Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salyandakı mərkəzi kitabxanada 250 ildən çox yaşı olan iki "Qurani-Kərim" kitabı saxlanılır

Qafqaz müsəlmanlarının III Şeyxülislamı Şeyx Əhməd Salyanıya məxsus 250 ildən artıq yaşı olan iki "Qurani-Kərim" kitabı 3 il bundan əvvəl şəhərdəki mərkəzi kitabxanaya hədiyyə edilib.

Kitablar kitabxananın xüsusi şöbəsində saxlanılır.

Nizami Gəncəvi adına Salyan Şəhər Mərkəzi Kitabxanasında bir neçə ildir “Kitab abidələr”i mövcuddur ki, həmin kitablar dövlət reystr xidmətində qeydiyyatdan keçərək xüsusi şöbədə saxlanılır. Kitabxananın mübadilə şöbəsində qorunan 114 adda “Kitab abidələr”in bir əsrdən çox yaşı var ki, bunlardan 69-u lüğət tərkibli, 15-i söz birləşmələri haqda ensiklopedik lüğət, 6-sı isə yer planetindən bəhs edən ensiklopediyadır. Qalanları isə “Qurani-Kərim”-in nümunələridir.

2017-ci ildə şəxsi evlərdə saxlanılan daha bir neçə dəyərli qədim kitab, kitabxanaya hədiyyə verilməklə “Kitab abidələr”i daha da zənginləşib.

Burada saxlanılan hər iki "Qurani-Kərim" kitabı Şeyx Əhməd Salyaniyə məxsusdur. Hər iki Quran xəttatlar tərəfindən əllə yazılıb. Deyilənlərə görə, Şeyx Əhməd Salyani təxminən 1865-ci illərdə bu kitablardan istifadə edib. Şeyxdən yadigar qalan bu kitabları 1937-ci il repressiya qurbanı olan Salyanın nüfuzlu din xadimi Mirbağırağa Ağazadə kimsənin əlinə keçməsin deyə torpağa basdırıb. Bir neçə il bundan əvvəl qazıntı zamanı həmin kitablar aşkar edilib və şəxsi evlərdə saxlanılıb. Həmin kitablar 2017-ci ildə şəhərdəki mərkəzi kitabxanaya hədiyyə edilib.

Qeyd edək ki, 1812-ci ildə Salyanda doğulub, 1887-ci ildə Tiflisdə dünyasını dəyişmiş, dövrünün görkəmli islamşünas alimi, Qafqaz müsəlmanlarının III Şeyxülislamı olan Şeyx Əhməd Salyani Qafqaz müsəlmanlarının I Şeyxülislamı Məhəmmədəli Hüseynzadənin oğlu, dahi mütəfəkkir Əli bəy Hüseynzadənin babasıdır.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

1 2020 11:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə