Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiya: tələblər, qadağalar, yoxsa cərimələr?

Azərbaycanda pandemiyaya qarşı mübarizə istiqamətində görülmüş tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı yüksək qiymətləndirib, bizi nümunəvi ölkə adlandırıb. Çünki ölkəmizdə həm virusa qarşı mübarizə tədbirləri yetərincə aparılır, həm də beynəlxalq müstəvidə Azərbaycanın nüfuzu artır. Azərbaycan pandemiyaya qarşı qlobal mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına donor ianəsi verən ilk ölkələrdən olub. Eyni zamanda, 13-dən çox müraciət edən və maddi imkanları məhdud olan ölkəyə texniki və maliyyə yardımı edib, təyyarələr göndərib. Azərbaycan bu addımı ilə həm xalqımıza, həm də bütün dünyaya bir daha göstərdi ki, biz dost kimi də, müttəfiq kimi də güvəniləcək ölkəyik.

Qeyd etməliyik ki, pandemiya başlayanda Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən tətbiq edilən karantin rejiminin sərtləşdirilməsi yoluxma hallarının geniş yayılmasının qarşısının alınmasına kömək etdi. Elə buna görə də çox keçmədən mərhələli şəkildə karantin rejiminin yumşaldılmasına başlandı. Amma nə oldu? Dövlət başçımız bu barədə demişdir: “Görəndə ki, artıq 3 həftə ərzində hər gün sağalanların sayı yoluxanların sayından xeyli çoxdur, onda biz artıq yumşalma tədbirləri görməyə başladıq. Ancaq əfsuslar olsun ki, bəzi adamlar bunu karantin rejiminin ləğvi kimi qəbul etdilər. Yumşalma tədbirləri yalnız bir məqsədi güdürdü ki, insanların öyrəşdiyi həyat tərzi müəyyən dərəcədə bərpa olunsun. Karantin rejiminin yumşaldılması o demək deyil ki, karantin başa çatıb. Xeyr. Karantin rejimi, ən azı, mayın 31-nə qədər qüvvədə olacaq və ondan sonra əgər lazım olarsa, uzadılacaq”.
Karantin rejimi yumşaldıqdan sonra müşahidə etdik ki, bəzi məsuliyyətsiz vətəndaşlar heç bir qaydalara əməl etmirlər, maska taxmır, məsafə saxlamır, virusun artıq məhv olduğu barədə şayiələr yayırlar. Cənab Prezident modul tipli xəstəxananın açılışındakı çıxışında bu məsələyə də toxunaraq sərt mövqe bildirərək demişdir ki, buna qətiyyən yol vermək olmaz. Ona görə bu adamlara qarşı ciddi tədbirlər görüləcək. Dövlət tərəfindən aparılan bütün kompleks tədbirlər, vətəndaşların məsuliyyəti və nizam-intizamı nəticəsində ölkədə bundan sonra da bu vəziyyət nəzarət altında saxlanacaq. Amma etiraf etməliyik ki, burada məsələ ancaq dövlət qurumlarının fəaliyyətindən asılı deyil. Dövlət hər şey etdi və edəcək. Bu mübarizədə dövlətin qoyduğu qaydalar, gördüyü tədbirlər və həkimlərin müdaxiləsindən başqa, insanlar da özlərində böyük məsuliyyət hiss etməli, dövlət qurumları, vətəndaşlar həmrəylik, birlik göstərməlidir. 
Koronavirus pandemiyasına qarşı mübarizənin ilk vaxtlarında tibbi ləvazimat və qoruyucu vasitələr, o cümlədən, maska çatışmazlığını nəzərə alan Prezident İlham Əliyevin tapşırığına əsasən aidiyyəti dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldular. “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska və tikiş fabriklərinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsi yaradıldı. Eyni zamanda, müasir, 575 çarpayılıq “Yeni klinika” açıldı, 200 çarpayılıq modul tipli xəstəxana qısa müddətdə qurularaq viruslu xəstələrin istifadəsinə verildi. 
Dövlət başçısı tərəfindən atılan bütün addımlar qabaqlayıcı xarakter daşıdığından, hesab etmək olar ki, koronavirusla mübarizənin birinci mərhələsində ölkəmiz qalib gəlib. Amma cənab Prezidentin qeyd etdiyi kimi, mübarizə davam edir, çünki koronavirus aramızda dolaşır, bunu hər kəs bilməlidir. Əlbəttə, bütün bu kompleks tədbirlər– testlərin keçirilməsi, xəstəxanaların, laboratoriyaların fəaliyyəti və həkimlərin peşəkarlığı, işin düzgün təşkili imkan verir ki, ölkə bu vəziyyətdən az itkilərlə çıxsın. Koronavirusla mübarizədə həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına qoyan həkimlər xəstələrə gecə-gündüz xidmət edirlər. Prezidentin dediyi kimi, bu xəstəlikdən canını qurtaran bütün pasiyentlər, ilk növbədə, həkimlərə minnətdar olmalıdırlar. Pandemiya başlayandan həm də daxili qoşunların əməkdaşları polislərlə yanaşı, gecə-gündüz küçələrdə həyatlarını risk altına ataraq, əhaliyə vəziyyəti və qoyulan qadağaları başa salmağa çalışırdılar.
Karantin rejimi yumşaldılandan sonra -- mayın əvvəllərində yoluxmaların sayı artdı. Çünki vətəndaşlarımız aprelin sonlarında havaların mülayim olması səbəbindən, karantin tədbirlərinə məhəl qoymadan, sosial qorunma tədbirlərinə əməl etmədən küçələrə axışdılar. Əgər diqqət yetirsək görərik ki, bu artım həm də xəstəliyin daha ağır gedişi ilə xarakterizə olundu. Reanimasiya şöbələrində yatmağa məcbur olan xəstələrin sayı artdı. Dəfələrlə ayrı-ayrı mütəxəssislər tərəfindən karantin tədbirlərinin, qoyulan qaydaların pozulmasına görə cəza tədbirlərinin daha da sərtləşdirilə biləcəyi vurğulandı.
Respublikanın baş infeksionisti Cəlal İsayev vətəndaşların verilən tövsiyələrə, məsləhətlərə və tələblərə başdansovdu yanaşması ilə bağlı fikirlərini bildirərkən demişdi ki, hamı sevinirdi ki, may ayında virusa yoluxanların sayında azalma müşahidə olunar və ayın sonuna yaxın da mərhələli şəkildə – hissə-hissə karantindən çıxarıq. Amma görünən odur ki, rejimə əməl edən çox az sayda adam var, əksəriyyəti tövsiyələrə məhəl qoymur. Həmin vaxt əhalinin bir hissəsinin işə çıxmasına icazə verilmişdi. İşə gedənlərlə yanaşı, SMS-lə icazə alıb evdən çıxanlar daha çox idi. Onlar 3 saat müddətində ictimai nəqliyyatdan istifadə edirdilər. Avtobusda isə maska taxmır, məsafə gözləmirdilər. Bütün bunlar birbaşa xəstələrin sayının artmasına səbəb oldu.
Sonra SMS-lə icazə qadağası, 65 yaş məhdudiyyəti aradan götürüldü. Restoranlar, kafelər müəyyən saatlarda fəaliyyət göstərməyə başladı. Parklara giriş qadağası ləğv edildi. Virusa yoluxmanın artması məhz vətəndaşların özlərini necə aparmasından asılı oldu. Maska taxılmasa, məsafə gözlənməsə, yoluxmaların artması ehtimalının böyüklüyü dəfələrlə deyildi. Çünki insan virusa harada yoluxa biləcəyindən xəbərsizdir. Bilməzlikdən də başqalarının yoluxmasına səbəb olar. Vətəndaşlar kassaların qabağında 2 metrlik məsafənin gözlənilməsi, satışla məşğul olan müəssisələrdə çalışan işçilərin birdəfəlik maska və əlcəklərlə təmin olunması, qablaşdırılmayan malların yalnız xüsusi gigiyenik vasitələrlə təchiz edilmiş işçi heyəti üzvləri tərəfindən təqdim edilməsi, təmizlik və dezinfeksiya üçün istifadə olunan vasitələrin mühafizəsi xüsusi nəzarətdə saxlanmalıdır.
Nazirlər Kabineti yanında operativ qərargahın iki gün öncəki məlumatında da bildirilir ki, ötən müddət ərzində yeni növ koronavirus (COVİD --19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzarət altına alınmışdır. Amma dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVİD-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda, bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir.
Bununla yanaşı, sanitar-epidemioloji vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək, çox düzgün olaraq ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək uzadıldı. Eyni zamanda, 31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verildi. Belə ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olundu. Ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti, nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla, bərpa edildi. Açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verildi. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət, ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla, saat 08:00-dan 22:00-dək həyata keçiriləcək. 
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bildirib ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında da tibbi maskadan istifadə tələblərinin pozulmasına görə təklif edilən dəyişiklik müzakirə olunub və layihə parlamentin plenar iclasına tövsiyə edilib. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilirlər. Bu xətanın təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
“Leyla” klinikasının şöbə müdiri Sahib Cəfərov deyir ki, cəza tətbiqi fikrini alqışlayıram: “Çünki deyilənlərə əməl etməyənlər çox olduğundan, bunun başqa yolu yoxdur. İnsanlar özləri bu xəstəliyin ciddiliyini və təhlükəli olduğunu anlamalı, küçəyə çıxarkən sosial məsafənin saxlanmasına riayət etməli, evə qayıdarkən şəxsi məsuliyyətini dərk edərək gigiyenik qaydalara əməl etməlidirlər. Hər gün planetimizdə on minlərlə yoluxma halları, minlərlə insanın vəfat etməsi də bizi ayıltmır. Əgər biz öz məsuliyyətimizi dərk etməsək, nə dövlət rəhbərinin, nə də operativ qərargahın verəcəyi qərarlar bizi ağır vəziyyətdən qurtara biləcək”.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli bildirir ki, pandemiya hər zaman onu yaşayan cəmiyyət və hər kəs üçün stressdir. İnsanların psixoloji durumu fərqli olduğundan, onların bu cür situasiyalara reaksiyası da müxtəlif olur: “Belə dövrlərdə insanlar, əsasən, iki psixoloji qrupa bölünür: virusdan qorxanlar və onun varlığını inkar edənlər. Həddindən artıq həssas, tez həyəcanlanmağa meyilli insanlar qorxuya düşürlər, onlarda belə dövrdə həddən artıq narahatlıq yaranır, həyəcanlanmaları kəskinləşir. Digər psixoloji qrupa aid insanlar isə pandemiyaya əks- reaksiya verənlərdir. Yəni, onlar düşünürlər ki, belə bir virus yoxdur, bunların hamısı boş söhbətlərdir. İkinci qrupa aid olanlar daha təhlükəlidirlər. Çünki onlar xəstəliyə inanmadıqları üçün təhlükəsizlik qaydalarına da riayət etmirlər – sosial məsafəni qorumur, maska taxmırlar və digər tövsiyələrə riayət etmirlər”.
Ötən həftə müsahibələrinin birində “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva da tibbi maskadan istifadə etməyən və koronavirus haqqında yanlış məlumatlar yayaraq insanlar arasında çaşqınlıq yaradanlarla bağlı lazımi qaydada ölçü götürülməsini təklif etmişdi: “Bir çox ölkələrdə tibbi maskadan istifadəyə görə cərimələr tətbiq edilir. Pandemiya başlayandan bu günə qədər ölkəmizdə bu məsələyə humanist yanaşılıb, belə cərimələr tətbiq edilməyib. Bu məsələ daha çox vətəndaşların sosial məsuliyyətinin öhdəsinə buraxılıb. Lakin insanlar bu məsələdə də sosial baxımdan məsuliyyətsizlik edib qaydalara riayət etmirlər. Qapalı məkanlarda koronavirusun yayılması daha sürətli olduğu üçün tibbi maskalardan istifadə olduqca zəruridir. Belə məkanlarda maskadan imtina etmək yalnız həmin insanın özü üçün deyil, ətrafdakı insanlar üçün də ciddi təhlükə yaradır”.
Dəfələrlə deyilməsinə, yazılmasına baxmayaraq, yenə xatırlatmaq yerinə düşər ki, virusa yoluxmamaq üçün qoyulan bütün qaydalara diqqət edilməlidir.
Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə operativ qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır. 

 

Zərifə BƏŞİRQIZI, 
 “Xalq qəzeti”

2 2020 10:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə