Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum təminatının dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə vəsait ayrılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin sərəncamı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən:

1. Kənd təsərrüfatı məhsulları istehsalçılarına məhsul yığımı başa çatmış ərazilərdə təkrar qarğıdalı əkinləri üçün toxum təminatına birdəfəlik dəstək məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 5.000.000,0 (beş milyon) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

2.1. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanları ilə birlikdə torpaq-iqlim xüsusiyyətləri, suvarma imkanları nəzərə alınmaqla təkrar qarğıdalı əkinləri üçün uyğun ərazilərin müəyyən edilməsi və suvarma suyu ilə təminatı istiqamətində tədbirlər görsün;

2.2. 2020-ci ilin məhsulu üçün təkrar qarğıdalı əkini aparan kənd təsərrüfatı məhsullarının istehsalçılarına qarğıdalı toxumunun alınması məqsədilə hər hektara 60 manat məbləğində birdəfəlik vəsaitin verilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, “ 22 ”  may  2020-ci il

№ 220 s

24 May 2020 18:26 - RƏSMİ SƏNƏDLƏR
RƏSMİ SƏNƏDLƏR

Köhnə versiyamızdan xəbərləri izlə