Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial layihələr uğurla icra olunur

Hazırda koronavirus pandemiyası, demək olar ki, dünyanın bütün ölkələrinin başı üzərini alıb. Bəşəriyyəti qorxuya salmış bu təhlükəli virus əhalinin həyat tərzinə mənfi təsir göstərmiş, iqtisadiyyata güclü zərbə vurmuş, iş yerləri müvəqqəti olaraq fəaliyyətini dayandırmış, hətta dövlətlərarası əlaqələrdə müəyyən fasilələrin yaranmasına səbəb olmuşdur. Azərbaycan da dünyanın bir parçası olduğundan koronavirus təhlükəsi bizim də ölkəmizdən yan keçməmişdir. Ancaq cənab Prezident İlham Əliyevin düşünülmüş siyasəti,  vaxtında qabaqlayıcı tədbirlər görməsi və mühüm əhəmiyyətli qərarlar qəbul etməsi koronavirusun ağır fəsadlarının qarşısını alır və ölkəmiz hazırda dünyada əna az itki verən dövlətlər sırasındadır.

Koronavirusun tüğyan etdiyi məqamlarda da dövlətimizin başçısı əhalinin yanında olmuş, ölkə vətəndaşlarının həyat tərzinin yaxşılaşdırılmasını daim diqqətə mərkəzində saxlamışdır. Möhtərəm Prezidentimizin sosial layihələrin icrasını diqqətdə saxlaması, həmin proqramların reallaşdırılmasında şəxsən iştirak etməsi insan amilin verilən yüksək dəyərin təsdiqidir. Ölkə başçısı dəfələrlə vurğulayıb ki, sosial layihələrin icrasına heç nə mane ola bilməz. Nəzərdə tutulan proqramlar mütləq icra olunacaq. Bunu mayın 28-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış onmərtəbəli 13 yaşayış binasından ibarət  “Qobu Park-3” yaşayış kompleksinin açılışı da təsdiqlədi.

Azərbaycan Respublikasının Müstəqillik Günü  Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da iştirak etdikləri bu mərasimdə 1336 ailəyə hədsiz sevinc bəxş olundu. Bütün mənzillər mətbəx mebeli, soyuducu, fərdi kombi sistemi ilə təchiz edilib. Bu kompleksə, əsasən, Yasamal rayonundakı yataqxanalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub. Ümumilikdə, Qobu qəsəbəsində 3 layihədə 3700-ə yaxın məcburi köçkün ailəsi  hər cür infrastruktura malik mənzillə təmin olunub.

Xatırladım ki, 2003-cü ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyev seçicilərlə görüşü zamanı demişdir ki, əgər siz mənə etimad göstərib Prezident seçsəniz, ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Dövlətimizin başçısı verdiyi vədlərə layiqincə əməl edir.  Qeyd edək ki, “Qobu Park-3” yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. Kompleksin ərazisində istehsalat sahələri, ticarət obyektləri və digər zəruri infrastruktur yaradılıb. Ərazidə sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət parkı salınıb, uşaq əyləncə meydançaları quraşdırılıb, geniş yaşıllıq və işıqlandırma işləri görülüb. Burada həm də 3 idman meydançası və 360 yerlik açıq avtomobil dayanacağı sakinlərin ixtiyarına veriləcək. Yeni yaşayış kompleksi  “Qobu Park-1” və “Qobu Park-2” yaşayış komplekslərinin yanında inşa edilib. Bütün bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib.

Məcburi köçkünlər üçün salınan bu yaşayış komplekslərinin yeri əvvəllər baxımsız sahə olub. Burada yaşamaq üçün heç bir sosial infrastruktur yox idi. İndi isə bütün infrastruktura malik gözəl bir qəsəbədir. Sevindirici haldır ki, kompleksin ərazisində 280 yerlik uşaq bağçası inşa olunub. Burada  balacalara bilik öyrətməklə yanaşı, onların istedadlarını üzə çıxarmaq, potensiallarını aşkarlamaq üçün hərtərəfli şərait yaradılıb. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində  ölkəmizdə aparılan siyasətin uğurlu və ardıcıl olmasından xəbər verir.

Yeni yaşayış kompleksində məcburi köçkünlərin məşğuliyyətinin təmin olunması da unudulmayıb. “Xarı bülbül” xalçaçılıq və naxış emalatxanasının yaradılmasında əsas məqsəd bu olmuşdur. İlk dəfə həyata keçirilən bu layihənin  əsas məqsədi məcburi köçkünlərin məşğulluğunun artırılması, sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Burada həm xalça toxumağın sirləri öyrədiləcək, həm də istehsal prosesi təmin ediləcək.  Sevindirici haldır ki, emalatxanada Qarabağın maddi-mədəni irsinə aid zərgərlik nümunələrinin hazırlanması da planlaşdırılır. Məhsullar yerli bazarla yanaşı, məcburi köçkünlərin əl işləri kimi xarici bazara da çıxarılacaq. Burada uşaqlar üçün ustad dərslərinin, rəsm dərnəyinin və xarici dil kurslarının təşkili də nəzərdə tutulur.

Möhtərəm Prezidentimizin də qeyd etdiyi ki, bu qəsəbənin xüsusiyyəti ondan ibarətdir ki, burada bütün işlər özəl sektor tərəfindən görülmüşdür. Bu da çox sevindirici haldır. Dövlət başçısının bir neçə il bundan əvvəlki çağırışından sonra özəl sektor artıq bu önəmli sosial layihələrə də qoşuldu. Xatırladı ki, yeni yaşayış kompleksinin sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK –dır.

Göründüyü kimi, koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda daha bir sosial layihə uğurla icra olundu. Bu, dövlət başçımızın “Heç bir problem sosial layihələrin icrasını dayandıra bilmz” – fikrinin daha bir təsdiqidir.  

 

Gülbəniz BAYRAMOVA,

“Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək” Fondunun direktoru

29 2020 16:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə