Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Minnətdarlıq məktubları günün reallıqlarının əks-sədasıdır

Yaxud “sükan etibarlı əllərdə” olanda

Bəzən şairlər və ya ədiblər ölkəni nəhəng bir gəmiyə, dövlət başçısını isə kapitana bənzədirlər. “Sükan etibarlı əllərdədir” – ifadəsi də, məhz həmin bənzətmələrin nəticəsi olaraq yaranmışdır. Həmin deyim Azərbaycanın ötən əsrin son onilliyində bərpa etdiyi dövlət müstəqilliyinin ilk illəri istisna olmaqla, ölkəmizdə daim gündəmdə olub. Dövlətmizin beynəlxalq aləmə inteqrasiyasının təmin edildiyi illərdə, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyi dönəmdə, Aprel döyüşləri günlərində, Bakının NATO– Rusiya və ABŞ–Rusiya yüksək səviyyəli hərbçilərinin görüş məkanı kimi seçildiyi zamanlarda, cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatların daha da dərinləşməsi prosesində, ümumiyyətlə, istənilən yaddaqalan, əlamətdar hadisələrin qeydə alındığı zaman xalqın səsini eşidirik: “Sükan etibarlı əllərdədir”.

Bu ilin əvvəlindən etibarən isə ölkə vətəndaşlarının hamı­sı dövlət başçısına ünvanladığı məktublarda koronavirus pandemi­yasına qarşı aparılan mübarizənin əhəmiyyətliliyinə, qabaqlayıcı tədbirlərin səmərəliliyinə, əhalinin sosial vəziyyətinin dayanıqlılığının təmin edildiyinə görə minnətdarlıq ifadə edir. Maraqlıdır ki, həmin məktublarda da sükanın etibarlı əllərdə olduğu dönə-dönə xatırladılır.

Məsələn, dövlət başçımı­zın ünvanına Qubadan, Səmral Əhmədxanovdan gələn məktubda deyilir: “Bəşəriyyətin bəlasına çevrilən COVID-19 infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması üçün Sizin rəhbərliyinizlə respublikamızda görülən qabaqlayıcı tədbirləri, zəruri profilaktik işləri dəstəkləyirik. Biz gənclər Sizin sevginizi, qayğınızı hər zaman üzərimizdə hiss edirik. Mən bir gənc olaraq inanıram ki, ölkəmiz Sizin sayənizdə bu bəlaya qalib gələcək və yeni inkişaf yolu­na qədəm qoyacaqdır. Hər zaman olduğu kimi, bu çətin günlərdə də biz Sizinlə həmrəyik və istənilən çağırışınıza qoşulmağa hazırıq. Azərbaycanın gələcəyi üçün birgə addımlamaq hər birimizin borcudur. Allah hər bir işinizdə Sizə kömək ol­sun! Biz məmnunuq ki, sükan etibarlı əllərdədir.”

Füzuli rayonunun Böyük Bəhmənli kəndində yaşayan Vəfa İbrahimov dövlət başçımı­zın rəhbərliyi ilə bütün çətinliklərin öhdəsindən gələcəyimizə inanır:

“Mən bir vətəndaş olaraq Si­zin daim xalqa göstərdiyiniz qayğı və dəstəyə görə minnətdarlığımı bildirirəm. Bütün dünyanı sarsıdan qorxunc, gözəgörünməz koronavi­rus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısı Sizin qabaq­layıcı tədbirləriniz sayəsində, xalqa olan maddi və mənəvi dəstəyinizlə alınıb. Çıxışlarınız, tövsiyələriniz və göstərişləriniz bizdə ruh yüksəkliyi yaratdı. Buna görə də Sizə təşəkkürümü bildirirəm!”

Bakı sakini Əziz Hüseynov yazır ki, hələ də, peyvəndi və ya dərmanı tapılmayan COVID-19 virusu bütün dünyanı çətin duruma salıb. Pay­taxt sakininin fikrincə, Azərbaycanın nisbətən sabit ölkələr arasında olması hamını nikbin düşünməyə sövq edir: “Sizin dəstəyiniz və təşəbbüsləriniz, qabaqlayıcı tədbirləriniz nəticəsində bu bəlaya qarşı mübarizəmizi uğurla davam etdiririk.

Hörmətli cənab Prezident, mən də hazırkı dövrdə işləmək imkanı ol­mayan bir şəxs kimi Sizin aztəminatlı ailələr üçün ayırdığınız 190 manat vəsaiti və Heydər Əliyev Fondunun ərzaq yardımını almışam. Bu yardım­lar olmasaydı, ailəmi, iki uşağımı dolandırmaqda çətinlik çəkərdim. Allah ömrünüzü uzun etsin!”

İsmayıllı rayonu, Aşağıbaş kəndinin sakini Pərvin Hüseynov da o qənaətdədir ki, Azərbaycan dövlətinin inkişafında, ölkəmizin çiçəklənməsində cənab Prezidentin rolu əvəzedilməzdir. Çünki xalqımızın rifahı, ölkəmizin inkişafı daim onun diqqət mərkəzində olub: “Siz hər zamankı kimi, bu çətin günlərdə də xalqın yanında oldunuz. Aztəminatlı ailələrə ayırdığınız 190 manat məbləğində birdəfəlik ödəmə Sizin qayğınızın göstəricisidir. Ailəmiz də bu qayğıdan bəhrələndiyinə görə Sizə təşəkkür edirik!”

Qazax rayonunun Yuxarı Sa­lahlı kəndinin sakini Afaq Vəliyeva dövlət başçımıza xitabən yazır ki, biz Sizin yürütdüyünüz siyasəti ürəkdən bəyənir və dəstəkləyirik: “Dünyanı çənginə alan koronavi­rus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün bir çox tədbirlər gördünüz. Bu tədbirlərin sayəsində qorxulu xəstəlikdən itkilərimiz başqa ölkələrlə müqayisədə daha azdır.

Uzaqgörən siyasətinizə, aztəminatlı ailələrə edilən yardımlara görə Sizə minnətdarlığımızı bildirir, “Çox sağ olun!” deyirik!”

Bakı şəhərinin Binəqədi rayonunda yaşayan Osman Əhmədzadə öz məktubuna dövlət başçımızın məşhur ifadələrindən biri ilə başlayır: “Sizin “Mən həmişə xalqın dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir” – sözləriniz xalqa nə dərəcədə bağlı olduğunuzu göstərir. Xalq da Sizdən dəstək görür, cənab Prezi­dent! Bütün dünyada koronavirus pandemiyasının yayıldığı bir vaxtda Sizin bizə mənəvi və maddi dəstək göstərməyiniz xalqımıza qayğınızın və diqqətinizin bariz nümunəsidir. Buna görə Sizə minnətdarıq!”

Sumqayıt sakini Günay İs­rafilova isə əmindir ki, Prezident İlham Əliyev xalqının dəyərini, ölkəsinin qiymətini bilən və layiqincə dəyərləndirən bir liderdir: “ Koro­navirus pandemiyasının qarşısının alınması ilə bağlı keçirilən tədbirlər çərçivəsində məktəblər bağlandı və biz dərslərdə iştirak edə bilmədik. Amma biz dərslərdən geri qalma­dıq. Sizin sayənizdə onlayn dərslər və “Virtual məktəb” layihəsi həyata keçirildi. Siz xalqımızı daim düşü­nürsünüz. Pandemiyanın qarşısının alınması üçün bütün tədbirləri görür­sünüz. Mehriban xanım da Sizinlə birlikdə bizim qayğımıza qalır.

Bu gün doğma Azərbaycanımız dünyaya Günəş kimi işıq saçır. Doğma yurdumuz Sizin sayənizdə gündən-günə inkişaf edir”.

Dünyanı çənginə almış korona­virus pandemiyasından Azərbaycan xalqını uzaqgörən siyasəti və müdrikliyi sayəsində qoruduğuna görə Prezidentə minnətdarlıq edən ağsaqqal – Astara rayonu, Siyaku kəndinin sakini, pensiyaçı Mikayıl Nəhmətov yazır: “Siz Vətənin mənafeyini, xalqın sağlamlığını əsas tutdunuz, bizi bu bəladan qorudunuz. Sizin sayənizdə dünya ölkəmizin gücünün, qüvvəsinin bir daha şa­hidi oldu. İnşallah, tezliklə bu qara buludlar Odlar yurdunun üzərindən tamamilə çəkilib gedər.

Cənab Prezident, Siz Azərbaycan xalqının rahat və firavan yaşama­sı üçün əlinizdən gələni edirsiniz. Azərbaycanın hər yerində müasir infrastruktur obyektləri inşa edil­mişdir. Hər zaman bizim qayğımıza qaldığınıza görə Sizə və ailənizə təşəkkürümü bildirir, möhkəm can­sağlığı arzulayıram!”

Beləliklə, xalq öz liderinə inanır, güvənir və onu daim dəstəkləyir. Çünki həmin lider sükanı məhz xalqın istədiyi səviyyədə saxlayır və ölkənin inkişaf istiqamətlərini milli maraqlara uyğun şəkildə müəyyən edir.

Hazırladı: İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

2 2020 02:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə