Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

Bizim üçün çox özəl, dəyərli və əziz gün--Respublika günüdür.  Bütün Müsəlman şərqində ilk parlamentli demokratik respublika quraraq xalqımıza bu qüruru yaşadan bütün Cümhuriyyət qurucularımızı, böyük şəxsiyyətlərimiz olan dəyərli ziyalılarımızı rəhmətlə anırıq və hər zaman anacağıq. Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadənin bu fikrini həmişə xatırlayır və uzun zaman unutmayacaq: “Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa-yaşa, çox yaşa ey şanlı Azərbaycan!”

O dövrdə azadlıq yelləri ölkəni gəzirdi. 1918-ci ildə bütün Şərqdə ilk olaraq qadınlarımıza seçmək və seçilmək haqqı verilmişdi. Xalqa azadlıq şərbəti daddıran məhz o cümhuriyyət qurucularının fədakarlığı sayəsində Azərbaycan bu gün də Qafqazın ən böyük dövləti olaraq yaşayır. Əgər cümhuriyyətçilər 1918--1920-ci illərdə müstəqilliyin təməlini qoymasaydılar, Azərbaycan XX əsrin sonlarında Sovet İttifaqından suveren respublika kimi ayrıla bilməyəcəkdi.

Azərbaycan Xalq Cümhuriyyəti ilə müasir respublikamızı ayıran 70 ildə bizi birləşdirən dəyərlər xalqımızın ruhunda həmişə yaşadı. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqımızın istiqlal əzmini sarsıtmadı, əksinə, fədakar cümhuriyyətçilər öz mübarizələrini yeni siyasi şəraitdə daha uyğun platformalarda aparmağa davam etdilər. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində yorulmaz səy göstərdilər. Cümhuriyyət süquta uğrasa da, onun xalqımızın şüurunda bərqərar etdiyi istiqlaliyyət məfkurəsi demokratik, hüquqi dövlət prinsiplərinə əsaslanan müstəqil Azərbaycanın yenidən qurulmasında əvəzsiz rol oynadı. Azərbaycan Xalq Cümhuriyyəti zaman baxımından az müddətdə mövcud olsa da, mahiyyət etibarilə Azərbaycan xalqının dövlətçilik təfəkküründə dərin izlər buraxdı.

Xalq azadlıq sevgisindən və istəyindən dönmədi, bir yumruq olub birləşdi, ölkəni boyunduruqdan həmişəlik azad etdi. Səmamızda üçrəngli bayrağımız dalğalandı. Və bir daha əmin olduq ki, bayrağımız daha enməyəcək. Xalqımız bir əsrdə ikinci dəfə azadlıq əldə etdi. Bu gün siyasi sabitliyin, dayanıqlı inkişafın mərkəzi olan Azərbaycan Respublikası dövlət başçımız cənab İlham Əliyevin qətiyyəti, iradəsi və səyi ilə o dövrdə arzulanan ideya və məqsədləri əzmkarlıqla həyata keçirir.        

Ölkəmiz inkişaf edir, regionda liderliyi saxlayır, dünya dövlətləri Azərbaycanla hesablaşır. Bir çox məsələlərdə ölkəmiz digər dövlətlərə nümunə olaraq göstərilir. Respublika Günü münasibətilə dünyanın hər yerində yaşayan azərbaycanlıları, əziz soydaşlarımızı təbrik edirəm! Bütün xalqımızın ümdə arzusunu -- gələn 28 May Cümhuriyyət günümüzü Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edəcəyimiz gözəl torpaqlarımızda da qeyd edək -- dilə gətirirəm. Qoy, hər şeyə qadir Allah köməyimiz olsun, ölkəmizin başı üstündən qara buludları dağıtsın. İşğalda olan torpaqlarımız yağı tapdağından xilas olub azad nəfəs alsın. İnanıram ki, o gün tezliklə gələcək.

Bayrağımız həmişə zirvədə olsun!

Respublika günümüz mübarək!

 

Arzu BAĞIROVA,
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri

28 2020 20:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə