalq 23 Aprel Uşaq Şənliyini təşkil edərək bu bayramı daha geniş şəkildə qeyd edilməyə şərait yaratmışdır. 
1933-cü il aprelin 23-də Atatürkün bir qrup uşağı iş otağında qəbul edərək onlarla söhbət etməsi bu gün də ehtiramla xatırlanır. Həmin ildə Türkiyə Cümhuriyyəti qurucusunun uşaqları birgünlük də olsa, vəzifəyə təyin edilmək ənənəsi uzun illər bayram günündə davam etdirilib. O gün rəsmi dövlət məmurları uşaqlarla görüşür, iş masasını uşaqların ixtiyarına verirdi. Bununla, həm də uşaqların xalqın və dövlətin gələcəyi olması, layiqli vətəndaş kimi böyüməsi təlqin edilir. 
Bayramda ilk olaraq, uşaqlar “İstiqlal marşı”nı oxuyur, Atatürkə və dövlətə sayğı duruşu həyata keçirirlər. Ölkənin müxtəlif bölgələrində həyata keçirilən bayram tədbirlərinə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən uşaq təşkilatlarının nümayəndələri, istedadlı yaradıcı uşaqlardan ibarət kollektivlər dəvət edilir və canlı yayımlanan konsertlərdə iştirak edirlər. Təqdirəlayiq haldır ki, SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan başda olmaqla, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan kimi türk ölkələrindən olan uşaqların Türkiyədə keçirilən bu bayrama qoşulması da böyük əhəmiyyət daşıyır. Bu bayramla Türkiyə Cümhuriyyəti dünya uşaqlarına, eləcə də türk dünyası uşaqlarına sülh, birlik və bərabərlik mesajını verir, bununla da ortaq mədəni irsə, tarixə malik uşaqlar həm də milli mənəvi dəyərlərimizə bağlı şəkildə böyüyürlər.
Dünya tarixinə nəzər salsaq, görərik ki, bir çox uşaqlar öz çıxışları ilə dünya tarixində iz qoymuşlar. 
Yəhudi ailəsində doğulmuş Annelis Mariya Frank uşaq ikən valideynləri ilə birgə faşistlərin əlindən Amsterdama sığınmışdır. Onun uşaqlıqdan özündən uydurduğu Kitti adlı rəfiqəsinə yazdığı xatirələri, gündəliyi illər sonra Xolokostu dünyaya uşaq dilindən çatdıran dəyərli kitaba çevrildi. 
Tanya Saviçeva adlı qızcığaz yazdığı gündəliklə və ailə dramı ilə İkinci dünya müharibəsinin gedişində Leninqrad mühasirəsinin simvoluna çevrilib. Ailə üzvlərini itirmiş məktəbli öz gündəliyində bu sözləri yazmışdı:” Hamı öldü, bircə Tanya qalıb.”
Amerikalı qız Samanta Smit “Soyuq müharibə” dövründə SSRİ və ABŞ-ı barışdırmaq üçün SSRİ rəhbəri Andropova təsirli məktubu ilə yadda qalıb. Uşaq məktubda müharibənin olmaması və iki ölkə arasında münasibətlərin yaxşı olması ilə bağlı arzusunu ifadə edib. Nəticədə, Samanta ailəsi ilə birlikdə SSRİ rəhbərliyinin dəvəti ilə Moskvaya səfər edib. 
Pakistanlı bloger, insan hüquqları fəalı və yazıçı Məlalə Yusəfzay qadınların təhsil alması uğrunda apardığı fəaliyyətlərə görə, ən gənc Nobel mükafatı laureatı kimi tarixə düşüb. Onun əzab-əziyyət dolu mübarizəsi təhsil arzusunda olan və çətinliklərlə üzləşən milyonlarla qız uşaqlarının səsi oldu və dünya tərəfindən diqqətlə yanaşıldı. 
Hətta BMT-nin Baş katibi Pan Gi Mun tərəfindən Məlalənin doğum günü olan 12 iyul tarixi dünyada Məlalə Günü elan edildi. 
Məlalə Günü ilk dəfə 2013-cü il iyulun 12-də Nyu-Yorkda BMT-nin mənzil-qərargahında qeyd edildi. Məlalənin BMT tribunasından çıxışı zamanı səsləndirdiyi bu sözlər bütün dünya uşaqlarına bir tövsiyə oldu: "Bir uşaq, bir müəllim, bir kitab, bir qələm dünyanı dəyişdirə bilər. Təhsil yeganə həll yoludur."

 

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

 

 

2 2020 10:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə