Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sizinlə qürur duyur, daxili və xarici siyasətinizi dəstəkləyirik!

Məlum olduğu kimi, Prezident İlham Əliyev mayın 9-da Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılı­şında Azərbaycan Televiziyasına verdi­yi müsahibədə ölkə həyatının müxtəlif sahələrinə dair bir sıra mətləblərə aydınlıq gətirdi. Dövlət başçısı Azərbaycanda koro­navirus pandemiyasının qarşısının alınması istiqamətində görülən işlərlə bağlı sualı cavablandırarkən fəxrlə bildirdi ki, qabaqla­yıcı, məhdudlaşdırıcı tədbirlər nəticəsində biz pandemiyanın geniş vüsət almasının qarşısını almağa nail olduq. Təsadüfi de­yil ki, Ümumdünya Səhiyyə Təşkilatı bi­zim bu sahədə gördüyümüz işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır.

Pandemiyaya qarşı mübarizə ilə bağlı respublikada görülən səmərəli tədbirlərdən ətraflı bəhs etdikdən sonra Prezident İlham Əliyev Azərbaycanın son dövrdə bir sıra xarici ölkələrə göstərdiyi yardımlardan və dost köməyindən də bəhs etdi. Bildirdi ki, Azərbaycan təkcə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım edib. Dar gündə kimin imkanı varsa kömək etməlidir: həyatda da, siyasətdə də. Bu, bizim, necə deyərlər, adət-ənənələrimizə də uyğundur: “Bu günə qədər biz 13 ölkəyə yardım göstərmişik və bu haqda ancaq son vaxtlar danışmağa başlamışıq. Biz təyyarələrlə yardımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu reklam etməmişik. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib. Biz bilirik, o ölkələrin maliyyə vəziyyəti imkan vermir ki, onlar lazımi tədbirləri gör­sün. Əminəm ki, bu yardım bir çox insanın həyatını xilas etdi. Əsas məsələ budur. Beləliklə, 13 ölkəyə artıq yardım göstərilib, o cümlədən, üç beynəlxalq təşkilata yar­dım göstərilibdir. Bu, bir daha bizim məsuliyyətimizi göstərir”.

Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, biz məsuliyyətli ölkəyik, biz özümüzə hörmət edirik, öz ləyaqətimizi qoruyuruq, tərəfdaşlara da hörmət edirik. Yardım edəndə bunu elə formada edirik ki, bu, yardımı alan üçün də məqbul olsun və öz işimizi bu istiqamətdə davam etdirəcəyik.

Azərbaycan Prezidentinə ünvanlanmış çoxsaylı minnətdarlıq məktublarında da bu fikirlər öz əksini tapır.

Dövlətimizin sükanı etibarlı əllərdədir

Çox hörmətli cənab Prezi­dent!

Bu məktubu yazmaqda məqsədim odur ki, gündən-günə inkişaf edən müstəqil Azərbaycan Respublikası­nın dövlət başçısına – Sizə təşəkkürümü bildirim. Mən bunu özümə bir vətəndaşlıq borcu he­sab edirəm. Həm ölkəmiz inkişaf edir, həm də insanları narahat edən məsələlər öz həllini tapır.

Həmçinin bildirmək istəyirəm ki, Sizin COVID-19 pandemiyası dövründə söylədiyiniz “Biz birlikdə güclüyük!” çağırışınız hər bir vətəndaş kimi, məndə də qürur hissi yaşatdı və ruhlandırdı. Sizin və Birinci vitse-prezident Meh­riban xanım Əliyevanın köməyi sayəsində biz bu pandemiyadan qalib çıxacağıq. Vaxtında atılmış addımlar, gördüyünüz opera­tiv işlər, qəbul etdiyiniz düzgün qərarlar xalqımızı bu epidemiya­dan az itkilərlə çıxarmağa zəmin yaradır. Siz öz əməli fəaliyyətinizlə hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu sübut etdiniz. Bütün bunlar onu göstərir ki, dövlətimizin sükanı etibarlı əllərdədir.

Əziz Prezidentimiz, xalqa göstərdiyiniz diqqət və qayğı­ya görə Sizə bir daha təşəkkür edir, uzun ömür, cansağlığı arzulayıram. Uca Tanrının nəzəri üzərinizdən əskik olmasın!

Hörmətlə,

Elnur HÜSEYNZADƏ,

Bakı şəhəri

Fəxr edirəm ki, azərbaycanlıyam!

Çox hörmətli cənab Prezident!

Mən Türkiyədə oxuyan tələbəyəm. Sizinlə fəxr edirəm. Sizin xalqımız, dövlətimiz yolunda çəkdiyiniz zəhməti görürəm və yüksək qiymətləndirirəm. Korona­virusa qarşı gördüyünüz qabaqla­yıcı tədbirlər sayəsində ölkəmizdə ölüm halları çox aşağıdır. Tikdir­diyiniz xəstəxanalarla insanların sağlamlığına önəm verdiyinizi bir daha sübut edirsiniz. Fəxr edirəm ki, azərbaycanlıyam!

Virusla əlaqədar biz tələbələrin ölkəmizə qayıtması üçün təşkil edilən çarter reysinə görə çox sağ olun. Nə yaxşı ki, varsınız və hər zaman var olun!

Hörmətlə,

Sevcan QARAYEVA,

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi

Yolunuz daim açıq olsun!

Hörmətli cənab Prezident!

Hazırda bütün dünyada yayıl­mış koronavirus pandemiyasının Azərbaycanda qarşısının alınması üçün Sizin rəhbərliyinizlə görülən işləri alqışlayırıq. Görülən işlərə, Azərbaycan xalqının qayğısına qaldığınıza, xüsusi rejimli karantin dövründə yaratdığınız şəraitə, vətəndaşların sağlamlığını qoru­duğunuza, aztəminatlı insanlara birdəfəlik ödənişlərin verilməsinə görə Sizə minnətdarlığımızı bildi­ririk.

Bu böyük diqqət bizə – Azərbaycan Respublikasının vətəndaşlarına verdiyiniz qiymətin göstəricisidir.

Cənab Prezident, Sizə uzun ömür, cansağlığı arzulayıram. Allah Azərbaycanın işıqlı sabahı naminə fəaliyyətinizdə Sizə güc-qüvvət versin, yolunuz daim açıq olsun.

Hörmətlə,

Rahim TEYMUROV,

Biləsuvar rayonu, Zəhmətabad kəndi.

Allah Sizi Azərbaycanımıza çox görməsin!

Möhtərəm cənab Prezident!

Bu məktubu yazmaqla Sizə nə qədər çox təşəkkür etsəm, azdır. Çox sağ olun ki, bu millətin, bu xalqın və bu dövlətin qayğısını çəkməyi özünüzün ən başlıca məqsədiniz hesab edirsiniz. Siz bunu bizə bu son hadisələrdə daha aydın şəkildə göstərdiniz. Vətəndaşların ağır və qayğıya ehtiyac duyduğu bir anda Siz və Mehriban xanım həm maddi, həm mənəvi baxımdan bizim yanımız­da oldunuz. Digər Azərbaycan vətəndaşı kimi, mən də fəxr edirəm ki, Sizin kimi Prezidentim var. Hər zaman öz vətəndaşının yanında olan, onun arxasında du­ran və qayğısını çəkən Preziden­timizin olmasını hiss etdirdiyiniz üçün Sizə şəxsən öz və ailəmin adından "Çox sağ olun!" deyirəm.

Cənab Prezident, biz hər zaman Sizi, apardığınız daxili və xarici siyasəti dəstəkləyirik. Müasir müstəqil Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyevin və onun uzaqgörən siyasətinin ən layiqli davamçısı olduğunuzu bilirik. Övladlarımızı da bu ruhda böyütməyə çalışırıq.

Qoy, bu dövlətin və bu xalqın daxili və xarici düşmənləri bilsinlər və dərk etsinlər ki, mənim Prezi­dentim tək deyil, bütün xalqı onun­ladır. Allah Sizi Azərbaycanımıza çox görməsin!

Hörmətlə,

Arzu İMANOV,

Samux rayonu

Sizə minnətdarıq

Əziz Prezidentimiz!

Mən pensiyaçıyam. İlk növbədə, mübarək Ramazan bayramı və Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ulu Tanrı Sizə və xalqımı­za hər zaman bol ruzi-bərəkət və müstəqil ölkəmizdə firavan həyat sürməyi nəsib etsin!

Dünyanı çənginə almış koronavirus pandemiyasından Azərbaycan xalqını uzaqgörən siyasətiniz və müdrikliyiniz sayəsində qoruduğunuza görə Sizə minətdarıq. Siz Vətənin mənafeyini, xalqın sağlamlığını əsas tutdunuz, bizi bu bəladan qorudunuz. Sizin sayənizdə dünya ölkəmizin nəyə qadir olduğunun bir daha şahidi oldu. İnşallah, tezliklə bu qara buludlar odlar yur­dunun üzərindən tamamilə çəkilib gedər.

Cənab Prezident, Siz Azərbaycan xalqının rahat və firavan yaşaması üçün əlinizdən gələni edirsiniz. Azərbaycanın hər yerində müasir infrastruktur obyektləri inşa edilmişdir. Hər zaman bizim qayğımıza qaldığını­za görə Sizə təşəkkürümü bildirir, möhkəm cansağlığı arzulayıram!

Hörmətlə,

Mikayıl NƏHMƏTOV,

Astara rayonu, Siyaku kəndi

Sizinlə qürur duyuruq!

Cənab Prezident!

Həmişə olduğu kimi, bu çətin günlərdə də xalqın ya­nında olduğunuza, qayğı göstərdiyinizə görə öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Yaranmış çətin vəziyyətdə həmişəki kimi düzgün qərarlar qəbul etməyiniz, yeni səhiyyə ocaqlarının, tibbi maska və ləvazimatlar istehsal edən müəssisələrin açılması təqdirəlayiqdir. Bunlar Sizin daim vətəndaşları düşünməyinizin daha bir sübutudur. Biz Sizinlə qürur duyuruq, Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik.

Bu il imzaladığınız sərəncamla aralarında mənim də olduğum 176 məhkumu COVID-19 virusundan qorumaq məqsədilə əfv etməyiniz yüzlərlə ailəyə sevinc bəxş etməklə yanaşı, Sizə bir daha ölkə əhalisinin rəğbətini qazandırdı. Buna görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm!

Hörmətlə,

Qəhrəman NAMAZOV, texnika üzrə fəlsəfə doktoru,

Gəncə şəhəri

Təqdim etdi: Qüdrət PİRİYEV, “Xalq qəzeti”

2 2020 02:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə