Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fərqanənin rəngli dünyası…

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın bir neçə gün bundan öncə aramızdan ayrılan şair Fərqanə Mehdiyeva haqqında fikirlərini sizə təqdim edirik.

Tanıdığım, oxuduğum, sevdiyim Fərqanə və onun rəngli dünyası...     

Fərqanə xanımın imzası ilə çoxdan tanış idim. Həzin, kövrək və xəlqi duyğuları dərhal hiss olunurdu. Həzinlik, kövrəlik fərdi xüsusiyyət planında qabarırdısa, xəlqilik artıq ümumvətəndaş məzmunu, cəmiyyətşünaslıq aktı kimi də qavranıla bilərdi. Bu, aydın görünürdü. Hələ özünü yaxından tanımadığım vaxtlardı... Və belə bir “mətn-mündəricə”li şairlə, xanıməfəndi ilə tanışlıq, əlbəttə, maraqlı və arzuolunandı.

Şairin özünü şeirlərindən sonra tanıdım və məncə bu, bir şairi tanımaqçün daha yaxşı ardıcıllıqdır. Çünki şairin hansısa xüsusiyyətinin, xoşumuza gələn, gəlməyən cəhətinin təsirinə məruz qalmadan, sırf mətnin özünə, şeirin öz energetikasına uyğun rəyin formalaşır. Amma sonra şairin özünü tanıyınca, onun öz şəxsiyyəti ilə şeirlərini tamamladığı yaxud şeirin şairin iç dünyasını doğru nişan verdiyini görəndə, çox xoş olur. Fərqanə xanım şeiri ilə bütöv şairiydi; əgər bir qədər obrazlaşdırsaq (yaxud məşhur təriqət termini ilə ifadə etsək), onun yaradıcılığında “vəhdəti-vücud” şəkillənməsi ilə qarşılaşırıq, məncə. Fərqanə xanım məsuliyyəti şairiydi. Bir şair haqqında məsuliyyətli demək ilk baxışdan qəribə görünə bilər, sanki məsuliyyət sözü şair azadlığını, şair dünyasını çərçivəyə salır; əslində, bu kateqoriyaları qarışdırmamaq və bir-birinə münasibətdə hüquqlarını qəbul etmək daha doğru yanaşma olardı. O, el dili ilə desək, “başını aşağı salıb”, öz iş-gücü ilə məşğuldu – aram-aram, məsuliyyətlə, ləyaqətlə, ümidlə, özgüvənlə...

Fərqanə xanım haqqında, ümumən istənilən əsl şair haqqında keçmiş zamanda danışmaq doğru deyil bəlkə də... Çünki şairin şeirləri bugün də oxunur, yayılır, çap edilir və sevilirsə, (gələcəkdə də belə olacağına dair əsaslı inam içindəyiksə), o, öz müəllifinin ömrünü özü boyda böyüdür, yaşadır... Fərqanə xanımın özəlliklə ana dünyasına, qadın dünyasına (deyərdim, ümumən dünyaya!) baxışı bir başqa aləmdi, dünya içrə dünyaydı. Bunu onun anasından yetim qalan təndirlə dərdləşməsində də, “şair balaları yetim olurlar” nidasında da, “daşyonanla söhbət”ində də, övladına, nəvəsinə verdiyi şairanə adlarda da... açıq-aydın görmək mümkündür. Fərqanə xanım həyatda da, yaradıcılıq həyatında da sabitqədəm, qaça-qovdan uzaq bir ziyalı kimi qalıb yadımda – ancaq onun vəfatı münaibəti ilə sosial şəbəkələrdəki çoxsaylı paylaşımlardan, xatirə yazılarından gəldiyim qənaət, əslində, sabitqədəmlik, təmkinlik içində, “yeraltı çaylar kimi tələsimək də, darıxmaqlar da varmış” deyir... Bu tələskənlik, darıxmaqlar isə onun xarakterik xüsusiyyətlərini, xanıməfəndiliyini zədələmirdi; o, məhz səhhətindəki problemin qapını vaxtsız döyəcək bir ölüm vəd etdiyini bildiyi üçün... daha çox yazıb-yaratmağa, daha çox xeyirxahlıq etməyə, yarımçıq arzuları bütövləşdirməyə, görmədiyi və təəsüf ki... artıq görə bilməyəcəyi günləri yaxınlaşdırmağa can atırmış...

Doğrusu, şəxsən mən ona ölümün belə tez yetişəcəyinə inanmırdım, inanmaq istəmirdim; ancaq “təqdiri-İlahi” deyərlər... Fərqanə bacımız artıq haqq dünyasındadır. İndi təsəllimiz onun gözəl yaradıcılığı, əziz xatirələri, ad verdiyi övladlarında ülfət-ülfət, sevgi-sevgi çiçəkləyən, davam edən ömrüdür... Fərqanə xanımın şeirlərini bir gülə bənzətmək lazım gəlsəydi, o gülün adı qızılgül olardı. Onun şeirlərinə bir rəng müəyyənləşdirsək, o rəng də elə qızılgül rəngində – alqırmızı olardı. Ustad Rəsul Rza “Qırmızının ümid çaları”nda yazdığı kimi: “Uzaq ulduzların yaxın yolu. Bir də insan: alnı açıq, gözləri etibar dolu.”  Fərqanənin yaradıcılığını küll halında götürsək, o məhz bu sözə -- Ümidə uyğun gələr... Necə deyərlər, rəngdən ümid doğar, ümiddən rəng doğar... Və ümiddən şeir, şeirdən ümid doğar...

...Nə gizlədim, mən şairlər haqqında “nekroloq” üslubunda danışmaq, yazmaq istəməzdim. Hər istedadlı, sevilən şair ömrü illa da ömürlərə səpələnibsə, yaşarılıq qazanıbsa, onun haqqında olan yazının hətta sonluğu belə “Uvertüra”ya layiqdir. Qoy, “Uvertüra”lı sonluğumuz, Fərqanə xanımın özünün də çox sevdiyi, yaradıcılığından təsirləndiyi ustad Rəsul Rzadan, onun ölməz “Rənglər”indən olsun...

Və biz, bununla Fərqanə xanımın şeirlərini, duyğu və düşüncələrini yalnız bir rəngə, yalnız bir ətrə bağlamaqdan qaçınıb, orada bütün rənglərə yer olduğu fikrinə ortaq olaq: Ağ, qara, sarı, yaşıl, qırmızı; hərəsi bir sınaqla bağlıdır. Biri həsrətimizi xatırladır, biri dərdımizi, biri arzumuzu. Hərəsində bir məna arayıb, bir səbəb görən var. Kim bilir, kim sınamış, kim bunu ilk dəfə demiş. Qara -- matəm, qırmızı -- bayram, sarı -- nifrət rəmzi imiş. Kim bilir, keyfinin nə vaxtında, kim olmuş, rəngləri belə damğalayıb, belə ayıran. Qırmızı qan da ola bilər, bahalı üzük qaşı da. Qara matəm rəmzi də ola bilər, məhəbbət rəmzi də, nifrət rəmzi də. Ağ gözümüzü nurdan sala bilər, çiçək-çiçək bəzəyə bilər süfrəmizi də. Biri yaşıl görür yarpağı, biri qırmızı. Ancaq yarpaq öz rəngində qalır...

Təqdim etdi:

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

30 2020 13:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə