Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımız bu fədakarlığınızı heç zaman unutmayacaq, cənab Prezident!

“Ədalət sizin işinizdə əsas prinsip ol­malıdır və indiki şəraitdə, pandemiya dövründə insanlara daha çox yardım, kömək göstərilməlidir... Azərbaycanda pandemiya ilə əlaqədar tətbiq olunan mexanizm hesab edirəm ki, ən yüksək qiymətə layiqdir. Biz yüz minlərlə insanın sosial vəziyyətinin pisləşməsini nəzərə alaraq, onlara yar­dım göstəririk. Bu yardım insanları bu ağır vəziyyətdə ruhlandırır, eyni zamanda, onla­rın maddi imkanlarının təmin edilməsində rol oynayır. Biz bunu edirik ki, insanlar bu vəziyyətdən çıxsın və az itkilərlə çıxsınlar. İlk növbədə, koronavirusla bağlı mübarizədə görülmüş işlər yüksək qiymətə layiqdir. Eyni zamanda, koronavirusa görə işini itirən, yaxud da ki, müvəqqəti olaraq itirən insanların da yardımına dövlət gəlməlidir. Ona görə dövlət hər zaman bu işlərdə apa­rıcı rolunu oynayacaq və siz də yerlərdə Azərbaycan dövlətinin nümayəndələrisiniz. Ona görə sizin işinizdən, eyni zamanda, ümumiyyətlə, Azərbaycanda görülən işlər haqqında da təsəvvür yaranır”. Mayın 21-də Prezident İlham Əliyev Seymur Orucovu Ağstafa, Elçin Rzayevi isə İmişli rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olumaları ilə əlaqədar videoformatda qəbul edərkən dediyi bu fikirlər, əslində, təkcə onlara deyil, bütün məmurlara ünvanla­nıb. Dövlət başçımızın proqram xarakterli həmin çıxışı hər bir vəzifəli şəxs üçün “yol xəritəsi”dir desək, yanılmarıq.

Prezident çıxışında əlavə etmişdir ki, bu gün Azərbaycan yeniləşir, müasirləşir və yeni kadrlardan çox şey asılıdır. İnsanların inamı, əhval-ruhiyyəsi, ədalətə inanması bir çox hallarda yerli rəhbərlərin işindən asılıdır. Siz elə işləməlisiniz ki, insanlar sizə inansın­lar, sizi dəstəkləsinlər və sizin işinizdən razı olsunlar.

Dövlət başçımıza ünvanlanan minnətdarlıq məktublarında da bütün bunlara görə dərin razılıq hissi öz əksini tapır.

El bir olsa…

Möhtərəm cənab Prezident!

Mən torpaqlarımızın bütöv­lüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş oğlum Faiq Piriyevin xatirəsinə Sumqayıt şəhəri, 33 nömrəli orta məktəbdə xatirə lövhəsinin vurulmasına və şəhid ailələrinə göstərilən xüsusi dövlət qayğısına görə Sizə təşəkkür edirəm. Biz bununla böyük təsəlli tapırıq. Vətənimizə sevgimiz, dövlətimizə güvənimiz daha da artır.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu gün bütün dün­yanı çənginə alan pandemiya ilə bağlı vaxtında gördüyünüz qabaqlayıcı tədbirlərlə xalqımızı qoruduğunuza və aztəminatlı insanlara maddi yardım göstərdiyinizə görə məmnunluq hissi duyuruq. “El bir olsa, dağ oynadar yerindən”, – deyiblər. Biz öz birliyimizlə hər bir çətinliyin öhdəsindən gəlmək iqtidarındayıq.

Sizə bir daha təşəkkür edirəm.

Hörmətlə, Gülüzar Tapdıq qızı Piriyeva, şəhid anası, Sumqayıt şəhəri

Dövlətimiz pandemiyaya qarşı bir addım öndədir

Möhtərəm və əziz Prezidenti­miz, cənab Ali Baş Komandan!

COVID-19 pandemiyasının qəfil meydana çıxması ilə dünya düzənində xaos vəziyyəti yaradıb, dövlət idarəçiliyini, siyasi liderləri çətin sınaqla üz-üzə qoyub. Sizin yüksək dünyagörüşünüzlə Azərbaycanda son bir neçə ayda qəbul edilən, ciddi nəzəri və praktiki təhlil qabiliyyətinizə, böyük siyasi təcrübənizə, dərin təfəkkürünüzə əsaslanan qərarlarınız dövlətimizin bu bəlaya qarşı mübarizədə bir addım öndə olmasını təmin etdi.

“Biz birlikdə güclüyük!” çağırışı­nızla apardığınız müdrik siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahının dayandığını bir daha göstərdiniz.

Bütün bunlara görə Şəmkir rayon Çaparlı kənd sakinləri adın­dan Sizə təşəkkürümüzü bildirir və gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Əziz Prezidentimiz, Sizə inamı­mız böyük və sonsuzdur.

Hörmətlə, Kamal Yunis oğlu Quliyev, Ceyhun Hümbət oğlu Namazov, Daşdəmir Novruz oğlu Əsgərov, İnam Hikmət oğlu Mirzəliyev, Vüsal Ağalar oğlu Hüseyinov və başqaları

Hər şeyə görə təşəkkür edirik

Hörmətli cənab Prezident!

Mənim 69 yaşım var. Çernobıl hadisələrinin iştirakçısıyam. İnsan­ların bəla ilə üzləşməsinin nə oldu­ğunu bilirəm. Buna görə də Sizin koronavirus pandemiyasına qarşı tədbirlərinizi, “Evdə qal” çağırışla­rınızı yüksək qiymətləndirirəm.

Hər şeyə görə Sizə təşəkkür edirik. İllər keçəcək, ancaq Sizin Azərbaycan xalqı üçün etdikləriniz unudulmayacaq.

Hər şeyə görə çox sağ olun, cənab Prezident!

Hörmətlə, Nuriyyə İsrafilova, Samux rayonu, Alıuşaqlı kəndi

Sizə minnətdarlığımızı bildiririk

Hörmətli cənab Prezident!

Bu məktubu yazaraq Sizə minnətdarlığımı bildirmək istəyirəm. Dünyada koronavirus xəstəliyi baş verdiyi vaxtda Sizin qayğıkeşli­yiniz, vətənpərvərliyiniz bir daha göz qarşısındadır. Dünyada baş verən təhlükəli pandemiya hamı kimi, bizi də narahat edir. Çox sağ olun ki, qabaqlayıcı tədbirlər görür, aztəminatlı, işsiz vətəndaşların qay­ğısına qalırsınız. Sizin bu humanist addımlarınız əvəzedilməzdir.

İşsiz vətəndaş olaraq mənə də 190 manat verildi, ailəm və övladlarım sevindi. Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Arzu edirəm ki, tezliklə bü­tün dünya bu bəladan qurtulsun. Doğma Azərbaycanımız sosial-iqtisadi inkişafını davam etdirsin, həmişə yüksəklərdə duran qabaqcıl ölkələrdən olsun!

Sizə uzun ömür, cansağlığı arzulayıram. Həmişə Sizi dəstəkləyirik.

Hörmətlə, Elman Hüseyn oğlu Xəlilov, İsmayıllı şəhəri

Sizin könüllü əsgərlərinizik

Cənab Prezident!

Dünyanı bürüyən pandemiya dövründə Azərbaycan vətəndaşları Sizin tapşırığınızla xüsusi diqqət və qayğı ilə əhatə olundu. Pan­demiya dövründə 600 mindən çox vətəndaşa maddi kömək göstərildi, bir çox fond və təşkilatlar tərəfindən ərzaq yardımı edildi. Azərbaycan gənci, Azərbaycan könüllüsü olaraq qürurla və fəxrlə ərzaq yardımlarının çatdırılmasın­da iştirak etdik.

Cənab Prezidentimiz, Sizin sərəncamınızla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıl­dı. Sizin və birinci xanımı Mehriban Əliyevanın bir illik əməkhaqqınızı bu fonda ianə etməyiniz Azərbaycan xalqına olan diqqət və qayğının daha bir göstəricisi oldu. Xalqımızın həmrəyliyi bir daha dün­yaya nümunə oldu. Böyük şirkətlər, iş adamları, həmçinin bizim kimi sadə vətəndaşlar da fonda ianə etdilər.

Cənab Prezidentimiz, 2020-ci ili Azərbaycanda “Könüllülər ili” elan etməyiniz bizə böyük sti­mul verdi. 2013-cü ildən qürurla və fəxrlə Azərbaycan könüllüsü adını daşıyıram. Biz sizin könüllü əsgərlərinizik. Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Hörmətlə, Şahin Azər oğlu Əliyev, Göyçay rayonu

Qətiyyətiniz qarşısında baş əyirik

Möhtərəm cənab Prezident!

Dünyanı çənginə alan ko­ronavirusun ölkəmizə təsirinin minimuma endirilməsi üçün görülən tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti oldu­ğunuzu sübut edir.

COVID-19 infeksiyasının dünyanın ən qüdrətli dövlətlərində böyük tələfatlara səbəb olduğu halda, ölkəmizə ciddi ziyan vura bilməməsi bir daha göstərdi ki, Sizin uzaqgörənliyiniz sayəsində ölkəmizdə bu virusa qarşı mübarizə çox yüksək səviyyədə təşkil edildi. Əhalinin sağlamlığının qorunması ön plana çəkildi. Dünyanın pande­miya ilə üz-üzə qaldığı, dövlətlərin iqtisadi cəhətdən zəiflədiyi bir vaxt­da Sizin sərəncamınızla əhalinin rifahının daha da yaxşılaşdırılması üçün hazırlanan sosial paketlərdən bütün təbəqələrdən olan insanlar yararlanıb.

Cənab Prezident, biz Sizin apardığınız daxili və xarici siyasətinizi daim dəstəkləyirik. Bu­nun səbəbi isə Sizin Azərbaycan xalqının xoşbəxt, firavan yaşa­ması, həmçinin sağlamlığının qorunması üçün yorulmadan çalışmağınızdır. Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gərgin və yorulmaz fəaliyyətiniz Azərbaycanın daha gözəl və qüdrətli olmasına, insanlarımızın xoşbəxt yaşaması­na xidmət edir. Sizin qətiyyətiniz qarşısında baş əyirik. Əminik ki, xalqımız bu xidmətlərinizi heç bir zaman unutmayacaq.

Sizin xalqa xidmətiniz bu­günkü və gələcək nəsillər üçün nümunədir. Biz Sizinlə qürur duyu­ruq! Biz birlikdə güclüyük!

Hörmətlə, İnqilab Qurban oğlu Nəzərov, Bakı şəhəri

Təqdim etdi: Qüdrət PİRİYEV, “Xalq qəzeti”

23 May 2020 15:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə