Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması bundan sonra da davam etdiriləcək

Məcburi köçkünlərin sosial problemlərinin həlli Azərbaycan hökuməti üçün prioritet məsələlərdən biridir. Ötən müddətdə 100-dən çox məcburi köçkün şəhərciyinin salınması da bunun bariz ifadəsidir. Qeyd edim ki, bununla bağ­lı dövlətimizin başçısı tərəfindən, ümumilikdə, 2004-2019-cu illər ərzində 75 fərman və sərəncam imzalanıb, Dövlət Proqramı təsdiqlənib. Həyata keçirilən tədbirlər nəticəsində indiyədək 315 min məcburi köçkünün, yəni, 62 min 494 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Azərbaycanın birinci xanı­mı Mehriban Əliyeva da qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin həllinə olduqca həssaslıqla yanaşıb, bu qəbildən olan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, sosial rifahının daha da yüksəldilməsi məsələsinə xüsusi qayğı göstərib.

Onu da xatırladım ki, 1993-2019-cu illərdə məcburi köçkünlərin sosial problemlərinin həlli üçün 8 milyard manata yaxın vəsait ayrılıb. Bu məbləğin 3,5 milyard manatdan çoxu dövlət büdcəsinin payına düşüb, 2,5 milyard manat vəsait Dövlət Neft Fondu tərəfindən ayrılıb. Eyni zamanda, bu məsələ üçün digər humanitar qurumlar tərəfindən, təxminən, 1,4 milyard manatlıq vəsait yönəldilib. Həmin məbləğ, eləcə də məcburi köçkünlərin digər sosial problemlərinin uğurla aradan qaldı­rılması onu göstərir ki, bu kateqoriyadan olan insanlara qayğı və həssas münasibət Azərbaycan hökumətinin daim diqqət mərkəzindədir.

Ümumiyyətlə, məcburi köçkünlərin sosial təminatının gücləndirilməsi, eləcə də mənzil şəraitinin yaxşılaşdırılması ölkəmizin başçısının rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas hədəflərindən biri­dir. Azərbaycan Prezidenti tərəfindən bu məsələyə xüsusi önəm verilməsi də deyilən fikrin bariz ifadəsidir. Bakının Qaradağ rayo­nunda məcburi köçkünlər üçün “Qobu Park-3” yaşayış kompleksinin açılışında da bunun bir daha şahidi olduq.

Adı çəkilən yaşayış kompleksi, həm də ondan xəbər verir ki, məcburi köçkünlərin mənzil probleminin həlli istiqamətində tədbirlər davam etdiriləcək. Bununla bağ­lı siyasi iradə var. Pandemiyanın hökm sürməsinə və dünya bazarında neftin qiymətinin aşağı olmasına baxmaya­raq, bu istiqamətdə ayrılan vəsaitin ar­tırılması bir daha təsdiqləyir ki, həssas dönəmlərdə də məcburi köçkünlərin mənzil və sosial problemlərinin yaxşılaşdırılması hökumət üçün prioritet olaraq qalmaqdadır. Azərbaycan hökuməti növbəti dövrlərdə də məcburi köçkünlərin daha yaxından dəstəklənməsini həyata keçirəcək və bu siyasət davam etdiriləcək.

Yeri gəlmişkən, burada bir məqamı da vurğulamaq istərdim. Azərbaycan Or­dusunun maddi-texniki bazası ildən-ilə güclənir. Ölkəmiz regionda ən güclü ordu­ya malikdir. Aprel hadisələri də göstərdi ki, vətəndaşlarımızın vətənpərvərlik hissləri çox güclüdür. Bu baxımdan, məcburi köçkünlər üçün digər şəhər və rayonlarda mənzil təminatının yaxşılaşdırılması ilə bağlı layihələrin və proqramların həyata keçirilməsi fonunda onlar öz doğma torpaqlarına qayıt­maqda israrlıdırlar. İnanırıq ki, ölkə başçısının rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik və məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaqlar.

Vüqar BAYRAMOV, Milli Məclisin deputatı

2 2020 02:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə