Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliya qəzetində Azərbaycanın Respublika Gününə həsr edilmiş məqalə dərc olunub

İtaliyanın “Giornale Diplomatico” onlayn qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin “Respublika Günü: Müasir Azərbaycana və İtaliya ilə strateji tərəfdaşlığa baxış” sərlövhəli geniş məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə diplomat müsəlman Şərqində ilk dəfə olaraq 1918-ci il mayın 18-də məhz Azərbaycanda qurulmuş demokratik respublikanın tarixindən və qısa müddət mövcud olmasına baxmayaraq, imza atdığı böyük tarixi yeniliklərdən bəhs edib. Sovetlər dövründə də Azərbaycan xalqının hər zaman müstəqillik arzusu ilə yaşadığını, nəhayət, 1991-ci ildə tarixi imkandan istifadə edərək müstəqilliyini bərpa etdiyini, Xalq Cümhuriyyətinin zəngin ənənələrinə və tarixi varisliyə əsaslanaraq respublika qurduğunu, həmçinin birinci respublikanın əsasının qoyulduğu 28 may tarixinin də ölkədə Respublika Günü elan edildiyini bildirib.

Müəllif dövlət müstəqilliyin bərpa edildiyi ilk illərində Azərbaycanın üzləşdiyi ağır problemlər, o cümlədən Ermənistanın hərbi təcavüzünün ağır nəticələri barədə danışıb, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizə qarşı yönəlmiş təhdidlərin aradan qaldırılmasına nail olduğunu, milli maraqların müdafiəsinə əsaslanan, siyasi və iqtisadi cəhətdən sabit, beynəlxalq münasibətlər sisteminin bir hissəsinə çevrilmiş müasir Azərbaycan dövləti modelini qurduğunu diqqətə çatdırıb. Səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın önəmli nəticələr əldə edərək regional liderə çevrildiyi, beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdiyi, o cümlədən qlobal enerji təhlükəsizliyində, beynəlxalq nəqliyyat sistemində, eləcə də dinlərarası və mədəniyyətlərarası dialoqda ölkəmizin fəal rolu barədə fikirlərini bölüşüb.

Diplomat müstəqillik illərində qazanılan böyük uğurlarla yanaşı, Ermənistanın ölkəmizə hərbi təcavüzünün hələ də davam etdiyi, çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamə və sənədlərə baxmayaraq, Dağlıq Qarabağ regionu və ətraf yeddi rayon daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin hələ də Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlandığını, etnik təmizləməyə məruz qalmış 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün doğma torpaqlarına qayıda bilməməsi haqqında məlumat verib. Münaqişənin sülh yolu ilə həlli üçün Azərbaycanın nümayiş etdirdiyi konstruktiv yanaşmaya baxmayaraq, Ermənistanın davamlı olaraq nizamlanma prosesini pozan təxribatlar törətməsi, bununla da işğal edilmiş ərazilərdə status-kvonun saxlanılmasına və təcavüzün nəticələrinin möhkəmləndirilməsinə çalışdığını bildirib. Səfir Azərbaycanın münaqişənin həlli üçün substantiv və nəticəyə yönəlmiş danışıqların tərəfdarı olduğunu, münaqişənin yeganə həllinin də ölkəmizin ərazi bütövlüyünün bərpasından keçdiyini qeyd edib, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, Paris Xartiyası və BMT-nin məlum qətnamələrinə əsaslanaraq ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa etmək hüququnu hər zaman özündə saxladığını bildirib.

Məqalədə Azərbaycan ilə İtaliya arasında dərinləşən münasibətlərə də nəzər salınıb və bildirilib ki, ölkələrimiz arasında əlaqələr hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə qurulub və o vaxt İtaliya Bakıda konsulluq səviyyəsində təmsil olunub. Hazırda iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəyə çatıb, ötən illər çoxsaylı yüksək səviyyəli səfərlər, o cümlədən İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana, bu ilin fevralında isə dövlətimizin başçısı İlham Əliyevin İtaliyaya dövlət səfərləri həyata keçirilib. Diplomat Azərbaycan Prezidentinin səfəri zamanı keçirilmiş yüksək səviyyəli görüşlərin, əldə olunan nəticələrin iki ölkə arasında münasibətlərin nə qədər güclü olduğunu nümayiş etdirdiyini deyib. Bu xüsusda, Prezident İlham Əliyevlə İtaliyanın Baş Naziri Cüzeppe Konte arasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanmasını qeyd edən səfir bu sənədin iki ölkə arasında indiyə qədər imzalanmış ən vacib sənəd olduğunu vurğulayıb. Prezident İlham Əliyevin bu sənədi iki ölkə arasında münasibətlərin bütün sahələrini əhatə edən, gələcək əməkdaşlıq üçün prioritetləri müəyyənləşdirən, münasibətlərin müttəfiqliyə yaxın əlaqələr olduğunu göstərən və Avropa İttifaqı ilə yeni sazişin imzalanması üçün təməl rolunu oynaya biləcək çox ciddi, dərin və təfərrüatlı sənəd kimi xarakterizə etdiyini, Prezident Sercio Mattarellanın Bəyannamənin münasibətlərimizin hər cəhətdən və hər mənada yüksək səviyyədə olduğunu göstərdiyini, İtaliya Xarici İşlər Və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Maionun isə bunu tərəfdaşlığımızdaəsl keyfiyyət sıçrayışı adlandırdığını diqqətə çatdırıb.

Diplomat Birgə Bəyannamədə tərəflərin bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə etmələrinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında nizamlanmasını dəstəklədiklərinin qeyd olunduğunu bildirib. Səfir vurğulayıb ki, Ermənistanın öz işğalçılıq siyasətindən əl çəkməsi üçün beynəlxalq ictimaiyyətin qəti və yekdil mövqeyinin vacib olduğu nöqteyi-nəzərindən İtaliyanın belə bir mövqeyi müstəsna əhəmiyyət kəsb edir. Ermənistan tərəfindən son zamanlar yeni və təhlükəli təxribat dalğasının həyata keçirilməsi müşahidə olunur. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər” keçirilib, lakin bu qeyri-qanuni “seçkilər” dünya ictimaiyyəti, o cümlədən İtaliya tərəfindən tanınmayıb və rədd edilib.

Səfir M.Əhmədzadə dövlət səfərinin Azərbaycan ilə İtaliya arasındakı münasibətlərdə əsas rola malik olan iqtisadi sahədə güclü əməkdaşlığın mövcudluğunun nümayişi, bu sahədə indiyədək əldə edilmiş nəticələrin təhlili və yeni imkanların müzakirəsi üçün də əhəmiyyətini vurğulayıb. Bu xüsusda, səfər zamanı İtaliyanın ən iri maliyyə və sənaye qruplarının rəhbərləri ilə birgə “Cassa Depositi e Prestiti” tərəfindən təşkil olunmuş işgüzar naharın, İtaliya XİN-də keçirilmiş və 260-dan çox şirkətin iştirak etdiyi Azərbaycan-İtaliya biznes forumunun əhəmiyyətindən danışıb.

İqtisadi əməkdaşlığa da ətraflı nəzər salan diplomat qeyd edib ki, İtaliya ölkəmizin ən iri ticarət tərəfdaşı, Azərbaycanın isə Cənubi Qafqazda İtaliyanın ən böyük idxalçısıdır. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 92 faizi Azərbaycanın payına düşür, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 6 milyard dollar təşkil edib ki, bu da Azərbaycanın xarici ticarət əməliyyatlarının 18 faizinə bərabərdir. Cari ilin ilk dörd ayı ərzində də İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalıb, ölkəmizin xarici ticarət əməliyyatlarının 26,36 faizi İtaliya ilə ticarət dövriyyəsinin payına düşüb. Eyni zamanda, 2013-cü ildən başlayaraq Azərbaycan İtaliyanın əsas xam neft təchizatçılarından biridir. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri layihəsinin istismara verilməsi ilə ölkəmiz İtaliyanın iri təbii qaz təchizatçılarından birinə çevriləcək. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çoxsaylı italyan şirkətləri uğurla fəaliyyət göstərir və son illərdə onların ölkəmizdə iştirak etdiyi layihələrin dəyəri təxminən 10 milyard dollardır.

Dövlət səfərinin Azərbaycan ilə İtaliya arasında humanitar sahələrdə də geniş əməkdaşlığın mövcud olduğunu göstərdiyini deyən diplomat bu xüsusda səfər zamanı İtaliya Prezidentinin sarayında Azərbaycan musiqiçilərinin konsertinin keçirilməsindən, eləcə də Roma meriyasında Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirilmiş arxeoloji qazıntıların nəticələrinin nümayişindən danışıb, mədəniyyət sahəsində əməkdaşlıqda Heydər Əliyev Fondunun əhəmiyyətli rolundan bəhs edib.

Ölkələrimizin əsl dostlar olduğunu bildirən səfir koronavirus pandemiyası ilə əlaqədar yaranmış ağır epidemioloji vəziyyətdə Azərbaycanın İtaliya xalqı ilə bir sıra humanitar və mədəni təşəbbüslərlə həmrəylik nümayiş etdirdiyini xatırladıb, bu xüsusda Bakı Media Mərkəzi tərəfindən hazırlanmış videoçarx və Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliya bayrağının videoproyeksiyası barədə danışıb. Azərbaycan ilə İtaliya arasında dostluğun və yaxınlığın rəmzi kimi iki ölkənin dövlət bayramlarının da tarixlərinin bir-birinə yaxın olduğunu deyən səfir İtaliyanı 2 İyun - Respublika Bayramı münasibətilə təbrik edib.

Sonda diplomat Prezident İlham Əliyevin dövlət səfəri zamanı söylədiyi fikirlərə istinad edərək deyib: “İtaliya Azərbaycanın strateji tərəfdaşı və Avropada bir nömrəli tərəfdaşıdır”.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

27 2020 22:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə