Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan xəbis niyyətinə çata bilmədi

Beynəlxalq təşkilatların Ermənistanın işğalçı siyasətinə laqeyd münasibəti və  dünyada baş alıb gedən iki standart faşist ideologiyasına meyilini ötr- basdır edə bilməyən erməniləri daha da həyasızlaşdırıb. Görünür, elə bu ikili standartların nəticəsidir ki, işğalçı ölkə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək, Azərbaycan və Macarıstan haqqında iddia qaldırmışdı.  Məlum olduğu kimi,  Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsində  Ramil Səfərlə bağlı “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qaldırdığı iddianın əsas tələbi  yerinə yetirilməmdi və bu qərar  işğalçı ölkənin ümidlərini alt-üst etdi. Görünür,  Ermənistan Azərbaycan əleyhinə qarayaxma kampaniyasında İnsan Hüquqları üzrə Avropa Məhkəməsini də alət etmək niyyətinə düşüb. 

Uzun illərdir ki, işğalçı Ermənistan  Dağlıq Qarabağ  münaqişəsinin kökündə dayanan səbəbləri saxtalaşdıraraq  müxtəlif  vasitələrə əl atır, ancaq  həmişə də istəkləri puça çıxır. Çünki artıq dünya ölkələri  Azərbaycanın  beynəlxalq səviyyədə təsdiq olunmuş ərazi bütövlüyünü tanıyır və qəbul edir.  Beynəlxalq hüquq normalarına açıq şəkildə hörmətsizlik edən Ermənistan bu dəfə də öz yersiz iddialarını irəli sürdü və istəyinə nail ola bilmədi.  Makuçyan və Minasyanın Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək Azərbaycana və Macarıstana qarşı qaldırdığı  əsassız iddiada  məqsəd 2004- cü ildə baş vermiş  hadisəni  təhrif etmək və onu fərqli istiqamətə yozmaq, beynəlxalq ictimaiyyətin diqqətini torpaqlarımızın davam edən qanunsuz işğalı və dinc əhalinin  üzləşdiyi etnik təmizləmə faktlarından, o cümlədən sərhədyanı kəndlərdə törətdiyi terror aktlarından, qətllərdən və atəşkəs rejimini mütəmadi pozmaqdan ibarət idi. Bu gün regionumuzun həm millətlər, həm də fərdlər səviyyəsində üzləşdiyi ağrı və iztirablarının əsasında məhz Ermənistanın millətçi rəhbərlərinin Azərbaycan xalqına qarşı nifrət üzərində köklənmiş ifrat düşmənçilik siyasəti , həmçinin erməni xalqının faşist ideologiyasına olan hüsn-rəğbəti dayanır. İşğalçı ölkə bunu Avropa İnsan Hüquqları Məhkəməsinə müraciəti ilə bir daha təsdiqlədi. Ancaq  işğalçı ölkə bu dəfə ərköyünlüyünü sona qədər davam etdirə bilmədi. Çünki Avropa Məhkəməsi, əslində , Ermənistanın iddiasının əsas tələblərini təmin etməyib.

Məlum olduğu kimi, iddianın əsas tələbləri Azərbaycanın və Macarıstanın məsuliyyət daşıması, əfv və digər tələblər, o cümlədən təzminat idi. Görünür  Ermənistan tərəfi hələ də dərk edə bilmir ki,  məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir. Digər yandan, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia da rədd edilib. Bu yerdə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatı xatırlatmaq istərdim. Həmin bəyanatda  haqlı olaraq vurğulanır ki, Ermənistan həqiqətən insan hüquqları və azadlıqlarına bəyan etdiyi qədər əhəmiyyət yetirirsə və Avropa Məhkəməsinə hörmət edirsə, o zaman bu ölkə 30 ildən bəri davam edən, Azərbaycan torpaqlarının işğalına və bir milyondan artıq soydaşımızın  hüquqlarının pozuntusuna dərhal son qoymalıdır. Bu ölkənin Xocalıda törətdiyi soyqırımı  aktı dünyada analoqu olmayan faciədir. Faşist ideologiyasının  tərəfdarı olduğunu açıq şəkildə  bəyan edən Ermənistan Xocalı qətliamına görə, qəddarlıqda hətta faşistləri də geridə qoydu.

Bu yerdə, Avropa Məhkəməsinin hələ 2015-ci ildə çıxardığı və Azərbaycan torpaqlarının işğalına görə, Ermənistanın məsuliyyətini təsbit etdiyi  qərarı xatırlatmaq istrdim.  Məlum olduğu kimi, Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il iyunun 16-da “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı qəbul etdiyi qərarında Ermənistanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarda “effektiv nəzarətə” malik olduğunu vurğulamışdı. Məhkəmə müəyyən etmişdir ki, dövlətin yurisdiksiya səlahiyyətləri, ilk növbədə , ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı olsa da, Konvensiyanın 1-ci maddəsi mənasında yurisdiksiya anlayışı razılığa gələn yüksək tərəflərin dövlət ərazisi ilə məhdudlaşmır, dövlətin məsuliyyəti isə onun hakimiyyət orqanlarının hərəkətləri və hərəkətsizliyinin onun ərazisindən kənar nəticə verməsi səbəbindən ortaya çıxa bilər.

Təbii ki,  “Çıqarov işi” üzrə qərarın icrası təmin olunmayanadək, rəsmi Yerevanın ölkəmizdən Avropa Məhkəməsi ilə bağlı tələblər irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur. Təzminata gəlincə, Ermənistan tərəfi “Çıqarov işi “ üzrə qərarla bağlı təzminatı ödəməyənə qədər Azərbaycan hökuməti tərəfindən də təzminat ödənilməyəcək.

Ermənistanın  Avropa İnsan Hüquqları Məhkəməsində  Ramil Səfərovla  bağlı “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qaldırdığı iddiada proses zamanı bəyan edildiyi kimi, Azərbaycan hökuməti 2004-cu ildə baş vermiş məlum əməli qəbul etmir və ona hər hansı şəkildə bəraət qazandırmağa çalışmır. Ramil Səfərov bu əməli fərd kimi törədib, Azərbaycan dövlətini rəsmən təmsil etməyib. Buna görə də Azərbaycan dövləti üzərinə hər hansı bir məsuliyyət qoyula bilməz. Macarıstanda baş verən hadisəyə, daha sonra Ramil Səfərovun Azərbaycana ekstradisiyasına görə Azərbaycan dövləti məsuliyyət daşıya bilməz. Bu işə vaxtilə Macarıstan məhkəməsi tərəfindən baxılıb və məhkum edilmiş şəxs də əməlinə görə kifayət qədər uzun bir müddət cəzasını çəkib. Azərbaycan hökumətinə erməni təbliğatının ünvanlandığı bütün digər qarayaxma iddialarının da heç bir əsası yoxdur. Artıq beynəlxalq təşkilatlar da bu həqiqəti dərk etmək məcburiyyətindədirlər.

 

Çingiz QƏNİZADƏ,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

 

 

 

 

27 2020 21:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə