Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda uşaqlara sevgi və qayğı həmişə diqqət mərkəzindədir

1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür

Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.

Heydər ƏLİYEV
Ümummilli lider


1 iyun bütün dünyada Uşaqları Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur. Bu barədə qərar BMT-nin Baş Assamble­yası tərəfindən 1950-ci il iyunun 1-də qəbul olunub. Bundan sonra həmin gün dünya ölkələrində sevimli balaların günü kimi qeyd olunmağa, bayram edilməyə başlayıb.

Həmin gün Azərbaycanda da ge­niş qeyd olunur. Uşaqlarımız həm öz evlərində, həm də bəsləndikləri uşaq bağçaları və körpələr evlərində bö­yük sevinc və fərəh hissi ilə bayram edirlər. Bağçalarda bu münasibətlə hər il xüsusi əyləncəli proqramlar hazırlanır, balalarımızın fiziki, zehni və mənəvi inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirlər görülür. Bu da uşaqlar və onların valideynləri tərəfindən əsl bayram hədiyyəsi kimi qarşılanır.

Əslində, körpələrimiz valideynlərindən böyük hədiyyələr ummurlar. Onların özlərini həqiqətən xoşbəxt hiss etmələri üçün sadəcə saf məhəbbət, xoş münasibət də kifayət edir. Həqiqi məhəbbəti uşaqlar daha yaxşı hiss edirlər. Vay o gündən ki, körpəyə saxta məhəbbət göstərməyə çalışasan. O dəqiqə başa düşüb üz döndərəcək. Ona saxta sevgi lazım deyil. Əsl sevgini isə bu gül balalar lazımınca qiymətləndirə bilirlər.

Elə buna görədir ki, əcdadlarımız uşaqlara məhəbbət və qayğı ilə yanaşmağı vacib hesab ediblər. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.) evdə hamıdan böyük, hamıdan səlahiyyətli qismində məhz uşaqları görərdi. İmam Əli (ə.) deyərdi ki, başqasının uşağını xoşbəxt görmək istəyən öz balası üçün xoşbəxtliyi təmin etmiş olur.

Analarımız laylalarında, oxşa­malarında körpələrini ən isti sözlərlə mədh ediblər:

Ölüm ayağın altda,

İtim ayağın altda.

Bir qom bənövşə olum,

Bitim ayağın altda...

Viktor Hüqo deyib: “Mən dünyada körpə qığıltısından təntənəli himn görmədim”.

Azərbaycanda uşaqlara sevgi və qayğı həmişə diqqət mərkəzində olub. Ölkəmiz müstəqillik qazandıq­dan sonra bu diqqət daha da artıb. Bu da onunla bağlıdır ki, müasir dövrdə uşaqların problemlərinin həlli, onların hüquqlarının qorun­ması ən aktual məsələrdən biri kimi qarşıda dayanır. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişlı mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ulu öndər uşaq hüquqlarının davamlı şəkildə müdafiəsi məqsədilə 1998-ci il avqustn 24-də “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun təsdiqi ilə bağlı fərman imzalayıb. Qanunda uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətin müdafiəsi hüquqları xüsusi vurğu­lanır.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə uşaqlara xüsusi qayğı və diqqətlə yanaşmışdır. Onu mütəmadi olaraq uşaqların iştirakı ilə keçirilən ayrı-ayrı bay­ram və tədbirlərdə görmək olardı. Bu tədbirlərdə o, mütləq uşaqlar­la söhbət edər, söylədikləri şeir nümunələrini maraqla dinləyər, körpələri həvəsləndirərdi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da ulu öndərin məhz uşaqlara olan qayğısı­dan, diqqətindən irəli gəlirdi.

Hazırda ulu öndərin siyasi xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan lideri dövlət uşaq siyasəti ilə bağlı silsilə fərman və sərəncamlar imzalayıb. “Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı” da onlar­dan biridir və bu sənədə əsasən məktəblərimiz müasir kompüter və digər İKT avadanlıqları ilə təchiz edilib.

Dövlət başçısının ardıcıl səyləri ilə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət göstərilir. Son illərdə ölkəmizin paytaxtında və rayonlarda ən müasir standartlara cavab verən körpələr evi-uşaq bağçalarının tikilib istifadəyə verilməsi bunun əyani sübutudur. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən həyata keçirilən proqramlarla yanaşı, Heydər Əliyev Fondu da xüsusi töhfələr verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan çox mühüm rol oynayır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramli səfiri Mehriban xanım Əliyevanın Azərbaycan uşaqlarına qayğısı isə ayrıca bir söhbətin mövzusudur. Onu daim ölkənin ayrı-ayrı yerlərində, şəhərlərimizdə, kəndlərimizdə uşaqların yanında görürük. Meh­riban xanımın başçılığı ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin hər yerində, o cümlədən, Bakıda minlərlə yeni, müasir uşaq bağçaları tikilərək balalarımızın sərəncamına verilib. Fondun dəstəyi ilə uşaq­lar və gənclər arasında musiqi müsabiqələrinin keçirilməsi onların istedadlarının üzə çıxarılmasında mühüm addımdır.

Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı əyani şəkildə sübut edir ki, uşaqların təlim-tərbiyəsi, sağlamlıqlarının, eləcə də hüquq və azadlıqlarının qorunması fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurul­masına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Həyata keçirilən bu mühüm layihələr uşaqların sosi­al müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqli nəticəsidir.

Dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan körpələr də unudulmur. Müstəqillik illərində bu diqqət və qayğı daha da güclənib. Prezident İlham Əliyevin imzala­dığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli sərəncam qeyd olunan kateqoriyadan olan uşaqla­ra və reabilitasiya yönümlü sosial xidmətlərə ehtiyac duyan digər qrup­lara dövlət başçısının xüsusi qayğısı­nın növbəti təzahürüdür. Sərəncam ölkəmizdə sosial xidmətlər sisteminin güclənməsinə və əhatə dairəsinin genişlənməsinə, yeni mərkəzlərin yaradılmasına imkan verir. Sağlam­lıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan uşaqların, əlilliyi olan şəxslərin sosial təminatı, çətin həyat şəraitində olan şəxslərin və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, baxımsız uşaqların sosial adaptasiyası və s. ölkəmizdə uğurla həyata keçirilən sosial müdafiə siyasətinin prioritet istiqamətlərini təşkil edir.

Prezident İlham Əliyevin imzala­dığı yeni sərəncamla xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi məqsədilə 2019- cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondun­dan 5 milyon manat ayrılıb. Bu isə bir çox qayğı və sosial reabilitasiya mərkəzlərinin sayının artırılması­na imkan verib. Bütün bunlar onu göstərir ki, uşaqlara qayğı Prezi­dent İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.

Uşaq hüquqları ilə bağlı Qərbdə bir çox hüquqi sənədlər qəbul edilib. İlk belə sənəd olan “Uşaq hüquqları haqqında Konvensiya” Beynəlxalq Qadınlar Federasiya­sının təşəbbüsü ilə hələ 1949-cu ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş olsa da, bu gün dünyanın bir çox yerlərində uşaq hüquqlarının pozulması hallarına rast gəlirik. Belə hallar son 29 ildə Ermənistanın təcavüzünə məruz qal­mış Azərbaycanda da baş vermişdir. Tarixi Azərbaycan torpaqlarının işğalı zamanı bütün yerli əhaliyə, eləcə də uşaqlara aman verilməyib. Qarabağ müharibəsi illərində 1000-dən çox uşaq şəhid olub, nə qədər günahsız körpə Xocalıda gecə yatdığı yerdə qətlə yetirilib. İşğal edilmiş digər şəhər və kəndlərimizdə də erməni quldur ordusu tərəfindən körpələrimiz əsir götürülüb, işgəncələrə məruz qalıblar. Əsl soyqırımı nümunələri olan bu faktlar, təəssüf ki, “demok­ratik” Avropanın çoxsaylı insan haqları təşkilatları, eləcə də dövlətləri tərəfindən qulaqardına vurulur, cəzalandırılmalı olan bəşəri cinayət əməlləri mükafatlandırılır.

Bu gün – iyunun 1-də bütün dünyada Uşaqları Beynəlxalq Müdafiə Günü qeyd edilsə də, Azərbaycan uşaqlarının bir qismi – Dağlıq Qarabağ və ətraf rayonlardan köçkün düşmüş uşaqlar özlərinin bu bayramını doğma evlərindən uzaqda, yaxud yeni məskunlaşdıqları ərazilərdə qeyd etməli olurlar. Hazırda dünyanın 189 ölkəsindən biri kimi “Uşaq hüquqları haqqında Konvensiya”ya, eləcə də uşaqla­rın taleyi ilə bağlı digər beynəlxalq sənədlərə qoşulmuş Azərbaycan öz ərazisində yaşayan bütün uşaqların hüquqlarının qorunması, onların öz bayramlarını sevinc və fərəh içində keçirməsi üçün hər cür şərait yaradır. Bu bayramı ölkəmizdə millətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün körpələr eyni şəraitdə qeyd edirlər.

Biz də 1 iyun - Uşaqla­rı Beynəlxalq Müdafiə Günü münasibətilə bütün dünya uşaqlarını, ilk növbədə Azərbaycan balalarını ürəkdən təbrik edir, onlara daim sağlam və xoşbəxt olmağı arzulayı­rıq. Çünki onlar hər cür xoşbəxtliyə layiqdirlər.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

1 2020 01:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə