Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q. Paşayeva TADİV-in konfransında İrəvan mədəniyyətinin tarixi ilə bağlı məruzə edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva  TADİV (Türkiyə -- Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vəqfi) başqanı, qardaş Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim Aygün Attarın təşkilatçılığı ilə keçirilən virtual konfrasda, qədim Azərbaycan-türk yurdu İrəvanın mədəniyyət tarixi ilə bağlı məruzə ilə çıxış edib. TADİV-in sosial media hesabları üzərindən canlı yayınlanan, əsas mövzusu “İrəvan xanlığı torpaqlarının Ermənistana güzəşt edilməsinin 102-ci ildönümü” olan konfransda, xanım A.Attar və xanım Q.Paşayeva ilə yanaşı, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, TBMM üzvü Xəlil Özşavlı, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı, professor Elçin Əhmədov, Dünya Axıska Türkləri Birliyi Avropa təmsilçisi Burxan Özkoşar (Fransa), Türk--Amerikan Güvənlik Vəqfi başqanı Fatih Özonur (ABŞ) çıxış edib, mövzu ilə bağlı fikirlərini bölüşüblər.      

Komitə sədri öz məruzəsində, tarixdəki ilk erməni dövləti qurularkən – 102 il öncənin mürəkkəb geosiyasi vəziyyətində məcburən ermənilərə paytaxt olaraq güzəşt edilən İrəvanın, bu gün sülhə, qarşılıqlı anlaşmaya, birgə yaşayışa deyil, işğalçılığa, terrora xidmət edən bir şəhər durumuna gəldiyini acı təəssüflə bildirib: “Belə bir vəziyyət, 102 il öncə, Ermənistanın, erməni qurum və qurluşlarının bir daha Azərbaycandan torpaq iddiasında olmayacağı şərtini də ehtiva etsə belə, hüquq, qayda-qanun tanımayan Ermənistan dövləti öz öhdəliyini “unudaraq”, hətta, yeni ərazilərin işğalını həyata keçirdi. Əlbəttə, bu, işğallar 102 il öncə olduğu kimi, yenə böyük havadarlarının sayəsində mümkün olmuşdur və bütün digər ağır nəticələrlə birgə maddi mədəniyyət abidələrimizə də təsirsiz ötüşməmişdir.
Ermənilər çağdaş dünyada bəlkə də yeganə xalqdır ki, işğal etdiyi ərazilərdə yerli əhalini ya qətl edir, əsir alır ya da məcburi köçkün salır. Eləcə də, maddi mədəniyyət abidələrini özününküləşdirir, dəyişdirir, yaxud sıradan çıxarır. Tarixi İrəvan xanlığının mərkəzi olan şəhərimiz də bu mənada istisna təşkil etmir. İrəvandakı saysız-hesabsız abidələrimizdən bu günə öz adı və əski görkəmi ilə, demək olar, çox az sayda nümunə qalıb.”   

Q.Paşayeva mövzu üzrə tarixi faktları, görülməsi vacib məsələləri diqqətə çatdırdıqdan sonra, suallara da cavab verib. O, qardaş ölkələrin bir sıra ortaq problemlər içində olduğunu, o cümlədən beynəlxalq erməni diaspora və lobbi güclərinin anti-türk təbliğatı ilə uzun illərdir üz-üzə qaldığını xatırladıb – “özü ən yeni tarixdə soyqırım törətmiş bir dövlət, xalq, əssasız soyqırım iddialarını 100 ildən artıqdır ki, usanmadan təbliğ edir, filmləşdirir, kitablaşdırır, abidələşdirir… Biz indi İrəvanda qalmış mədəni irsimizin sıradan çıxarılmasından, özgələşdiririlməsindən danışırıq, ancaq etiraf edək ki, işğalçılar qədər mütəşəkkil qaydada iş aparmırıq. Məncə, daha güclü iş aparmağımız üçün imkanlarımız yetərincədir. – Dövlət dəstəyi, siyasi iradə var; mövqeyimiz haqlıdır; düşməənlə anladığı dildə, ən azı öz üslubunda danışmaq ehtiyacı mövcuddur və mübarizə aparmaq üçün vətənpərvər və intellektual gənclərimiz var. Demək, görülmüş işləri gözardı etmədən, mübarizədə yeni fəsil açmalıyıq”.
 

Təqdim etdi:

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

30 2020 21:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə