Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Azərbaycana münasibətdə onların ədalət tərəzisinin gözü kordur"

Müsahibimiz Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədr müavini, professor Jalə Əliyevadır

 

- Jalə xanım, məlum olduğu kimi, Avropa İnsan Hüquqları Məhkəməsi bu il mayın 26- da keçirdiyi  iclasında “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” adlı qərar qəbul edib. Həmin qərar 2004-cü ildə Macarıstanda Azərbaycan zabiti Ramil Səfərovla yaşanmış hamıya məlum olayla bağlıdır. Bu qərara münasibətinizi bilmək istərdik.

- Əvvəla, qeyd edim ki, bu qərarın Azərbaycan üçün ciddi hüquqi anlam və əhəmiyyət daşımadığı qənaətindəyəm. Bu qərar heç bir hüquqi məsuliyyət yaratmır və yarada da bilməz. Həm də ki, bu qərar, əslində, heç də gerçəklikləri, reallıqları təftiş etmir. Gerçəkliklər və reallıqlar da odur ki, Qarabağ od-alovunu canında, ruhunda yaşamış, çiyinlərində daşımış, hələ uşaq, yeniyetmə yaşlarında olarkən erməni qəddarlıqlarını görmüş, dogma ata-baba yurdundan zorla didərgin salınmış Azərbaycan gəncinin, Azərbaycan zabitinin nələr yaşadığını, daxilində hansı fırtınlar qopduğunu Avropa Məhkəməsindəkilər bilməyə bilər. Ancaq bunu yaşayanlar çox yaxşı bilir və olduğu kimi də qiymətləndirir. Əslində, Avropa Məhkəməsi, onun arxasında dayanan dairələr bu məkanda, bu coğrafiyada, eləcə də dünyamızda, həqiqətən, əsl haqq-ədalət carçıları, təəssübkeşləridirlərsə, son 32 ildə Azərbaycan xalqının, Azərbaycan türklərinin - indiki Ermənistan adlanan dövlətdə, həm də Azərbaycanımızın özündə - başına gələn və gətirilən erməni vandalizminə,  barbarlığna, ermənilərin insanlıq, bəşər əleyhinə olan cinayətkar əməllərinə qiymət verməli idilər. Ən azı Xocalı soyqırımına, sivil dünyanın gözləri önündə törədilmiş bu dəhşətli qətliama ədalətli qiymət versələr, onu soyqırımı aktı kimi tanısalar, hərbi canilər olan Sarkisyanları, Koçaryanları, Ohanyanları və digər əli qanlı "yan" ları məşhər ayağına çəksəydilə,nəticədə 2004-ci ildə də məlum hadisə yaşanmazdı… Amma təəssüf ki, bunlar olmadı, edilmədi və… Ona görə Avropa Məhkəməsinin ədalətdən danışmağa haqqı yoxdur və  bu qurumun  Ramil Səfərovla bağlı hər hansı qərarı da bizim üçün Qarabağ uğrunda haqlı savaşımızda heç bir anlam kəsb edə, heç bir əngəl, maneə ola, bizi yolumuzdan geri döndərə bilməz.

Bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında da vurğulandığı kimi, bütün bəlaların kökündə Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti və bu siyasətin hələ də öz həllini tapmamış nəticələri durur. Bu baxımdan da, iki xalq arasındakı düşmənçiliyə son verilməsinin yeganə yolu münaqişənin nəticələrinin aradan qaldırılması, yəni Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərindən işğalçı qüvvələrin çıxardılması və bu ərazilərdən didərgin salınmış yüz minlərlə  soydaşımızın  fundamental hüquqlarının təmin edilməsidir. Kaş ki, Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı həyata keçirtdiyi təcavüz siyasətini və Ramil Səfərovun məhz bu təcavüz siyasətinin qurbanına çevrilən bir milyondan artıq məcburi köçkündən biri olduğunu da qeyd edəydi… Amma… təəssüf ki, Azərbaycana münasibətdə onların Ədalət Tərəzisinin gözü hələ də kor olaraq qalır. Həm də Avropa hələ də ikili standart mərəzindən əl çəkə bilmir.

- Burada hiddət və qəzəb doğuran məqamlardan biri də xaricdə və ölkəmizin daxilində yaşayan bəzi dönüklərin, xəyanətkarların yenidən fəallaşması, Azərbaycan dövlətinin, iqtidarın, bütövlükdə,  xalqımızın üzərinə gəlməsidir. Bunun səbəbini nədə görüsünüz?

-Onların niyə belə etdiyi elə bilirəm ki, hər kəsə yaxşı məlumdur.  Xəyanətkarlar üçün heç bir dəyər, heç bir ülvi hiss, Vətən, dövlət, xalq təəssübkeşliyi deyilən anlam yoxdur. Belə ünsürləri  ancaq və ancaq öz çirkin və cılız şəxsi maraqları düşündürür. Qulluqlarında dayandıqları, alətlərinə çevrildikləri dairələrin əmr qullarıdırlar və  aldıqları əmrə uyğun da hərəkət edirlər. Biz zaman-zaman bunun şahidi olmuşuq. Həmin  anti- Azərbaycan  dairələrin kimliyi hər kəsə bəllidir-ermənipərəst mərkəzlər… Ancaq bilsinlər və unutmasınlar ki, nə qədər cəhd etsələr də, heç nəyə nail ola bilməyəcəklər. Hər zaman olduğu kimi, bundan sonra da məğlubiyyətə məhkum olacaqlar və daim  nifrətlə  qarşılanacaqlar. Azərbaycan xalqı və dövləti nə xəyanətkarlara , nə də anti-Azərbaycan dairələrə məğlub olacaq, əksinə, həm bu cəbhədə, həm də hərb meydanında qələbə, zəfər qazanacaqdır. Ramil Səfərova gəlincə, o, bu xalqın dəyərli, qiymətli oğullarındandır. 2004-cü ildən bu yana Azərbaycan xalqı və dövləti öz oğlunu necə qoruyubsa, ona necə sahiblənibsə, bundan sonra da elə o şəkildə qoruyacaq, o şəkildə də sahiblənəcəkdir. Belə mərd , igid və qəhrəman oğullarımız hər bir soydaşımız üçün əziz və unudulmazıdr.

 

Müsahibəni qələmə aldı:

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

27 2020 18:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə