Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kiyevdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş onlayn-konfrans təşkil edilib

Mayın 27-də Kiyevdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının növbəti ildönümü ilə əlaqədar “Qafqazşünaslıq qiraəti” onlayn layihəsinin növbəti mühazirəsi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, giriş sözü ilə T.Şevçenko adına Kiyev Milli Universitetinin tarix fakültəsinin xarici ölkələrin yeni və ən yeni tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Oleq Maşevski çıxış edib. O, tarixin mühüm səhifələrinin və xalqlarımızı bir-birinə bağlayan hadisələrin öyrənilməsi məsələlərində Ukrayna-Azərbaycan əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

Universitetin dosenti, tarix elmləri doktoru, ötən əsrin əvvəllərində Ukrayna-Azərbaycan münasibətləri dövrünü ətraflı öyrənən Oleq Kupçik Azərbaycan xalq Cümhuriyyəti ilə Ukrayna Xalq Respublikası arasında diplomatik əlaqələrə dair mühüm faktları – diplomatik, ticari-iqtisadi təmsilçilərin, həmçinin ötən əsrin əvvəllərində Azərbaycanın Ukrayna icmasının nümayəndəliyi funksiyasını yerinə yetirən qurumun fəaliyyət göstərməsini qeyd edib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzvü Marina Qonçaruk Azərbaycana həsr olunan konfrans və mühazirələrə ukraynalı tələbələrin və müəllimlərin böyük marağından danışıb, karantin dövründə belə tədbirlərin Ukrayna-Azərbaycan əməkdaşlığının inkişafı üçün əhəmiyyətini vurğulayıb.

Sonra AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri İlqar Niftəliyev məruzə ilə çıxış edərək Cümhuriyyətin Azərbaycan xalqının tarixində, həmçinin digər ölkələrdə dövlətçiliyin qurulmasında əhəmiyyətini diqqətə çatdırıb.

Mühazirədə müəllimlər, tələbələr, aspirantlar iştirak ediblər.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

28 2020 12:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə