Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağcabədi rayonunda 60 tona yaxın barama tədarükü gözlənilir

Ölkəmizdə ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Son illər Ağcabədi rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.

AZƏRTAC-ın bölgə müxbi xəbər verir ki, rayonda baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min 761 kiloqram, 2018-ci ildə 37 min 146 kiloqram, 2019-cu ildə isə 54 min 466 kiloqram barama istehsal olunub.

Əvvəlki illərdə yetişdirilən məhsulun bəhrəsini görən ağcabədili kümçülər cari ildə daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar. Rayon kümçülərinə bu mövsüm 1500 qutu (28 min 500 qram) ipəkqurdu toxumu paylanıb. Bu il rayonda 60 tona yaxın barama istehsalı proqnozlaşdırılır.

Baramaçılığın bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir. Kənd adamları yaxşı başa düşürlər ki, baramaçılıqla məşğul olmaqla, hər il öz ailə gəlirlərini daha da artıra bilərlər. Hacıbədəlli kənd sakini Bəxtiyar Məmmədov da bu sərfəli və gəlirli sahə ilə məşğul olur. "Baramaçılıqdan ötən il ailə gəlirimiz xeyli artıb. Bu il 60 qram ipəkqurdu toxumu götürüb bəsləyirəm. 150 kiloqrama yaxın yaş barama istehsal etməyi qarşıya məqsəd qoymuşam. Növbəti illərdə barama istehsalını daha da artırmağı düşünürən", - deyə B.Məmmədov bildirib.

27 2020 22:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə