Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin növbəti Avropa zəfəri: “Şərq Tərəfdaşlığı”nda yeni mərhələ

Nəhayət, sükut pozuldu. Qlobal koronavirus pandemiyasının yaratdığı geosiyasi və informasiya burulğanı fonunda Avropa İttifaqı (Aİ) da daxil olmaqla, böyük güclərin xarici siyasətdə atacaqları konkret addımlar sanki “yaddan çıxmışdı”. Dövlət başçıları əsasən pandemiyanın meydana gətirdiyi yeni dünya mənzərəsini analiz etməyi və ondan çıxış yollarını axtarmağı ön plana çəkirdilər. Reallıqda isə həmin güclər heç biri praktiki təkliflə çıxış etmirlər. Nəticədə, dünya geosiyasi qarışıqlığın və risklərin getdikcə artdığı meydanı xatır­ladır. Bunun fonunda Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı atdığı addımlar ekspertlərin marağına səbəb olub. 2020-ci ildən sonra həmin istiqamətdə Brüs­selin nəzərdə tutduğu əməkdaşlıq şərtləri üzərində geniş dayanmağa ehtiyac gördük. Bu məsələni Azərbaycanın “Şərq Tərəfdaşlığı” proqramının üzvü kimi yeritdiyi siyasət işığında silsilə yazılarda araşdırmağı vacib sayırıq.

2009-cu ildən başlanan yol: Azərbaycanın düzgün əməkdaşlıq kursunun bəhrələri kontekstində

Mayın 11-də Brüsseldə Avropa İttifaqı Şurası “Şərq Tərəfdaşlığı” siyasəti ilə bağlı yeni sənədi təsdiq etdi. Dünya mediası dərhal bu məsələni hərtərəfli araşdırma­ğa başladı. Təbii ki, Azərbaycan mətbuatı və ekspert dairələri də bu hadisəyə aktiv reaksiya verməli idi. Çünki Azərbaycan Aİ ilə onun Şərq qonşuları arasında siyasi birlik və daha sıx iqtisadi inteqrasiyanın təşviqinə yönəlmiş “Şərq Tərəfdaşlığı” proqramının 6 üzvündən biridir. Hətta bu proqram çərçivəsində Rusiya və Belarusla bərabər tam müstəqil mövqeyi olan dövlətdir!

Azərbaycan KİV-lərində haqlı olaraq Aİ Şurasının qəbul etdiyi və təsdiqlədiyi yeni sənədin ölkəmizin maraqlarına daha çox cavab verdiyi vurğulanır. Məsələnin bu aspektini, Aİ-nin yeni sənədinin indiki məzmununa gətirib çıxaran mərhələlərin təkamül dinamikası­nın qısa tarixçəsini araşdırdıqda, daha aydın görmək mümkün olur. Beləliklə, Aİ Şurasının təsdiqlədiyi yeni sənəddə ifadə olunan müddəaların kökündə hansı məqamlar dayanır və onlar hansı dəyişikliklərin diqtəsi ilə formala­şıb?

Məlumdur ki, “Şərq Tərəfdaşlığı” təşəbbüsü Aİ tərəfindən 2009-cu ildə dövriyyəyə daxil edilib. Öncə bu proq­ram başlıca olaraq postsovet məkanının 6 ölkəsi – Azərbaycan, Ukrayna, Moldova, Ermənistan, Gürcüstan və Belarusla assosiativ üzvlüyə qədər dərin və hərtərəfli əlaqələr qurmaq məqsədi daşıyır­dı. Əslində, keçən müddətdə bu məqsəddə elə bir ciddi dəyişiklik olmayıb. Sadəcə, “öncə” sözünü ona görə vurğulayırıq ki, Brüs­sel bu məqsədə çatmaq üçün o zaman iki prinsipə üstünlük verirdi. Birincisi, proqrama daxil olan ölkələri özünün xarici siyasi məqsədlərinin obyekti kimi qəbul edirdi. Üzv dövlətlərin hansısa ciddi müstəqil marağını çox az düşünür, bəlkə də heç nəzərə almırdı.

2009-cu ildən sonra baş verən geosiyasi proseslər, xüsusilə Rusiyanın fəallığı bu prinsipin tam yanlış olduğunu göstərdi. Lakin bundan əsas olaraq Azərbaycan düzgün və obyektiv nəticə çıxara bildi. Ukrayna, Gürcüstan və Mol­dova tələsik assosiativ üzvlüyün “ağuşuna atılmaları”nın mənfi nəticələrini hələ də öz üzərlərində hiss etməkdədirlər. Ermənistan isə özünü demək olar ki, beynəlxalq arenada tam biabır etdi. Bir gecənin içində forpost ölkənin rəhbərliyi Aİ-nin ümidlərini puç edərək özünü Kremlin qucağına atdı.

İkincisi, Brüssel “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində üzv dövlətlərə yardımları başlıca olaraq özünün geosiyasi, siyasi və təhlükəsizlik maraqlarına uyğun reallaşdır­mağa çalışırdı. Bu zaman həmin təşəbbüsə daxil olan ölkələrin suverenliyi, sosial-iqtisadi və mədəni inkişafda müstəqil addım­lar atması Aİ-ni az maraqlandırırdı. Bu isə zaman-zaman bir tərəfdən digər qlobal geosiyasi güclərlə Brüssel arasında, digər tərəfdən isə üzv ölkələrlə Aİ arasında ziddiyyətlərin meydana gəlməsinə səbəb olurdu. Təcrübə göstərdi ki, hər iki səbəbin təsiri çoxdur.

Belə ki, “Şərq Tərəfdaşlığı” ilə bağlı keçirilən sammitlərdə Brüssel mövqeyinə düzəlişlər etdi. Proqramdan üzv dövlətlərin Aİ-yə üzvlüyü məsələsi çı­xarıldı. Geosiyasi vəziyyət nəzərə alınaraq daha yumşaq əməkdaşlıq formulu təklif edildi. Bundan başqa, 2013-cü il Vilnüs sammitində Azərbaycan asso­siativ üzvlüyü özü üçün normal hesab etməyərək, xüsusi strateji əməkdaşlıq formulunu təklif etdi. Açıq demək lazımdır ki, Bakının bu addımı aydın səmada şimşək effekti yaratdı. Brüssel ciddi surətdə anladı: elə suveren ölkələr var ki, onun hər dediyinə “baş üstə” deməyəcək! Hətta daha mü­asir, geniş, səmərəli və qarşılıqlı fayda verə bilən model təklif edə bilər! Məhz Azərbaycanın tutdu­ğu prinsipial, qətiyyətli, müasir tələblərə cavab verən suveren mövqeyi Aİ-ni “Şərq Tərəfdaşlığı” proqramı üzərində yenidən düşünməyə vadar etdi. Şübhəsiz, bu, Azərbaycan Prezidentinin əhəmiyyətli diplomatik qələbəsi idi.

Brüssel düzəliş edir: “Şərq Tərəfdaşlığı” və BMT-nin 2030-cu il hədəfləri

Bütün bunlar Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramı ilə özünün qonşuluq siyasəti arasında daha sıx bağlantı qurmaq cəhdlərində maraqlı ifadəsini tapdı. 2015-ci ildə qonşuluq siyasətinə ciddi korrektələr etdi. Brüsselin yeni siyasətində təhlükəsizlik və xa­rici siyasətin strateji məqsədləri xüsusi yer tutdu. Bununla yana­şı, Aİ-nin davranışında strateji xarakterli bir düzəliş baş verdi. Məsələ ondan ibarətdir ki, Aİ təhlükəsizliyə və xarici siyasətin strateji məqsədlərinə artıq geo­siyasi, hərbi və xarici siyasətdə dominantlıq prizmasından deyil, başqa sahələrdə inkişafa və sabitliyə nail olmaq vasitəsilə çatmaq yolunu seçdi. Bunun üçün təşkilat BMT-nin 2030-cu ilə qədər reallaşmalı olan 17 əsas in­kişaf istiqamətlərini “çətir” olaraq istifadə etməyə başladı.

BMT-nin həmin inkişaf istiqamətləri sosial, mədəni, iqtisadi və ekoloji sferalarda irəliləyişə və dövlətlərarası əməkdaşlığa nail olmağı nəzərdə tutub ki, bunda son məqsəd bütövlükdə dünyanın dayanıqlı inkişafına çatmaqdan ibarətdir. Bunun üçün 17 istiqamət çərçivəsində BMT 169 vəzifə müəyyən edib. Belə görünür ki, Aİ BMT-dən nümunə götürərək sabitliyi və dayanıqlı inkişaf perspektivini sosial, mədəni, iqti­sadi və ekoloji aspektlərdə həm təşkilat daxilində, həm də yaxın qonşularla münasibətlərdə yeni əməkdaşlıq səviyyəsini təmin etməkdə görməyə başladı.

Bu mövqe Azərbaycanın təklif etdiyi əməkdaşlıq formuluna tam uyğun idi və təsadüfi deyil ki, həmin zamandan sonra Brüssel Bakı ilə danışıqlarda daha fəal olmağa başladı. Aparılan danı­şıqlar hər iki tərəf üçün səmərəli olan xətt üzrə getməkdədir. Onun ilk təsdiqi 2017-ci ilin fevralında Aİ və Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqla­ra start verilməsi oldu. 2018-ci il iyulun 11-də isə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının sədri Do­nald Tuskun iştirakı ilə Azərbaycan və Aİ arasında tərəfdaşlığın prioritetləri haqqında sənəd paraf­landı.

Brüssel daha tez-tez Azərbaycanla əməkdaşlığın, xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, sosial-iqti­sadi sferada əlaqələrin inkişa­fının strateji əhəmiyyətindən bəhs etdi. Bakıya rəsmi səfərə gələn Aİ-nin yüksək vəzifəli rəsmiləri Azərbaycan Prezi­denti ilə əməkdaşlıqda çox maraqlı olduqlarını ifadə etdilər. Azərbaycanın həyata keçirdi­yi çoxlu sayda iqtisadi, enerji, mədəni və ekoloji layihələr Aİ-ni Cənubi Qafqazda bu ölkəni əsas tərəfdaş kimi görməyə məcbur etdi. “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr edilmiş yubiley sammitində bu, özünü qabarıq surətdə göstərdi. Həmin sammit həm də 2015-ci il Riqa sammitində müəyyənləşdirilən yeni 4 baza əməkdaşlıq istiqamətinin bir daha təsdiqlənməsi zərurətini nümayiş etdirdi. Onu mütləq vurğulamaq lazımdır ki, 2017-ci il beşinci “Şərq Tərəfdaşlığı” sammitində (Brüssel) bu istiqamətlər üzrə 2020-ci ilədək 20 əsas hədəf müəyyən edilmişdi. Məhz onlara qısa nəzər saldıqda 2020-ci ildə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Aİ-nin siyasətinin məzmununun başlıca məqamları aydın olur.

Beləliklə, 4 əsas istiqamət və 20 hədəf nələrdən ibarətdir? Keçən müddətdə həmin hədəflərə nə dərəcədə nail olundu? 4 pri­oritet istiqamət kimi aşağıdakılar müəyyənləşdirilib:

1) iqtisadiyyatın möhkəmləndirilməsi (iqtisadi inki­şaf və bazar imkanlarının daha da yaxşılaşdırılması);

2) idarəetmə sisteminin möhkəmləndirilməsi (uyğun idarəetmə və idarəçilik institutları­nın gücləndirilməsi);

3) qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi (qarşılıqlı əlaqələrin nəqliyyat, enerji, ətraf mühit və iqlim dəyişikliyi sferala­rında artırılması);

4) cəmiyyətin möhkəmləndirilməsi (insanlar arasında mobillik və təmasların genişləndirilməsi).

Kamal ADIGÖZƏLOV

23 May 2020 14:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
25 Sentyabr 2020 | 13:53
Əli Əsədov sərəncam imzalayıb

Köhnə versiyamızdan xəbərləri izlə