Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məcburi köçkünlərin mənzil – məişət probleminin həlli dövlətin prioritet vəzifəsidir

Azərbaycanda həyata keçirilən sosial siyasət, insanların  həyat səviyyəsinin  daha da yaxşılaşdırılması doğma torpaqlarının nisgili ilə yaşayan qaçqın və məcburi köçkünlərin timsalında da özünü aydın büruzə verir. Ölkə Prezidentinin bu qəbildən olan insanlara xüsusi diqqət və qayğısının  müsbət nəticəsini ata-baba yurdlarından didərgin salınmış hər bir soydaşımız gündəlik həyatında açıq şəkildə hiss edir. Məcburi köçkün həyatı yaşayan insanların həyat səviyyəsinin, mənzil-məişət şəraitlərinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, onların məşğuliyyətinin təmin olunması dövlətimizin  qarşıya qoyduğu  prioritet vəzifələrindən biridir. Bunu  indiyədək reallaşdırılan çoxsaylı  faktlar  da təsdiqləyir.

Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin salınaraq, qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımıza dövlətimiz tərəfindən daim diqqət göstərilir. Bu istiqamətdə reallaşdırılan dövlət siyasəti, müvafiq proqramların uğurla   icrası göz önündədir. Hətta bəşəriyyətin başı üzərini almış koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda da sosial proqramların icrası davam etdirilir, ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva  reallaşdırılmış layihələrin açılış mərasimlərində iştirak edirlər.  Xalqımız üçün əziz olan  28 May Müstəqillik Gününüdə də belə bir xeyirxah, humanist addımın şahidi olduq. Söhbət Birinci vitse-prezident Mehriban xanın Əliyevanın təşəbbüsü ilə əsası qoyulmuş  “Qobu Park-3” yaşayış kompleksinin açılışından gedir.

Məcburi köçkünlərin mənzil-məişət probleminin, habelə məşğullunun təmin olunması Mehriban xanımın daim diqqət mərkəzində saxladığı prioritet vəzifələrdən biri olub. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi ilk müşavirəni məcburi köçkünlərin sosial problemlərinə həsr etməsi onun yurd-yuvasını müvəqqəti itirmiş vətəndaşlarımıza olan diqqətindən və həssas münasibətindən xəbər verir. Həm xalqımıza, həm də beynəlxalq ictimaiyyətə məlum olduğu  kimi, Mehriban xanım Əliyeva Heydər Əliyev Fonduna rəhbərlik etdiyi illərdə və deputatlıq fəaliyyəti dövründə  də ölkə həyatının elə bir sahəsi olmayıb ki, oradakı problemli məsələlər onun diqqətindən kənarda qalsın. Həmçinin bir sıra xarici ölkələrdə məktəb tikintisində və digər xeyirxah missiyalarda öz köməyini əsirgəmiş olsun. Mehriban xanımın  rəhbərliyi ilə həyata keçirilən layihələr təhsil, səhiyyə, mədəniyyət və sosial sferaları, ekologiya, idman və sair sahələri əhatə edir. Bütün imkan və bacarığını insanların rifahı naminə humanitar proqramların reallaşmasına, Azərbaycanın dünyada sivil ölkə kimi tanınmasına yönəldən Birinci vitse-prezident  köməyə ehtiyacı olan insanlara hər an yardım etməyə hazır olub və bu gün də hazırdır. Qarşıya qoyulan növbəti prioritet vəzifə isə qaçqın və məcburi köçkünlərin sosial  müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yüksəldilməsidir. Son illər həyata keçirilən tədbirlər, yeni yaşayış komplekslərinin tikilməsi, hər cür infrastruktura malik qəsəbələrin salınması bunun əyani sübutudur. “Qobu Park-3” yaşayış kompleksi növbəti nümunədir.

Bu, məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. 1336 məcburi köçkün ailəsinin yerləşəcəyi  kompleksin ərazisində istehsalat sahələri, ticarət obyektləri və digər zəruri infrastruktur yaradılıb. Bütün mənzillər mətbəx mebeli, soyuducu, fərdi kombi sistemi ilə təchiz edilib. Ərazidə sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət parkı salınıb, uşaq əyləncə meydançaları quraşdırılıb, geniş yaşıllıq və işıqlandırma işləri görülüb. Burada həm də 3 idman meydançası və 360 yerlik açıq avtomobil dayanacağı sakinlərin ixtiyarına veriləcək.

“Qobu Park-3” bu qəsəbədə salınmış üçüncü böyük yaşayış kompleksidir. Qəsəbədə, həmçinin 960 şagirdlik məktəb fəaliyyət göstərəcək və böyük uşaq bağçası artıq tikilib, istifadəyə hazırdır. Bütövlükdə, Qobu qəsəbəsində 3 layihədə ümumilikdə 3700-ə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcəkdir. Xatırladım ki, “Qobu-1” və “Qobu-2” layihələri artıq 2018-ci və 2019-cu illərdə istifadəyə verilib. Bu şəhərciklərin tikintisinin də təşəbbüskarı Mehriban xanım olub və 2017-ci ildə onun iştirakı ilə burada təməl daşı qoyulub. Qısa bir müddətdə 20 minə yaxın soydaşımızın məskunlaşdığı  hər cür infrastruktura malik  3 şəhərciyin salınması  bir daha onu göstərir ki, əgər iradə varsa,  siyasət düzgün aparılırsa və insanların ürəyində ən ülvi hisslər reallıqda öz əksini taparsa, istənilən təşəbbüs, istənilən gözəl ideya həyata keçər. Hətta bəşəriyyəti təhlükəyə salmış koronavirus pandemiyası da bu iradənin qarşısında acizdir. Bunu “Qobu Park-3” yaşayış kompleksinin tikintisi də təsdiqlədi.

Bütün bunlar bir daha təsdiqləyir ki, məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır. Hətta ikili standartlar mərəzindən əl çəkə bilməyən bəzi beynəlxalq təşkilatların erməni vandalizminə laqeyd münasibəti də Azərbaycanı tutduğu yoldan döndərə bilməz. Birinci vitse-prezident Mehriban Əliyeva da çıxışlarının birində bu faktı cəsarətlə vurğulayıb. O, dünyada insan hüquqlarını qoruyan bir çox təşkilatların fəaliyyət göstərdiyini də diqqətə çatdırmışdır: “Niyə Azərbaycanın bir milyon qaçqın və məcburi köçkününün ən əsas hüququ – öz doğma torpağında, öz evində yaşamaq hüququ pozulub? Niyə bu təşkilatlar bu insanların hüquqlarının bərpası üçün heç bir səy göstərmirlər? Niyə dünya mediasının səhifələrində, saytlarında bu barədə məqalələr dərc etdirmirlər? Niyə dünya ictimaiyyətinə dolğun və doğru informasiya çatdırmırlar? Niyə işğalçı ölkəyə qarşı lazımi təzyiqlər göstərilmir? Bütün bu sualların cavablarını biz bilirik və hamı bilməlidir ki, əsas səbəb Azərbaycanın gücü, Azərbaycanın möhkəmlənməsi, Azərbaycanın müstəqilliyi və Azərbaycanın müstəqil siyasətidir”.

Ölkə əhalisinin ən həssas təbəqəsi olan, doğma yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət və qayğı, onların qarşılaşdıqları problemlərin aradan qaldırılması dövlət siyasətinin prioritetini təşkil edir. Bu məsələdə dövlətimizin mövqeyi qəti və birmənalıdır: Torpaqlarımız işğaldan azad ediləcək və doğma ata-baba yurdlarından didərgin salınmış soydaşlarımız isti ocaqlarına qayıdacaqlar. Ölkə başçısı buni “Qobu Park-3” yaşayış kompleksinin açılışında da diqqətə çatdırdı: “Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.  Bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu göstərmişik. 2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar torpaq işğalçılardan azad edildi. Cocuq Mərcanlı kəndinin timsalında biz görürük ki, işğaldan azad olunacaq digər torpaqlarda hansı işlər görüləcək və hansı sürətlə görüləcəkdir. Biz Cocuq Mərcanlını uğurlu hərbi qələbədən sonra cəmi bir il ərzində yenidən qurduq və indi orada həyat qaynayır, köçkünlər öz doğma torpağına qayıdıblar. Bəzən belə fikirlər səsləndirilir ki, bəzi köçkünlər torpaqlar işğaldan azad olunandan sonra qayıtmaya bilərlər. Amma mən tam əminəm ki, bütün köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar, necə ki, Cəbrayıl köçkünləri… Biz bu gün işğal altında olan bütün digər torpaqlarda da bərpa işləri görəcəyik. Azərbaycan öz suverenliyini təmin edəcəkdir”.

Çingiz QƏNİZADƏ,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri,  hüquq üzrə fəlsəfə doktoru

 

 

30 2020 11:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə