Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qaydalara əməl etmək çağırışına qoşulmaq borcumuzdur

Ölkəmizdə COVID-19 virusuna qarşı mübarizə davam edir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər amansız xəstəliyi nəzarətdə saxlamağa imkan verib. Biz sumqayıtlılar üçün böyük şərəfdir ki, Prezident və birinci xanım Mehriban Əliyeva Sumqayıtdakı “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak etdilər.

Prezidentin bu müəssisədəki çıxışını diqqətlə dinlədim. O, ölkəmizdə pandemiya ilə mübarizənin insanların sağlamlığına xidmət etdiyini, bu sahədə həyata keçirilən tədbirlərin nəticələri, tibbi sənayenin inkişafının vacibliyi ilə bağlı fikirlərini söylədi. Dövlət başçısı dedi: “Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda tibbi sənayenin inkişafı daha aktual mövzuya çevrilibdir. Bildiyiniz kimi, bu sahə Azərbaycanda az inkişaf edib, bir çox hallarda biz idxaldan asılı idik və bu gün də bu davam edir. Ancaq koronavirus pandemiyası hər bir ölkə üçün gözlənilməz bir bəla oldu və bütün ölkələr, ilk növbədə, öz daxili resurslarını səfərbər etməyə çalışmış və pandemiyaya qarşı mübarizə üçün lazım olan tədbirləri görməyə başlamışdır, o cümlədən, Azərbaycan. Deyə bilərəm ki, Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir”.

Son vaxtlar Sumqayıtda pandemiya ilə mübarizə istiqamətində görülən tədbirlər təqdirəlayiqdir. Bu sahədə gənclərin fəaliyyətini məxsusi qeyd etmək istərdim. Şəhərimiz son illər gözəlləşib, ekoloji cəhətdən təmiz məkana çevrilib. İşzizlərin sayı azalıb. Bunu Dövlət başçısı xüsusi olaraq vurğuladı: “Bütövlükdə bu gün Sumqayıtın inkişafı böyük dərəcədə şəhərin sənaye potensialı ilə bağlıdır. Mənə verilən məlumata görə, “Gilan Tekstil Park”da işləyənlərin 95 faizi Sumqayıt şəhərinin sakinləridir. Son illərdə Sumqayıtda onlarla yeni müəssisə yaradılıbdır və mən bu müəssisələrin açılışlarında iştirak etmişəm. Onların arasında, xüsusilə iki nəhəng, flaqman müəssisəni qeyd etmək istərdim – azot gübrələri zavodu və polimer zavodu. Bu zavodların tikintisinə dövlət çox böyük vəsait xərcləyib. Ancaq digər zavodların fəaliyyəti sırf özəl sektor tərəfindən təşkil edilib, əlbəttə, dövlətin dəstəyilə. Bildiyiniz kimi, Sumqayıtda iki sənaye parkı fəaliyyət göstərir – Sumqayıt Texnologiyalar Parkı və Sumqayıt Kimya Sənaye Parkı. Sumqayıt Kimya Sənaye Parkının ərazisi 10 hektarlarla ölçülür. Tamamilə təmizlənmiş bu ərazidə yeni infrastruktur layihələri icra edilib. Özəl sektor da artıq bu parkda uğurla fəaliyyət göstərir, hər il burada bir neçə müəssisə açılır. Beləliklə, Sumqayıt nəinki Azərbaycanın, eyni zamanda, Cənubi Qafqazın ikinci böyük sənaye şəhərinə çevrilib. Sovet dövründən fərqli olaraq, bu gün burada fəaliyyət göstərən sənaye müəssisələri bütün ekoloji standartlara cavab verir.”

Cənab Prezidentin çıxışında bir narahatlıq da hiss olunurdu. Ölkə başçısı vətəndaşları qaydalara əməl etməyə, özlərinin və ətrafdakıların sağlamlığını qorumağa çağırdı. Bu çağırış hər birimiz üçün qanun olmalıdır. “ Mən qeyd etdiyim kimi, bu sahədə aparıcı beynəlxalq təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı bizim işlərimizə yüksək qiymət verir. Təkcə o qalıb ki, vətəndaşlar məsuliyyət və nizam-intizam göstərsinlər. Əlbəttə, nəzarətedici mexanizm daha da təkmilləşdirilməlidir. Əlbəttə, karantin rejimi yumşaldıqca, nəzarət etmək üçün də müəyyən problemlər yaranır. Ancaq buna baxmayaraq, bütün müvafiq orqanlara göstəriş verildi ki, onlar nəzarəti gücləndirsinlər”, – deyə Prezident bildirdi.

Biz gənclər də bu sahədə öz üzərimizə düşən vəzifələri yerinə yetirməyə, cənab Prezidentin çağırışına əməl etməyə borcluyuq.

Əlif BAYRAMOV, Sumqayıt sakini

23 May 2020 15:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə