Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycana münasibətdə onların ədalət tərəzisinin “gözü kordur”

Müsahibimiz Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini, professor Jalə Əliyevadır

– Jalə xanım, məlum olduğu kimi, Avropa İnsan Hüquqları Məhkəməsi bu il mayın 26-da keçirdiyi iclasında “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” adlı qərar qəbul edib. Həmin qərar 2004-cü ildə Macarıstanda Azərbaycan zabiti Ramil Səfərovla bağlı məlum olayla əlaqəlidir. Bu qərara münasibətinizi bilmək istərdik.
– Əvvəla, qeyd edim ki, bu qərarın Azərbaycan üçün ciddi hüquqi anlam və əhəmiyyət daşımadığı qənaətindəyəm. Bu qərar heç bir hüquqi məsuliyyət yaratmır və yarada da bilməz. Həm də, əslində, heç də gerçəklikləri, reallıqları əks etdirmir. Gerçəklik və reallıqlar da odur ki, Qarabağ od-alovunu canında, ruhunda yaşamış, çiyinlərində daşımış, hələ uşaq, yeniyetmə yaşlarında olarkən erməni qəddarlıqlarını görmüş, dogma ata-baba yurdundan zorla didərgin salınmış Azərbaycan gəncinin, Azərbaycan zabitinin nələr yaşadığından, daxilində hansı fırtınalar qopduğundan Avropa Məhkəməsindəkilər məlumatsız ola bilərlər. Ancaq bunu yaşayanlar çox yaxşı bilir və olduğu kimi də qiymətləndirirlər. Əslində, Avropa Məhkəməsi, onun arxasında dayanan dairələr bu məkanda, bu coğrafiyada, eləcə də dünyamızda, həqiqətən, əsl haqq-ədalət carçıları, təəssübkeşləridirlərsə, son 32 ildə Azərbaycan xalqının, Azərbaycan türklərinin – indiki Ermənistan adlanan dövlətdə, həm də Azərbaycanımızın özündə – başına gələn və gətirilən erməni vandalizminə, barbarlığna, ermənilərin insanlıq, bəşər əleyhinə olan cinayətkar əməllərinə qiymət verməli idilər. Ən azı, Xocalı soyqırımına, sivil dünyanın gözləri önündə törədilmiş bu dəhşətli qətliama ədalətli qiymət versələr, onu soyqırımı aktı kimi tanısalar, hərbi canilər olan Sarkisyanları, Koçaryanları, Ohanyanları və digər əli qanlı “yan” ları məhşər ayağına çəksəydilər, nəticədə, 2004-ci ildə də məlum hadisə yaşanmazdı... Amma, təəssüf ki, bunlar olmadı, edilmədi və... ona görə də Avropa Məhkəməsinin ədalətdən danışmağa haqqı yoxdur və bu qurumun Ramil Səfərovla bağlı hər hansı qərarı da bizim üçün Qarabağ uğrunda haqlı savaşımızda heç bir anlam kəsb edə, heç bir əngəl, maneə ola, bizi yolumuzdan döndərə bilməz.
Bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında da vurğulandığı kimi, bütün bəlaların kökündə Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti və bu siyasətin hələ də öz həllini tapmamış nəticələri durur. Bu baxımdan da, iki xalq arasındakı düşmənçiliyə son verilməsinin yeganə yolu münaqişənin nəticələrinin aradan qaldırılması, yəni Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərindən işğalçı qüvvələrin çıxarılması və bu ərazilərdən didərgin salınmış yüz minlərlə soydaşımızın fundamental hüquqlarının təmin edilməsidir. Kaş ki, Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı həyata keçirtdiyi təcavüz siyasətini və Ramil Səfərovun məhz bu təcavüz siyasətinin qurbanına çevrilən bir milyondan artıq məcburi köçkündən biri olduğunu da qeyd edəydi... Amma, təəssüf ki, Azərbaycana münasibətdə onların ədalət tərəzisinin gözü hələ də kor olaraq qalır. Həm də Avropa hələ də ikili standart mərəzindən əl çəkə bilmir.
– Burada hiddət doğuran məqamlardan biri də xaricdə və ölkəmizin daxilində yaşayan bəzi dönüklərin, xəyanətkarların yenidən fəallaşması, Azərbaycan dövlətinin, iqtidarın, bütövlükdə, xalqımızın üzərinə gəlməsidir. Bunun səbəbini nədə görürsünüz?
– Onların niyə belə etdiyi, elə bilirəm ki, hər kəsə yaxşı məlumdur. Xəyanətkarlar üçün heç bir dəyər, heç bir ülvi hiss, Vətən, dövlət, xalq təəssübkeşliyi deyilən anlam yoxdur. Belə ünsürləri yalnız öz çirkin və cılız şəxsi maraqları düşündürür. Onlar qulluqlarında dayandıqları, alətlərinə çevrildikləri dairələrin əmr qullarıdır və aldıqları tapşırıqlara uyğun da hərəkət edirlər. Biz zaman-zaman bunun şahidi olmuşuq. Həmin anti-Azərbaycan dairələrin kimliyi hər kəsə bəllidir – ermənipərəst mərkəzlər… Ancaq bilsinlər və unutmasınlar ki, nə qədər cəhd etsələr də, heç nəyə nail ola bilməyəcəklər. Hər zaman olduğu kimi, bundan sonra da məğlubiyyətə məhkum olacaqlar və daim nifrətlə qarşılanacaqlar. Azərbaycan xalqı və dövləti nə xəyanətkarlara , nə də anti-Azərbaycan dairələrə məğlub olacaq, əksinə, həm bu cəbhədə, həm də hərb meydanında qələbə, zəfər qazanacaqdır. Ramil Səfərova gəlincə, o, bu xalqın dəyərli oğullarındandır. 2004-cü ildən bu yana Azərbaycan xalqı və dövləti öz oğlunu necə qoruyubsa, ona necə sahiblənibsə, bundan sonra da elə o şəkildə qoruyacaq, o şəkildə də sahiblənəcəkdir. Belə mərd, igid və qəhrəman oğullarımız hər bir soydaşımız üçün örnəkdir, əziz və unudulmazıdr.

 

Müsahibəni qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

2 2020 00:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə