Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva gənclərə tariximizə və mədəniyyətimizə aid kitablar hədiyyə edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunda yaşayan gənclər üçün “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirib. Tovuz Gənclər Evi, Düz Qırıqlı Musiqi məktəbini, bir sıra kənd məktəblərini əhatə edən və Cümhuriyyət bayramına həsr olunmuş aksiya çərçivəsində gənclərimizə dünyagörüşlərini daha da zənginləşdirmək, zamanlarını daha da səmərəli keçirmək məqsədi ilə kitablar hədiyyə olunub.

Kitablar Azərbaycan tarixini özündə əks etdirən əsərləri, romanları, tanınmış yazarların əsərlərini, mədəniyyətimizə dair əsərləri əhatə edir. Hər zaman gəncləri daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağıran deputat Q.Paşayeva “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”- deyib və bildirib ki, “bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır. Uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar”-- deyən Qənirə Paşayeva onları özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib.

Deputat bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini, dilini, mədəniyyətini dərindən öyrənməlidir. Q.Paşayeva eyni zamanda gənclərimizi Cümhuriyyət günü münasibətilə təbrik edib və dünyada pandemiya olan koronavirusdan qorunmaq üçün onlara tibbi-gigiyenik vasitələr də hədiyyə edib.

Tovuz Gənclər Evinə Q.Paşayeva tərəfindən hədiyyə edilən 300 maska Tovuz Gənclər Evinin könüllüləri tərəfindən insanlara hədiyyə edilib və onlarla koronavirus pandemiyasından qorunmaq üçün maarifləndirici söhbətlər də aparılıb.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

27 2020 13:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə