Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İnsanlarda pozitiv test nəticəsindən daha dəhşətli qorxu var”

COVİD-19 pandemiyasının dünyada və ölkəmizdə yayılmağa başladığı gündən insanların sağlamlıqlarının keşiyində dayanan həkimlər bu zamana kimi böyük mətanət, əzm və fədakarlıq nümunəsi sərgiləyərək bu virusa yoluxan xəstələri tez bir zamanda xilas etmək üçün gecə-gündüz çalışırlar. Azərbaycan Tibb Universiteti Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri, Tədris-Cərrahiyyə Klinikasının radioloqu Məlahət Sultanova ilk gündən koronavirusla mübarizəyə könüllü qoşulan həkimlərimizdəndir. O deyir:

-- Mən ixtisasca radioloqam. Bu mübarizənin ilk günlərindən bu sahəyə dair araşdırmalar apardım və pandemiyanın geniş yayıldığı ölkələrin təcrübələri ilə tanış oldum. Mətbuatda və sosial şəbəklərdə COVİD-19 ilə məşğul olan radiologiya şöbələrinin işinin düzgün qurulması ilə bağlı vacib məqamları həmkarlarımla bölüşdüm. Qeyd etmək istəyirəm ki, müasir radiologiyada xüsusi hazırlanmış PACS sistemi vasitəsilə görüntülərin distant dəyərləndirilməsi tətbiq edilir. Bu sistem həm infeksion risk, həm də dəyərləndirmə keyfiyyəti baxımından çox əhəmiyyətlidir. Görüntüləri həm distant, lazım gəldiyi hallarda lokal aparıram. Görüdüyümüz şərəfli işimiz və sonda qazanacağımız qələbə ümidi geyindiyimiz xüsusi paltarların çətinliyini hiss belə etdirmir. Radiologiya şöbəsinin texniklərinin əməyini xüsusilə qeyd edilməlidir. İşimizin texniki baxımdan ən çətin tərəfi onların üzərinə düşür. 8 saat bu geyimdə xəstələrlə birbaşa ünsiyyət, infeksiya və radiasiya riski, görüntülərin mükəmməl alınması və digər vacib məqamlar onlardan böyük məsuliyyət tələb edir.
Radiologiya şöbəsin işçilərinin COVİD-19 xəstələri kontaktda olan ilk tibb personalı olduğundan, infeksiyalaşmadan ciddi qorunma tədbirlərinə daha çox əməl edilməlidir. Xəstəliyin törədicisi yüksək dərəcədə kontagiozdur və yoluxma respirator damcılar və infeksiya təhlükəsi daşıyan səthlərə toxunan zaman baş verir. Son tədqiqatlarda virusun plastik və polad səthlərdə 72 saatadək qala biləcəyi göstərilir ki, bu da müayinə vaxtı işlədilən bütün avadanlıqların diqqətli dezinfeksiyasını tələb edir. Bu baxımdan radiologiya şöbəsinin texnikləri həm potensial şüalanmaya, həm də infeksiya riskinə dair yenilənmiş fərdi qorunma tədbirlərina dair daim məlumatlandırılmalıdırlar.
İlk koronavirus xəstəsinin radioloji görüntüsünə aprelin 1-də baxdım. 
Çox qəribə hisslər keçirdim. Bu hisslər həm artıq bu virusun ölkəmizdə də yayılmasının məyusluğu, digər tərəfdən isə siravi bir səhiyyə əsgəri olaraq bu xəstələrin sağlamlığı naminə mənim də əməyimin olacağı şərəfi ilə dolu idi. 
Xəstəliyin ilk əlamətlərinə quru öskürək, hərarətin yüksəlməsi və təngnəfəslik aid edilir. Bu vaxtadək baxdığımız xəstələrin 60 faizdən çoxunda bu əlamətlər müşahidə edilib. İnsanlarda sanki pozitiv test nəticəsindən dəhşətli bir qorxu var. Xəstələr bu əlamətləri hiss etdikdə belə bu qorxu ilə çox vaxt həkimə müraciət etmirlər, nəticədə proses ağırlaşır. Təbii ki, bu faktorlar həm müalicəyə, həm də proqnoza mənfi təsir göstərir. Xüsusən, onu qeyd etmək istəyirəm ki, ilk günlərlə müqayisədə indi qəbul etdiyimiz xəstələrin ağciyərlərindəki dəyişikliklər daha ciddi xarakter daşıyır. Bu da insanlarda pandemiyaya qarşı inamsızlıqla əlaqədardır. Son zamanlar karantin rejiminin məhdudiyyətləri yumşaldıqca insanlar çox yaxın təmasda olurlar, lazımi qaydalara əməl etmirlər. Onlara insanlardan qorunma tədbirlərinə düzgün əməl etməyi, maskadan istifadəni, xəstəliyin hər hansı miminal kliniki simptomlarını hiss etdikdə mütləq həkimə müraciət etməyi məsləhət görürəm.

Hazırladı: Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

26 2020 15:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə