Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Regional İnkişaf” İctimai Birliyi Tovuza bayram sovqatı göndərib

“Respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva başda olmaqla Heydər Əliyev Fonduna və “Regional İnkişaf” İctimai Birliyinə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejimi tətbiq olunduğu dövrdə “Biz birlikdə güclüyük” layihəsi çərçivəsində minlərlə aztəminatlı Tovuz sakininə, o cümlədən rayonda yaşayan 350 şəhid və 150 digər həssas kateqoriyadan olan ailəyə ərzaq yardımı etdiyinə görə minətdarlığımı bildirirəm”. Bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Deputat verilən sovqatların müqəddəs Ramazan bayramı ərəfəsində vətəndaşlarımızın bayramlarına başqa ovqat qatdığını, könülləri fərəhləndirdiyini qeyd edərək deyib:

-- Əlbəttə, bayramlarda yad edilmək, şəhid ailələrini, həssas ocaqları ziyarət etmək xüsusilə gözəldir və bu gözəlliyin Heydər Əliyev Fondunun xətti ilə yaradılması könüllərə xitab edən unudulmaz bir hadisədir. Fond artıq bir xeyirxahlıq ünvanı, ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb. Xalqımız Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın adı gələndə, ona müraciət edəndə, onun hər hansı bir əməli fəaliyyət sahəsi ilə bağlı problemə diqqətinə şahid olduqda, öz inamını, etibarını ifadə edir, “O, adı kimi Mehribandır”-- deyir.

Milli Məclisdə təmsil etdiyim Tovuz seçicilərindən belə ümid, inam dolu sözləri, alqışları dəfələrlə eşitmişəm. Bu əziz bayram günlərində bunun bir daha şahidi olmaq çox xoş oldu. Mehriban xanımın təşəbbüsü, dəstəyi və himayəsi ilə həyata keçirilən çoxsaylı layihələr, xeyriyyə fəaliyyətləri, yaradılan işlək infrastrukturlar və ən ucqardakı ailələrədək gedib çatan yardımlar, yeni dövr tariximizin yaddaqalan, təsirli səhifələrini təşkil edir. Belə xeyirxahlıqlar, işə belə yaradıcı yanaşmalar xalqımızın çoxəsirlik zəngin mədəni-mənəvi keyfiyyətlərinin yeni dövr, yeni şəraitdə çiçəklənməsini, davam və inkişaf etməsini göstərməkdədir. Heydər Əliyev Fondu, “Regional İnkişaf” İctimai Birliyi, eləcə də Birliyin sıralarına qoşulmuş könüllülərin məsələlərə həm sevgi, həm də peşəkar yanaşması cəmiyyətimiz, vətəndaşımız üçün bir örnək təşkil edir, xeyirxahlıq institutunu dirçəldir, gələcək nəsillərə enerji, əxlaqi dəyərlər ötürür.  Bu özü bir milli, xəlqi, insani missiyadır. Cənab Prezidentin vurğuladığı kimi “Biz birlikdə güclüyük”! Ötən aylar boyu – koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi dövründə dövlət-xalq birliyi möhtərəm dövlət başçımızın bilavasitə rəhbərliyi ilə daha da gücləndi, bir daha öz parlaq təsdiqini tapdı. Bu duyğu, düşüncələrlə, ziyarət edilməli ocaqlara, alınmalı könüllərə, gedilməli ünvanlara, diqqətdən kənarda qalmış hansısa vətəndaşımıza dəstək olan hər kəsə bir daha təşəkkürlərimi bildirirəm.

Bir daha Heydər Əliyev Fondunun rəhbərliyinə, “Regional İnkişaf” İctimai Birliyinə, koronovirusla bağlı müəyyən məhdudiyyətlərin hələ də davam etdiyi günümüzə təsadüf edən builki Ramazan bayramı günlərindəki nəcib, xeyirxah işlərinə görə, seçicilərim adından, şəxsən öz adımdan bir daha minnətdarlığımı bildirirəm. Hər bir xeyirxah işin qeyd edilməsinin, cəmiyyətdə yaxşı örnəklərin tirajlanması, qədirbilənliyin, xeyirxahlığın, təşəkkür duyğusunun da inkişafı ilə şərtləndiyinə, həmrəyliyimizin daha da möhkəmlənməsinə xidmət etdiyinə inanıram.

Hazırladı, Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

27 2020 13:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə