Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Könüllülük hərəkatı Azərbaycanın davamlı inkişafına mühüm töhfələr verir

Mən şadam ki, Azərbaycanda çox müasir, dövlətə, Vətənə bağlı olan gənc nəsil yetişir və ASAN könüllülərinin fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Çünki siz bu işlərə könüllü şəkildə qoşulmusunuz, özünüz bu təşəbbüsü göstərmisiniz və işinizlə ölkəmizin ümumi inkişafına töhfənizi verirsiniz. Bu, çox gözəl haldır, təqdirəlayiq hadisədir. Əminəm ki, bütün başqa sahələrdə könüllülər institutu Azərbaycanda daha da sürətlə formalaşacaq və ümumiyyətlə, bu, cəmiyyətin niyyətini ifadə edir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Bu gün Azərbaycanda geniş təşəkkül tapmış və ictimai həyatımızın, demək olar ki, bir hissəsinə çevrilmiş sahələrdən biri könüllülük hərəkatıdır. Hərəkat, təbii ki, çox qədim tarixə malikdir və hazırda bütün dünyada da, elə Azərbaycanda da onun çox faydalı ardıcılları var. Bu mənada hərəkatın təşviqi ilə bağlı dövlət səviyyəsində görülən tədbirləri də uğurlu hesab etmək olar. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2020-ci ili “Könüllülər ili” elan etmişdir. Bundan başqa, Azərbaycan gəncləri arasında da könüllülük hərəkatına meyil güclüdür. Hazırda gənc və istedadlı oğlan və qızlarımızın iştirakı ilə yaradılmış onlarca ictimai təşkilat məhz bu məqsədə, xalqa könüllü yardım amalına xidmət edir.

Tarixi təcrübə

Könüllülük hərəkatının tarixi haqqında danışarkən, zənnimizcə, çox uzaqlara gedib çıxmalı, bəlkə də bəşəriyyətin ən qədim dövrlərinə səyahət etməliyik. Bu da onunla əlaqədardır ki, tarix boyu bəşəriyyət müxtəlif təbii proseslərlə, fəlakət və müharibələrlə, ayrı-ayrı epidemioloji və pandemik vəziyyətlərlə qarşılaşıb. Həmin dövrlərdə hələ könüllük ifadəsi bəlkə heç yaranmamış olsa da, insanlar bir-birinə yardım etməyə can atmışlar. Zənnimizcə, müxtəlif tarixi dövrlərdə dini təbliğat və təşviqat aparmış xadimləri də bu sıraya əlavə etmək olar. Onlar da heç kəsdən hər hansı təmənna ummadan bu missiyanı ulu Yaradan yolunda könüllü şəkildə yerinə yetirmişlər. Bu gün dünyada mövcud olan bəzi gərəkli, eləcə də ziyanlı dini missioner təşkilatları da onların davamçıları hesab etmək, zənnimizcə, doğru olardı.

Yəqin ki, könüllülük hərəkatına dünyanın ayrı-ayrı xalqlarının ictimai həyatında müəyyən rol oynamış bu istiqamətli təşkilatları da aid etmək olar. Belə nümunələrə Avropa ölkələrinin tarixində daha çox rast gəlinir. İkinci Dünya müharibəsi illərində bir çox ölkələrdə, o cümlədən, SSRİ-də tibb bacılarının könüllü surətdə cəbhələrə gedərək döyüşən orduya yaxıından yardım etməsi də könüllülük hərəkatının mühüm nümunələridir. Beynəlxalq Qırmızı Xaç Komitəsini, eləcə də Türkiyədəki Qızıl Ay Cəmiyyətini, Azərbaycandakı Qızıl Aypara Cəmiyyətini də könüllülük hərəkatının modeli hesab etmək olar.

XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək, BMT könüllüləri tərəfindən koordinasiya olunmağa başlayıb və beləliklə, könüllülük dünyada kütləvi bir sosial hərəkata çevrilib.

2020 – “Könüllülər ili”

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə bağlı sərəncamı müasir mərhələdə hərəkatı səmərəli fəaliyyətə yönəltməyin mühüm yollarından biri kimi dəyərləndirilməlidir. Sərəncamda bildirilir ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirməyin, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük, həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Sənəddə qeyd edilir: “Bu fəaliyyətin təşviqi məqsədilə dövlətimiz tərəfindən zəruri addımlar atılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, dövlət dəstəyi mexanizmləri formalaşdırılmışdır. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır.

Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar”.

Gənclər hərəkatın lokomotivi kimi

Bu gün birmənalı şəkildə demək olar ki, könülülülk hərəkatını gənclərsiz təsəvvür etmək mümkün deyil. Azərbaycan gəncləri bu hərəkatın lokomotividir və son illərdə, xüsusən Prezident İlham Əliyevin böyük dəstəyi sayəsində könüllülük fəaliyyəti sahəsində ciddi uğurlara imza atıblar. Bu gün onlar öz fəaliyyət sahələrini genişləndirərək, həm də miqrasiya, diaspor, gömrük, aqrar inkişaf və digər sahələrdə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarına yardım edirlər. Son illərdə könüllülük hərəkatı respublikamızın davamlı inkişafının təmin olunmasında mühüm rol oynayır.

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi faydaya əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqaməti hesab olunur. Unutmamalıyıq ki, müasir Azərbaycanda könüllülük sahəsində real inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998–2000-ci illərdə bu proqramın nəticəsi olaraq, ölkədə güclü könüllü komandası yaradılıb və könüllülük prinsiplərinin geniş auditoriyada təbliğinə start verilib.

XXI əsrin əvvəllərindən etibarən Prezident İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi olub. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac vardı və əlbəttə, bu sahədə könüllülüyün mühüm önəm daşıması danılmaz idi. Beləliklə, Azərbaycanda könüllülük fəaliyyətinin yeni inkişaf mərhələsində təkanverici rolu 2009-cu ildə Milli Məclisin qəbul etdiyi "Könüllü fəaliyyət haqqında” Qanun təşkil etdi. 10 maddədən ibarət qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında ASAN Könüllüləri Təşkilatı (AKT) yaradıldı.

1 saylı “ASAN kommunal” mərkəzinin açılışında Prezident İlham Əliyev könüllülərin “ASAN xidmət”dəki rolunu yüksək qiymətləndirirdi: “Mənə verilən məlumata görə, 10 min gənc artıq könüllü kimi “ASAN xidmət” mərkəzlərində işləyib və bu insanların bir çoxu bu gün müxtəlif vəzifələrdə, müxtəlif işlərdə ölkəmizin gələcək inkişafı üçün çalışırlar. Hazırda bütün bu mərkəzlərdə 700-dən çox könüllü fəaliyyət göstərir”.

Azərbaycanda könüllülük hərəkatının genişlənməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xidmətləri danılmazdır. Məhz onun təşəbbüsü ilə təsis olunmuş “Regional İnkişaf” İctimai Birliyinin əsas məqsədi ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda layihələr reallaşdırmaq, ictimai nəzarəti həyata keçirmək, ölkədə aparılan islahatlara, o cümlədən dövlət tərəfindən regionların inkişafına yönəlmiş tədbirlərə geniş dəstək göstərməkdir. Hazırda təşkilatın fəaliyyəti bütün respublika ərazisini əhatə edir və onun 9 regional mərkəzi yaradılıb. İctimai Birliyin fəaliyyətində bölgələr üzrə 500-dək könüllü iştirak edir. Bu hərəkatda da gənclər böyük rol oynayırlar.

Heydər Əliyev Fondu ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə istər respublikamızda, istərsə də beynəlxalq miqyasda həyata keçirdiyi humanitar, mədəni layihələrlə xalqımızın zəngin mədəni irsinin təbliğinə, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasına, ölkədə elm, təhsil və səhiyyənin inkişafına töhfələr verir. Bu mənada “Regional İnkişaf” İctimai Birliyi də regionlarda əhalinin sosial-iqtisadi problemlərinin həll olunmasında, onların bilik və bacarıqlarının artırılmasında, potensialının reallaşdırılmasında çoxsaylı layihələr həyata keçirib.

Pandemiya dövrünün özəllikləri

Azərbaycan könüllüləri son aylarda dünyada geniş yayılmış koronavirus pandemiyası dövründə də dövlətin və xalqın yanında olmuş, COVİD-19-a qarşı mübarizədə, eləcə də aztəminatlı ailələrə yardımlar paylanmasında fəal iştirak etmişlər. Xüsusən, “Könüllü DOST” proqramında iştirak edən könüllülərin fəaliyyəti qeyd olunmalıdır. Onların 30-dan artıq nümayəndəsi pandemiya dövründə tənha və köməksiz insanlara yaxından kömək edib, dəstək göstərib. Bu istiqamətdə Yeni Azərbaycan Partiyasının, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və digər könüllü cəmiyyətlərinin nəzərəçarpan fəaliyyəti olub.

Prezident İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bu məsələyə toxunaraq deyib ki, gənclər son illər ərzində ictimai həyatda çox fəal rol oynayırlar. O, könüllüləri xüsusilə qeyd edib: “Mən çox şadam ki, qısa müddət ərzində Azərbaycanda çox böyük, çoxminli könüllülər ordusu yaradılıb və könüllülər öz işi, öz əməlləri ilə cəmiyyətdə çox böyük rəğbət qazana biliblər, bizim ümumi işimizə çox böyük töhfə verirlər. Könüllülər hərəkatı ASAN könüllülərdən başlamışdır. Bu gün ASAN könüllüləri, sözün əsl mənasında, Azərbaycan gəncliyinə xas olan ən gözəl xüsusiyyətləri özlərində birləşdirirlər, o xüsusiyyətləri təcəssüm etdirirlər. Hazırda digər sahələrdə də könüllülər kifayət qədər geniş fəaliyyət göstərirlər. Mən daim onların fəaliyyətini izləyirəm və onların fəaliyyətinə yüksək qiymət verirəm. Mənim göstərişimlə mərkəzi və yerli icra orqanlarında da könüllülər işə cəlb edilməlidirlər. Siz də icra hakimiyyəti başçısı kimi, bu məsələyə diqqət yetirin ki, həm ictimai nəzarət baxımından işlər daha yaxşı getsin, həm ictimai fəallıq artsın və bu gün insanları narahat edən məsələlər öz həllini tapsın”.

Beləliklə, bu gün Azərbaycanda böyük bilik və təcrübəyə yiyələnmiş geniş könüllülər ordusu fəaliyyət göstərir. Bu il dövlət başçımızın sərəncamı ilə onların ilidir. Hesab edirik ki, bu sahədə səmərəli xidmətlərini davam etdirən gənclərimiz öz fəaliyyətlərində humanizm, insansevərlik, xalqa və dövlətə xidmət kimi dəyərlərə sadiq qalaraq, Azərbaycanın tərəqqisi naminə böyük əzmlə çalışmaqda davam edəcəklər.

Paşa ƏMİRCANOV,“Xalq qəzeti”

23 2020 14:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə