Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tibbi maskalardan istifadənin vacibliyi

“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül ABDIYEVA tibbi maskadan istifadə etməyən və koronavirus haqqında yanlış məlumatlar yayaraq insanlar arasında çaşqınlıq yaradanlarla bağlı lazımi qaydada ölçü götürülməsini təklif edir. Belə insanlara ancaq cərimələrlə təsir etməyin mümkünlüyünü bildirir. O bu barədə deyir:

--İndiyədək virusun yayılmasının qarşısını almaq üçün tibbi maskadan istifadə ilə bağlı kifayət qədər tövsiyələrin verilməsinə baxmayaraq, insanların bu təlimatlara əməl etməməsi təəssüf doğurur.

Bir çox ölkələrdə tibbi maskadan istifadəyə görə cərimələr tətbiq edilir. Pandemiya başlayandan bu günə qədər ölkəmizdə bu məsələyə humanist yanaşılıb, belə cərimələr tətbiq edilməyib. Bu məsələ daha çox vətəndaşların sosial məsuliyyətinin öhdəsinə buraxılıb. Lakin insanlar bu məsələdə də sosial baxımdan məsuliyyətsizlik edib qaydalara riayət etmirlər.

Qapalı məkanlarda koronavirusun yayılması daha sürətli olduğu üçün tibbi maskalardan istifadə olduqca zəruridir. Belə məkanlarda maskadan imtina etmək yalnız həmin insanın özü üçün deyil, ətrafdakı insanlar üçün də ciddi təhlükə yaradır.

Nazirlər Kabineti yanında Operatriv Qərargahın təlimatlarına əsasən, qapalı məkanlarda, xüsusilə metroda tibbi maskadan istifadə edilməlidir. Lakin çox təəssüf ki, bəzi insanlar maskanı yalnız metroya daxil olan zaman istifadə edirlər. "Mənə heç nə olmaz" anlayışı ilə, yarana biləcək fəsadlardan ehtiyatlanmayaraq, vaqona minən kimi tibbi maskanı çıxarır və ya onu nəfəs yollarından kənara çəkir, polis işçiləri yaxınlaşan kimi isə maskadan istifadə görüntüsü yaradırlar. Bir çoxları hələ də başa düşmək istəmirlər ki, tibbi maskadan istifadə onlar üçün qoyulan süni bir məcburiyyət deyil.

Hazırkı dövrdə virusdan qorunmağımızın əsas yollarından biri gigiyenik vasitələrdən qaydasında istifadə etməkdirsə digəri tibbi maskalardan istifadədir.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

26 2020 16:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə