Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məcburi köçkünlər üçün yeni həyat başlayır

Məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir. Digər tərəfdən, özəl sektor artıq sosial məsuliyyət göstərərək belə gözəl imkanlar ya­radır. Nəzərə alsaq ki, ümumiyyətlə, Azərbaycanda 300 mindən çox məcburi köçkün bu günə qədər mənzillərlə, fərdi evlərlə təmin olunub və onlardan təqribən 20 mini bir şirkət tərəfindən görülmüş işlər nəticəsində evlərlə təmin edilir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Vaxtilə didərgin düşən, respublikamızın müxtəlif bölgələrinə səpələnən köckünlərimiz müxtəlif ünvanlarda, hətta çadırlarda məskunlaşmışdılar. İllər keçdikcə onların da həyatında dönüş yarandı. Çadır şəhərcikləri mərhələ-mərhələ, davamlı olaraq yeni-yeni abad şəhərciklərin tikilməsi ilə tarıxə köçdü. Yataqxanalarda məskunlaşanlar, darısqal, şəraitsiz evlərdə yaşayanlar, qohum evinə sığınanlar yeni mənzillərlə təmin olundular. Respublika Günündə məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışı da yataqxanada məskunlaşan bir qrup ailənin yeni mənzil intiza­rına son qoydu və onlara ikiqat bayram sevinci yaşatdı.

Hamımız bilirik ki, köçkünlər üçün salınan bu şəhərciklərin tikintisinin təşəbbüskarı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva olub. 2017-ci ildə məhz onun iştirakı ilə burada təməl daşı qoyulub. Kimsənin ağlına gəlməzdi ki, o vaxtkı boş ərazidə, demək olar ki, 3 il ərzində ardıcıllıqla gözəl bir şəhər yaradılacaq. Çünki məcburi köçkünlər üçün salınan bu yaşayış komplekslərinin yerində əvvəllər yaşamaq üçün heç bir sosial infrastruktur mövcud olmayıb. 2018-ci ildə bu ərazidə “Qobu Park – 1”, ötən il isə “Qobu Park – 2” yaşayış kompleksləri istifadəyə verilib. Birinci yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, ikinci yaşayış kompleksində isə 1300 ailəlik onmərtəbəli 13 bina inşa olunub. Bu komplekslərin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri, idman zalları və digər zəruri sosial infrastruktur obyektləri yaradılıb.

Açılışı edilən üçüncü böyük yaşayış kompleksi “Qobu Park – 3”-də onmərtəbəli 13 yaşayış binası inşa olunub. Bura 1336 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub, həmçinin 960 şagird yerlik məktəb və 280 yerlik uşaq bağçası fəaliyyət göstərəcək. Bütövlükdə, Qobu qəsəbəsində 3 layihədə toplam 3700-ə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcəkdir. Bu isə o deməkdir ki, bu qəsəbədə salınacaq komplekslərdə 20 minə yaxın insan yaşayacaq. Bütün bu binaların da kommunikasiyaları, təchizatı ən yüksək səviyyədə təşkil edilib. Su, qaz, elektrik enerjisi, daxili yollar, nəqliyyat məsələləri öz həllini tapıb. Eyni zamanda, tibb məntəqəsi, ticarət obyektləri, iş yerləri yaradılıb, çünki burada yaşayacaq vətəndaşlar işlə də təmin ediləcəklər.

Prezident İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirak etdiyi kompleksin açılışın­da dövlət başçısı qəsəbədəki bütün işlərin özəl sektor tərəfindən görüldüyünü xüsusilə vurğuladı. Bildirdi ki, dövlətin çağırışına qo­şulan özəl sektor bu önəmli sosial layihələrə də qoşuldu: “Burada, xüsusilə Paşa Holdinq şirkətinin fəaliyyətini qeyd etmək istəyirəm. Bu şirkət çoxşaxəli fəaliyyətlə məşğuldur. Bu şirkətin bütün dövrlərdə sosialyö­nümlü layihələri təqdirəlayiqdir. Onu da bildirməliyəm ki, heç bir reklam etmədən, necə deyərlər, özünü tərifləmədən bu işləri ardıcıl şəkildə görür. Bu gün koronavirus şəraitində Paşa Holdinq şirkəti və digər özəl şirkətlər ehtiyacı olan insanların yanındadır­lar. Bu böyük tikinti layihəsi bir daha onu göstərir ki, biznesin sosial məsuliyyəti artır. Şadam ki, bu təşəbbüsə digər özəl şirkətlər qoşuldu və bu yaxınlıqda digər şirkətlər tərəfindən iki bina tikilir. Ümid edirəm ki, bizim başqa şirkətlərimiz də bu işə qoşula­caqlar. Çünki Azərbaycanda bir çox böyük şirkətlər, holdinqlər var. Onlar Azərbaycanda pul qazanırlar, ölkəmizdə hökm sürən sabitlikdən, biznesə göstərilən dəstəkdən faydalanırlar. Əlbəttə ki, onların sosial məsuliyyəti də lazımi səviyyədə olmalıdır”.

Dövlət başçısı köçkünlərin problemlərinin həllinin Prezident kimi onun ən başlıca vəzifələrindən biri olduğunu qeyd etdi və bildirdi ki, onların problemləri ardıcıl şəkildə öz həllini tapır: “Bildiyiniz kimi, hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində mənim proqramımın tərkib hissəsi məhz bu məsələ idi. Söz vermişdim ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq və nəinki 5 il, 4 il ərzində biz buna nail olduq. Çox böyük uğur idi. Çünki ölkəmizin demək olar ki, bütün yerlərində çadır şəhərcikləri var idi, köçkünlər çox yararsız vəziyyətdə yaşayır­dılar, eyni zamanda, uzun illər vaqonlarda, vaqonların altında, çadırlarda yaşayırdılar. Çadır şəhərciklərinin ləğv olunması, hesab edirəm ki, bizim çox böyük uğurumuzdur və indiyədək 100-dən çox qəsəbə-şəhərcik salınıb”.

Qeyd edək ki, son bir neçə il ərzində dünyada iqtisadi və maliyyə böhranı hökm sürdüyünə, neftin qiymətinin bir neçə dəfə kəskin düşməsinə baxmayaraq, məcburi köçkünlərlə bağlı olan heç bir layihədə yubanma yoxdur, hər hansı proqram ixtisar edilməyib. Keçən il məcburi köçkünlər üçün rekord sayda – 5 minə yaxın ev – mənzil tikildi. Bu il isə 7 – 8 min məcburi köç­kün ailəsinin ev və fərdi mənzillərlə təmin edilməsi nəzərdə tutulub. Dövlət başçısı bildirdi ki, əgər biz buna nail olsaq, bir il ərzində həm Bakı və Sumqayıtda, həm də digər şəhərlərdə, təqribən, 40 minə yaxın insan yeni evlərə köçürüləcək.

“Qobu Park – 3” yaşayış kompleksində inşa olunan mənzillərlə tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, kompleksdəki 1336 mənzilin 156-sı bir, 580-i iki, 384-ü üç, 216-sı dördotaqlıdır. Bütün mənzillər mətbəx mebeli, soyuducu, fərdi kombi sistemi ilə təchiz edilib. Bu kompleksə, əsasən, Yasamal rayonundakı yataqxana­larda məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub. Qeyd edək ki, “Qobu Park-3” yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. Kompleksin ərazisində istehsalat sahələri, ticarət obyektləri və digər zəruri infrastruktur yaradılıb. Ərazidə sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət parkı salınıb, uşaq əyləncə meydan­çaları quraşdırılıb, geniş yaşıllıq və işıqlan­dırma işləri görülüb. Burada həm də 3 idman meydançası və 360 yerlik açıq avtomobil dayanacağı sakinlərin ixtiyarına veriləcək.

Eyni zamanda, burada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin layihəsi olan “Xarı bülbül” xalçaçılıq və naxış emalatxanası fəaliyyətə başlayacaq. İlk dəfə həyata keçirilən bu layihənin məqsədi məcburi köçkünlərin məşğulluğunun artırılması, sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Burada həm xalça toxumağın sirləri öyrədiləcək, həm də istehsal prosesi təmin ediləcək. Layihəyə il ərzində “Qobu Park – 1”, “Qobu Park – 2” və “Qobu Park – 3” yaşayış komplekslərində, həmçinin Qaradağ rayonu ərazisində yaşayan 70 məcburi köçkün cəlb ediləcək. Toxuculuğun sirlərinə daha dərindən yiyələnənlər emalatxanalar­da müəllim kimi çalışacaq, digərləri isə evlərində dəzgahlarla təmin olunacaqlar. On­lar hədiyyəlik xalçalar toxuyacaqlar. Layihə çərçivəsində xalçaların satışı da təmin ediləcək. Emalatxanada Qarabağın maddi-mədəni irsinə aid zərgərlik nümunələrinin hazırlanması da planlaşdırılır. Məhsullar yerli bazarla yanaşı, məcburi köçkünlərin əl işləri kimi xarici bazara da çıxarılacaq. Burada uşaqlar üçün ustad dərslərinin, rəsm dərnəyinin və xarici dil kurslarının təşkili də nəzərdə tutulur.

Bundan başqa, kompleksdə iki biznes layihəsi reallaşdırılıb. Kiçik və Orta Biz­nesin İnkişafı Agentliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılan layihələr məcburi köçkünlərin məşğulluğunun biznes-layihələr vasitəsilə təmin olunması məqsədini daşıyır. İlk dəfədir ki, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazidə istehsal müəssisələri qurulub. Yumşaq, plastik oyuncaqlar və tekstil məhsullarının istehsal olunacağı müəssisədə 40-dan çox iş yerinin yaradılması nəzərdə tutulur. Sterilizə olunmuş tibbi ləvazimatların istehsalı müəssisəsində isə tibbi heyət üçün üst geyimləri və kombinezonlar istehsal ediləcək. Burada 25 nəfər işlə təmin olunacaq. Müəssisələrdə çalışacaq işçi heyətin 80 faizi “Qobu Park – 3”-ün sakinləri olacaq.

Dövlətin diqqət və qayğısı ilə ildən-ilə məcburi köçkünlərin sosial təminatı da yaxşılaşır. Keçən il köçkünlərə verilən müavinətin həcmi 50 faiz artdı. Hər bir məcburi köçkün uzun illər ərzində dövlət tərəfindən aylıq müavinətlə təmin edilir. Əlbəttə, indi dünyada məcburi köçkünlər olan ölkələrin sayı çoxalır. Çünki müharibələr, toqquşmalar geniş vüsət alır, yeni köçkün şəhərcikləri salınır. Ancaq onu xüsusilə demək lazımdır ki, Azərbaycanda bu sahəyə göstərilən diqqət nümunəvi xarakter daşıyır. Bunu tək biz demirik. Məcburi köçkünlərə göstərilən diqqət, qayğı, onların rahat yaşaması, fəaliyyət göstərməsi üçün yaradılan şəraitin təqdirəlayiq ol­masını beynəlxalq təşkilatlar dəfələrlə təsdiqləyiblər. Ölkəmizdə sosial sahədə aparılan bütün islahatlara, qəbul edilən proqramlara, reallaşdırılan layihələrə görə Azərbaycan qabaqcıl yerdədir.

Prezident çıxışında köçkünlərin doğma yurdlarının mütləq dönəcəklərinə də toxun­du: “Bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaq­larda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq. Ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş milli irsimiz sənədləşdirilib. Biz öz tarixi keçmişi­mizi yaxşı bilirik və yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğal olunmuş torpaqlar azad ediləndən sonra bü­tün binalar yenidən qurulacaq, o cümlədən, dağılmış tarixi abidələrin mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin görülməsi də nəzərdə tutulur”.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

2 2020 03:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə