Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xalqı hər bəladan qoruyan lidersiniz!”

Vətəndaşlar ölkə başçısına minnətdarlıqlarını bildirirlər

Dünyada yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə hələ də davam edir. Bəzi ölkələrdə karantin rejimi müəyyən dərəcədə yumşal­dılsa da, həyatın normal axarına düşməsi üçün məhdudlaşdırıcı qada­ğalar qüvvədə qalır. Lakin digər ölkələrlə müqayisədə Azərbaycanda pandemik şəraitin ağırlaşması müşahidə olunmur və koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlətin ciddi nəzarəti altındadır. Heç kimə sirr deyil ki, məhz Prezident İlham Əliyevin qabaqlayıcı və vaxtında atılmış addımları sayəsində koronavi­rusun yayılmasının qarşısı alındı, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atıldı və bu genişmiqyaslı tədbirlər indi də davam etdirilir. COVID-19 bəlasının ağır nəticələrə yol açmaması, əhalinin sağlamlığının qorun­ması və eləcə də aztəminatlı təbəqənin, həmçinin müxtəlif iqtisadi subyektlərin maliyyə baxımından dəstəklənməsi xalq tərəfindən yüksək qiymətləndirilir və bununla əlaqədar Prezident İlham Əliyevə ünvanlanan məktublarda vətəndaşlarımız dövlət başçısının Azərbaycanın daha da güclənməsinə yönəlmiş genişmiqyaslı addımlarını tam dəstəklədiklərini vurğulayırlar.

Hacıqabul rayonundan 85 yaşlı ağsaqqal Cəbrayıl Xıdırov Prezident İlham Əliyevin koronavirusla bağlı apardığı mübarizəyə görə minnətdarlığını bildirir: “Mən Hacıqabul rayonunun əməksevər vətəndaşları adından Sizə və Mehriban xanım Əliyevaya səmimi təşəkkürümü bildirirəm. Siz uzaqgörən siyasətiniz nəticəsində qısa müddət ərzində uğurlu bir yol seçib həyata keçirdiniz. Dünyanı bürüyən koronavirusa qarşı mübarizədə gör­düyünüz uğurlu tədbirlər sayəsində ölkəmizdə itkilər elə də böyük olmadı”, – yazan C.Xıdırov həm də tezliklə şanlı bayrağımızın Qarabağın hər guşəsində, Xankəndidə, Şuşada dalğalan­masını arzuladıqlarını əlavə edir.

Cəlilabad rayonu, Suluçeşmə kənd sakini, Nəzakət Zeynalova da böyük fədakarlıqla xalqımızın qayğısına qaldıqlarına görə ölkə başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirir: “Bu ağır günlərdə xalqımıza həm mənəvi, həm də maddi kömək göstərdiniz. Sizin düşünül­müş və uzaqgörən tədbirləriniz nəticəsində koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısı alındı. Siz bir Prezident, uzaqgörən siyasi xadim kimi xalqa yaxınsınız, bizimlə birlikdəsiniz. Biz də qəlbən, ruhən Sizinləyik”.

Bu gün artıq heç kimə sirr deyil ki, dün­yanı əsir almış koronavirus bəlasına qarşı Azərbaycan uğurla mübarizə aparır və ölkəmizin COVID-19-la mücadiləsi bir çox ölkələrə nümunə göstərilir. Əlbəttə ki, belə uğurlu mübarizənin əsas səbəbi Prezident İlham Əliyevin təhlükə yarandığı ilk gündən vəziyyəti tam nəzarətə götürməsi və həyata keçirilmiş genişmiqyaslı tədbirlər sayəsində xəstəliyin geniş yayılaraq ağır nəticələrə yol verilməməsidir. Vətəndaşlarımız dövlət başçısına ünvanladıqları məktublarda onun hədəfəyönümlü addımlarını alqışlayaraq Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edirlər. Zaqatala rayonundan Əliyardan Əliyev yazır: “Hörmətli cənab Prezident. Siz gənclərin fəaliyyətinə böyük önəm, yüksək qiymət verirsiniz. Biz gənclər də Sizin fəaliyyətinizin əsas dəstəkçiləri, davamçıları­nızıq. Gənclər ictimai həyatda çox fəal rol oy­nayır, bununla da özlərini Sizin köməkçiləriniz sayırlar”. Pandemiyanın Azərbaycanda aşkar olunduğu ilk gündən Prezident İlham Əliyevin bütün qüvvələri insanların sağlamlığının qorunmasına yönəltdiyini, yaranmış vəziyyəti ciddi nəzarətə aldığını vurğulayan Əliyardan Əliyev bir gənc olaraq dövlət başçsının bütün qərarlarına, addımlarına görə təşəkkür etdi­yini və ölkə rəhbəri ilə qürur duyduğunu da vurğulayır.

Masallı rayon sakinləri Zaur Nəciyev, Zayid Məmmədov, Mətanət Niftiyeva, Xanım Muradova, Əliniyaz Məmmədəliyev, Əlimərdan Rəhmətov və Çingiz Mirzəcanov ölkə rəhbərinə ünvanladıqları məktubda dünyanı bürümüş təhlükəli koro­navirus pandemiyası ilə bağlı tətbiq edilmiş xüsusi karantin rejimi dövründə rayonun aztəminatlı sakinlərinin maddi və ərzaq yardı­mı ilə təmin olunduqlarını bildirirlər. Bununla yanaşı, Masallıda bu xəstəliyin geniş yayıl­maması üçün görülən qabaqlayıcı tədbirlərin də səmərəli olduğunu, böyük itkilərin qarşısı­nın alındığını da vurğulayırlar. “Koronavirusla mübarizədə Azərbaycanımızın adının başqa ölkələrə nümunə kimi çəkilməsi bizi sevin­dirir və qürurlandırır. Bu nailiyyətlər Sizin uzun illərdən bəri yorulmaz fəaliyyətinizin sayəsində baş verdi”, – yazan Masallı rayon sakinləri buna görə də xalqımızın Prezident İlham Əliyevə minnətdar olduğunu bildirirlər.

Füzuli rayon sakinləri Vəli Şəmilov, Allahverdi Əliyev, Vahid İsgəndərov və Hacıəddin Səfərov yazırlar: “Bütün bəşəriyyət üçün təhlükə yaradan koronavirus xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Sizin rəhbərliyinizlə həyata keçirilən mübarizə tədbirlərini yüksək qiymətləndirir və alqışlayırıq. Sizin qabaq­layıcı tədbirləriniz sayəsində çox şükürlər olsun ki, ölkəmizdə faciəvi nəticələr qeydə alınmadı. Vətəndaşlarımız üçün böyük əhəmiyyət daşıyan bu məsələdə tutduğunuz qətiyyətli mövqeyə, atdığınız strateji addım­lara görə xalqımız Sizə hər zaman minnətdar olacaqdır”. Virusla mübarizə aparmaqla yanaşı, dövlətin aztəminatlı ailələri, işə getmək imkanından məhrum olan insanları diqqətdə saxlamasının, onlara 190 manat məbləğində birdəfəlik ödəmə verməsinin təqdir olunduğunu yazan məktub müəllifləri, xüsusilə əlavə edirlər ki, bu işlərə sevinən, bundan qəlbən məmnunluq hissi duyan milyonlarla vətəndaşın sırasındadırlar. Füzuli rayon sakinləri, həmçinin inandıqlarını da vurğulayırlar ki, tezliklə bu bəladan yaxamızı birdəfəlik qurtaracağıq.

Bütün dünya gördü ki, Azərbaycan dövləti yalnız öz resursları hesabına pandemiya­ya qarşı mübarizə üzrə səmərəli tədbirlər planı həyata keçirir. İqtisadiyyatın bütün sahələrinə dövlət dəstəyinin təmin edilməsi vətəndaşlar tərəfindən yüksək dəyərləndirilir. Daşkəsən rayonu, Xoşbulaq kənd sakini Əvəz İsgəndərov bununla bağlı yazır: “Siz ölkəyə rəhbərlik etdiyiniz gündən bəri həmişə Azərbaycan xalqının yanında olmusunuz və xalqın sosial problemlərini həll etmək, aztəminatlı ailələrin güzəranını yaxşılaşdır­maq üçün əlinizdən gələni əsirgəmirsiniz. Mən və ailə üzvlərim koronavirus pande­miyası dövründə xalqımızın sağlamlığının qorunması, həmçinin insanların çətinliyə düşməməsi üçün gördüyünüz işlərə görə Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk”. Ailəsinin pandemiya dövründə aldığı 190 manat birdəfəlik ödəmələrin çətin günlərdə tək olmadığını göstərdiyini yazan Ə.İsgəndərov əlavə edir ki, Prezident İlham Əliyev xalqımızı böyük çətinlikdən qurtardı: “Biz Sizə daim güvənirik. Bir daha təşəkkür edirik!”

Digər soydaşlarımız – Kürdəmirdən, Sar­van Ağasiyev, Bakıdan Cavanşir Poladov, Saatlıdan Qədim Ədilov və Mamed Ağayev, Şirvandan Təranə Tağıyeva koronavirusdan xalqımızı qorumaq üçün ölkə başçısının göstərdiyi səylərə görə minnətdarlıqlarını bildirir, bu şərəfli və məsuliyyətli işdə Prezident İlham Əliyevə yeni uğurlar arzulayır, dövlət başçısının hər bir addımını dəstəklədiklərini vurğulayırlar. C.Poladov yazır: “Sizin həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində koronavirusa qarşı aparılan düzgün mübarizə öz nəticəsini göstərdi. Siz xalqın dar günündə önə keçən, xalqı hər bəladan qoruyan li­dersiniz. Siz xalqın çətinliklə üzləşdiyi bir dövrdə 100 minlərlə vətəndaşımıza, istər vergi ödəyicisi olsun, istər işsiz, heç bir fərq qoymadan yardım etdiniz. Bu, xalqını sevən və dəyərləndirən Prezidentə layiq addımdır”. Qədim Ədilov və Mamed Ağayev koronavirus pandemiyası ilə mübarizədə dünyanın ən inkişaf etmiş ölkələrinin belə tədbir görməkdə gecikdiyi bir vaxtda Prezident İlham Əliyevin qabaqlayıcı tədbirlərinin Azərbaycanın bu sı­naqdan minimum itki ilə çıxmağına zəmin ya­ratdığını vurğulayır və xalqın dövlət başçısı ilə fəxr etdiyini bildirirlər. Bundan başqa, Q.Ədilov və Mamed Ağayev yazırlar ki, ölkə başçısının dövlətçiliyimizin inkişafı yolunda apardığı isla­hatlar, məmur özbaşınalıqlarına son qoyması yaxşı nəticələrini verməkdədir: “Sizin aldığınız qərarlar, bu çətin günlərdə paylanan yardımlar xalqın daha yaxşı yaşamasına hesablanmış­dır. Koronovirusdan xalqımızı qorumaq üçün göstərdiyiniz səylərə görə Sizə minnətdarlıq bildirir, bu şərəfli və məsuliyyətli işinizdə yeni uğurlar arzulayır, hər bir çağırışınıza əsgər kimi hazır olduğumuzu bildiririk!”

Hazırladı: Səbuhi MƏMMƏDOV. “Xalq qəzeti”

23 May 2020 15:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
1 Dekabr 2020 | 00:12
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə