Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

REACT – C19 layihəsinin ikinci mərhələsi uğurla yekunlaşıb

Azərbaycanda COVID-19-a qarşı hazırlıq və mübarizə tədbirləri çərçivəsində xəstəxanalarda əsas bacarıqları sürətlə artırmaq məqsədilə həyata keçirilən REACT-C19 layihəsinin ikinci mərhələsi uğurla yekunlaşıb. Bir ay yarımdır davam edən və indiyədək 8 xəstəxananı əhatə edən layihədə Türkiyədə işləyən 19 azərbaycanlı həkim iştirak edir. AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı mayın 22-də layihənin ikinci mərhələsinin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu müddət ərzində REACT-C19 heyəti seçilmiş xəstəxanalardakı mövcud vəziyyəti qiymətləndirib və boşluqların aradan qaldı­rılmasında xəstəxanalara dəstək olub: “Ba­kıdakı 4 xəstəxanada – Mərkəzi Neftçilər Xəstəxanası, “Yeni klinika”, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Tədris Cərrahiyyə klinikalarında işlərini yekunlaşdırdıqdan sonra həkimlər dörd bölgəyə – Gəncə, Ağdaş, Goranboy və Şəmkirə yola düşüblər.

REACT-C19 heyəti ÜST-ün Xəstəxana Hazırlıq Siyahısından istifadə edərək seçilmiş xəstəxanalarda mövcud vəziyyəti dəyərləndirib, problemlərin aradan qaldırıl­masına dəstək olub, eləcə də xəstəxanaların hazırlıq səviyyəsini artırmaq üçün orada çalışan həkimlərlə birgə fəaliyyət planı üzərində işləyib. Standart qiymətləndirmə alətinin istifadəsi tibb işçilərinin gündəlik fəaliyyətlərində işlərinin daha səmərəli aparılmasına yardımçı olub.

Həkim-mütəxəssislər infeksiyanın qar­şısının alınması, nəzarət komitələrinin ya­radılması və gücləndirilməsi, eləcə də triaj sistemlərinin qurulması üzərində çalışıblar. Bu tədbirlər infeksiyanın tibb işçilərinə, xəstələrə və ailələrə yayılmasını minimuma endirmək üçün vacibdir. Bu müddət ərzində həkimlər, tibb bacıları və xəstəxanalardakı köməkçi heyət daxil olmaqla 400-dən çox tibb işçisi REACT-C19 həkimlərinin keçir­diyi təlimlərdə iştirak edib. Onlar təlimlərin keçirilməsi və standartların yaradılması ilə yanaşı, ağır xəstələrin müalicəsinə dair bilik və təcrübələrini yerli həkimlərlə bölüşüblər. REACT-C19 heyəti iyunun sonunadək Azərbaycanın müxtəlif bölgələrində fəaliyyətini davam etdirəcək.

Xəstəxanaların rəhbərliklərinə və işçilərinə bu prosesdə göstərdikləri misilsiz xidmət üçün, həkimlərimizə isə verdikləri əvəzsiz töhfələrə görə təşəkkür edirik”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev Azərbaycanda yanvardan etibarən koronavirusla mübarizə tədbirləri çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə qarşılıqlı əməkdaşlığın davam etdiyini deyib. Onun sözlərinə görə, layihə başlamazdan əvvəl ÜST-ün ekspertləri ilə seçilən pandemiya xəstəxanalarında müvafiq işlər görülüb. Ş.Fətullayev layihədən bəhs edərək deyib: “REACT-C19 layihəsinin ikinci mərhələsi uğurla yekunlaşıb. Ha­zırda növbəti mərhələdəyik. Əminəm ki, Türkiyədən gələn soydaşlarımızın pande­miya dövründə ölkəmizdəki həmkarlarına dəstəyi çox müsbət nəticələr verəcək və biz az itki ilə koronavirusa qarşı mübarizəni başa çatdıracağıq”.

Milli Məclisin deputatı Soltan Məmmədov bildirib ki, Prezident İlham Əliyevin pandemiyanı məğlub etmək üçün bütün resursların səfərbər edilməsinə səbəb olan “Biz birlikdə güclüyük” müraciəti dünya ictimaiyyətinə koronavirus pande­miyası ilə vahid mübarizədə həmrəylik nümayiş etdirmək üçün şüar olmalıdır. O, REACT-C19 layihəsini həmrəyliyimizi göstərmək, bu çətinliyin öhdəsindən gəlmək və bütün səyləri səfərbər etmək üçün beynəlxalq tərəfdaşlığın ən yaxşı nümunəsi adlandırıb.

“Bir ay əvvəl Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Bi­rinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və tapşırığı ilə Heydər Əliyev Fondu, Ümumdünya Səhiyyə Təşkilatı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən koronavirus­la mübarizədə REACT-C19 layihəsinin icrasına başlanılıb. REACT-C19 layihəsi ölkəmizdə bütün sahələrdə davamlı həyata keçirilən islahatlar çərçivəsində prioritet yer tutan kadr potensialının gücləndirilməsi tədbirlərinin bir nümunəsidir. Bu layihə səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə paralel olaraq fədakarlıqla ön cəbhədə çalışan tibb işçilərinin davamlı olaraq bilik və bacarıqlarının artırılması, beynəlxalq təcrübədən bəhrələnməsi və lazımi elmi-texniki dəstəyin alınması baxımından çox önəmlidir. Əminəm ki, layihənin növbəti mərhələdə icrası uğurla davam edəcək və biz onun müsbət nəticələrinin şahidi olaca­ğıq”, - deyə S.Məmmədov bildirib.

Qeyd edək ki, REACT-C19 layihəsi Heydər Əliyev Fondu, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentli­yi, TƏBİB, USAID, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və Koreya Res­publikası ilə birgə əməkdaşlıq çərçivəsində ÜST tərəfindən Azərbaycanda COVID-19-a qarşı xəstəxanalarda əsas bacarıqları ar­tırmaq məqsədilə həyata keçirilir. Hazırda Türkiyədə yoluxucu xəstəliklər, pulmonolo­giya, anesteziologiya və reanimasiya, daxili orqan xəstəlikləri üzrə işləyən 19 həkim REACT-C19 heyətində təmsil olunur.

23 2020 15:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə