Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Texnologiyaya aludə olmaq gözlərdə problem yaradır

Oftalmoloq Tariyel Rüstəmov kompüter arxasında uzunmüddətli iş zamanı və ya televizora baxarkən yaranan göz yorğunluğunu minimuma endirmək üçün aşağıdakı məsləhətlərə əməl etməyi tövsiyə edir:

--XXI yüzillik informasiya əsri kimi səciyyələndirilir. Bu dövrdə informasiya texnologiyalarından intensiv istifadə olunması cəmiyyətdə sosial vərdişə, hətta həyat tərzinə çevrilib. Xüsusilə də, telefon, planşet, kompüterlər informasiya ehtiyacı və istehlakını təmin etmək üçün əsas texnoloji vasitələr kimi çıxış edirlər. Bu texnoloji cihazlar ünsiyyət vasitəsi olmaqla yanaşı, internetə operativ qoşulmağa, musiqi dinləməyə, film seyr etməyə, kitab oxumağa və s. imkan verir. Təbii ki, bütün bu üstünlüklərlə yanaşı, xüsusi diqqət yetirilməli olan bir sıra vacib məqamlar var. Bunların sırasında sağlamlıq məsələləri ayrıca yer tutur. Özəlliklə də, göz sağlamlığının qorunması bu kontekstdə mühüm əhəmiyyətə malikdir.

Televizor, kompüter və mobil telefondan həddindən çox istifadə edilməsi gözlərdə yorğunluğa, quruluq kimi problemlərə səbəb olur. Bunun qarşısını almaq üçün kompüter arxasında uzunmüddətli iş və ya televizora baxarkən ekranın işıqlanmasını azaltmaq, gözləri tez-tez qırpmaq, iş bitəndən sonra yumub gözə bir neçə dəqiqə istirahət vermək, təbii göz yaşı damcılarından istifadə etmək lazımdır.

Lazer əməliyyatları ilə görmənin korreksiyası olunan şəxslər sadalanan problemlərlə daha çox qarşı-qarşıya qalırlar. Göz yorğunluğunu azaltmaq üçün 20--30 dəqiqəlik aralarla yaxın və uzaq məsafədə yerləşən obyektlərə baxılmalıdır.

Uşaqların texnologiyalara marağı erkən yaşdan başlayır. Zaman ötdükcə onlar internetdə daha çox vaxt keçirirlər. Araşdırma nəticəsində məlum olub ki, uşaqlar gün ərzində internetdə orta hesabla 7 saat vaxt keçirirlər. Mütəxəssislər qeyd edirlər ki, kompüterdən düzgün istifadə uşaqlara fayda gətirə bilər, yanlış istifadə isə onlara fiziki və psixoloji cəhətdən zərər verə bilər. Statistikaya görə, 8 yaşlı uşaqlar arasında orta hesabla 10 nəfərdən 5-6-sı hər gün internetə daxil olur. Uşaqlar kompüterdən müəyyən biliklər əldə edirlər, amma onların kompüter qarşısında saatlarla, fasiləsiz əyləşməsi təhlükəlidir. Texnologiyaya aludə olmaq fiziki və psixoloji sağlamlıq baxımından müəyyən problemlər yaradar. Çox vaxt uşaqlar kirpiyini qırpmadan uzun müddət kompüterin arxasından qalxmırlar. Bu uşaqların göz fokusunu pozur. Nəticədə gözlərin buynuz qişası quruyur, göz sağlamlığını itirir və kiçik yaşlardan gözlərin zəifləməsinə gətirib çıxarır. Digər tərəfdən, bu maraqlar daha da dərinləşərək onları internetdən asılı vəziyyətə salır.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti “

26 2020 16:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə