Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın siyasi rəhbərliyinin oyunları nəticəsiz qalacaq

Mayın 21-də Ermənistan sülh prosesinə ən yüksək səviyyədə zərbə vuran bir addım ataraq, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin erməni icmasına özünün təşkil etdiyi qanunsuz “seçki” şousu ilə təyin et­diyi qondarma “prezident” üçün qondarma “andiçmə mərasimi” təşkil etdi. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Dağlıq Qara­bağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev səsləndirib. İcma rəhbəri qeyd edib ki, bu təxribat Ermənistanın siyasi rəhbərliyinin ən yüksək səviyyədə təmsilçiliyi ilə Azərbaycanın işğal olunmuş Şuşa şəhərində, Azərbaycan kinoteatrının binasında təşkil edilib.

Bütün addımlar – qondar­ma “seçki” şousu, qondarma “andiçmə” tədbiri və ən əsası, bu tədbirin Azərbaycan üçün xüsusi mənəvi önəmi olan yerdə – Şuşada təşkili bir məqsədə – sülh danışıqları­nın nəticəsiz qalmasını təmin etməyə xidmət edirdi.

Onun sözlərinə görə, ma­yın 21-də təşkil edilən “tədbir” o qədər mənasız və əsassız idi ki, qondarma rejimin yeni oyuncaq “rəhbəri” öz çıxışında Ermənistan baş nazirinin 2019- cu ilin avqustunda Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə” ifadəsini eynilə təkrar edib.

“Belə olan halda sual olunur ki, əgər Qarabağ Ermənistandırsa, sən kimsən? Cavab isə, əslində, çox aydın­dır – Ermənistan tərəfindən münaqişənin mahiyyətini təhrif etmək məqsədilə işğal edilmiş Azərbaycan ərazilərinə təyin olunmuş qondarma nümayəndə” , – deyə T.Gəncəliyev əlavə edib.

O bildirib ki, Ermənistanın siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq. Münaqişənin mahiyyəti ən yüksək səviyyədə hüqu­qi təsdiqini BMT və digər beynəlxalq təşkilatların qətnamə və bəyanatlarında tapıb. ATƏM-in (indiki ATƏT) 1992-ci ilin mart ayında Helsinkidə keçirilən sammi­tinin yekun sənədində aydın göstərildiyi kimi, Ermənistan və Azərbaycan respubli­kaları münaqişə tərəfləri, Azərbaycanın Dağlıq Qa­rabağ bölgəsinin erməni və azərbaycanlı icmaları isə münaqişənin maraqlı tərəfləridir.

T.Gəncəliyev vurğulayıb ki, Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsi Azərbaycan Res­publikasının ayrılmaz tərkib hissəsidir və bu, dəyişdirilə bilməz. Azərbaycan Respub­likası Konstitusiyasının 11-ci maddəsində də göstərildiyi kimi, Azərbaycan Respublika­sının ərazisi vahiddir, toxunul­mazdır və bölünməzdir.

“Bir daha bəyan edi­rik ki, münaqişə yalnız ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, işğalçı Ermənistan ordusunun Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması və öz torpaqlarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin bütün işğal olun­muş ərazilərə geri qayıtma­sından sonra həll edilə bilər. Bölgədə davamlı və ədalətli sülhün təmini isə yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni və azərbaycanlı icma­larının ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində, sülh şəraitində birgə yaşayışı ilə mümkündür. Bu, bizim üçün “qırmızı xətt”dir və region­da sülhün təmin olunması üçün başlıca şərtdir”, – deyə T.Gəncəliyev bildirib.

23 2020 14:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə