Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət köçkünlərin problemini həmişə diqqətdə saxlayır

Respublika Günündə məcburi köçkünlər üçün salınmış “Qobu Park -- 3” yaşayış kompleksinin açılışı oldu. Sakinlər üçün ən yüksək səviyyədə  şərait yaradılan bu qəsəbədə salınmış üçüncü böyük yaşayış kompleksində 1336 məcburi köçkün ailəsi yerləşəcək. 960 şagird yerlik çox gözəl məktəb fəaliyyət göstərəcək və böyük uşaq bağçası artıq istifadəyə hazırdır. Bütövlükdə Qobu qəsəbəsində 3 layihədə toplam 3700-ə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcəkdir. 

Hər birimiz “Qobu Park--1” və “Qobu Park--2” layihəsinin 2018-ci və 2019-cu illərdə istifadəyə verildiyini yaxşı xatırlayırıq. Bu şəhərciklərin tikintisinin təşəbbüskarı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva olub və 2017-ci ildə onun iştirakı ilə burada təməl daşı qoyulub. Üç il ərzində ardıcıllıqla burada gözəl bir şəhər yaradılıb.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni təhsil ocaqlarının inşası, mövcud məktəb binalarının müasir səviyyədə yenilənməsi baxımından da çox mühüm layihələr icra olunub. Dövlət səviyyəsində bu istiqamətdə görülən işlərə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük töhfələr verib. Burada tikilən müasir məktəb binasının inşası bir daha göstərir ki, ölkədə təhsilin inkişafı istiqamətində atılan addımlardan doğma yurdlarından didərgin düşən soydaşlarımız da yüksək səviyyədə bəhrələnirlər. Həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin layihəsi olan “Xarı bülbül” xalçaçılıq və naxış emalatxanası yaradılıb. İlk dəfə həyata keçirilən bu layihənin məqsədi məcburi köçkünlərin məşğulluğunun artırılması, sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Burada həm xalça toxumağın sirləri öyrədiləcək, həm də istehsal prosesi təmin ediləcək. Layihəyə il ərzində “Qobu Park-1”, “Qobu Park-2” və “Qobu Park-3” yaşayış komplekslərində, həmçinin Qaradağ rayonu ərazisində yaşayan 70 məcburi köçkün cəlb ediləcək. Sevindirici haldır ki, toxuculuğun sirlərinə daha dərindən yiyələnənlər emalatxanalarda müəllim kimi çalışacaq, digərləri isə evlərində dəzgahlarla təmin olunacaqlar. Onlar hədiyyəlik xalçalar toxuyacaqlar. Layihə çərçivəsində xalçaların satışı da təmin ediləcək. Emalatxanada Qarabağın maddi-mədəni irsinə aid zərgərlik nümunələrinin hazırlanması da planlaşdırılır. Məhsullar yerli bazarla yanaşı, məcburi köçkünlərin əl işləri kimi xarici bazara da çıxarılacaq. “Qobu Park-3” yaşayış kompleksində inşa olunan bütün mənzillər mətbəx mebeli, soyuducu, fərdi kombi sistemi ilə təchiz edilib. Yasamal rayonundakı yataqxanalarda məskunlaşan məcburi köçkünlərin köçürüləcəyi yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir.

  İlk dəfədir ki, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı ərazidə istehsal müəssisələri qurulub. Yumşaq, plastik oyuncaqlar və tekstil məhsullarının istehsal olunacağı müəssisədə 40-dan çox iş yeri yaradılacaq. Bunu da məşğulluğa ciddi töhvə hesab etmək olar. Sterilizə olunmuş tibbi ləvazimatların istehsalı müəssisəsində isə tibbi heyət üçün üst geyimləri və kombinezonlar istehsal ediləcək. Burada 25 nəfər işlə təmin olunacaq.

    Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin mayın 28-dəki açılışı, məhz dövlətin öz vətəndaşına diqqət-qayğısı, əhalinin sosial problemlərinin həlli üçün davamlı işlərin görülməsi, açılışda ali dövlət rəhbərliyinin şəxsən iştirakı, sakinlərlə aparılan səmimi söhbət, gələcəyə bəslənən dərin inamdır. Cəmi bir il içində belə nəhəng kompleks salmaq Azərbaycanlı mütəxəssislərin, inşaatçılarımızın vətənpərvərliyini, bacarıqlarını da göstərdi. Əlbəttə, belə nəhəng və sürətli inşaatdan danışarkən, inşaatın Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirildiyi daha böyük minnətdarlıqla qeyd edilməlidir. Arzu edir və inanırıq ki, dövlət başçısının və Birinci vitse-prezidentin təşəbbüsü və tapşırığı ilə belə qəsəbələr işğaldan azad ediləcək rayonlarımızda tikiləcək və məcburi köçkünlərimizə öz doğma yurdlarında təqdim ediləcək.

O günə az qalib!

 

Arzu BAĞIROVA,

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri

30 2020 14:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə