Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neft strategiyası iqtisadi inkişafa və sosial rifaha xidmət edir

Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir.

Heydər ƏLİYEV
Ümummilli lider


Dövlət müstəqilliyimizin ilk illərində, olduqca ağır geosiyasi şəraitdə ümummilli lider Heydər Əliyevin gərgin səyi nəticəsində imzalanan “Əsrin müqaviləsi” Xəzər dənizi hövzəsində beynəlxalq əməkdaşlıq üçün əlverişli zəmin yaradıb, regionun enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişib. Müqavilə çərçivəsində Xəzərin Azərbaycan sektorundakı dərinsulu yataqların işlənilməsi üçün ölkəyə zəruri texnologiyalar, müasir istehsalat üsul­ları cəlb edilib, kəşfiyyat, hasilat, qazma, neft-qaz emalı və kimyası, informasiya texnologiyaları, insan resurslar–bir sözlə, bütün sahələr üzrə innovativ metodlar tətbiq edilib.

İyirmi altı il əvvəl həmin müqavilənin imzalan­ması ötən dövr ərzində müstəqil Azərbaycanın inkişafını böyük dərəcədə təmin edib. Bu müddətdə müqavilədən əldə olunan gəlirlər ölkəmizin bütün sahələrində özünü büruzə verib. Respublika sənayesi müasir tələblər səviyyəsində modernləşdirilib, yeni isteh­salat sahələri və iş yerləri yaradılıb, qeyri-neft sektoru gücləndirilib. Zəngin tarixə malik neft-qaz sənayesi öz inkişafının yeni, daha yüksək mərhələsinə qədəm qoyub. Nəticədə, həyata keçirilən regional və qlobal birgə layihələrdə bütün istehsa­lat, inşaat və quraşdırma işləri ölkə daxilində, SOCAR və digər yerli müəssisələr tərəfindən uğurla icra olunub.

O zaman “Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən biri də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını gerçəkləşdirmək üçün çoxva­riantlı boru nəqliyyat infrast­rukturunun yaradılması idi.

Yeri gəlmişkən, həmin vaxt mövcud Bakı–Novorossiysk marşrutu ilə Azərbaycan neftinin daşın­ması üçün 1996-cı ilin yan­varında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalandı. Bundan bir il sonra həmin xətt istifadəyə verildi, 1998-ci ildə isə “Azəri-Çıraq-Günəşli” yataq­lar blokundan hasil edilən neftin fəaliyyəti bərpa olunan Bakı–Novorossiysk kəməri ilə Qara dənizə ixracı reallaş­dı. Lakin “Əsrin müqaviləsi” çərçivəsində hasil ediləcək böyük neft həcmləri ilə müqayisədə bu kəmərin ötü­rücülük qabiliyyəti məhdud idi. Ona görə də ixrac boru kəmərlərinin çoxvariantlılığı­nın zəruriliyi məsələsi ortaya çıxdı və alternativ variantlar üzərində ciddi iş aparılmağa başlanıldı. Beləliklə, 1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqli haqqında Azərbaycan və Gürcüstan arasında saziş imzalan­dı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac termi­nalı istismara verildi.

Lakin bu da neftin tam nəqli üçün kifayət etmirdi. Başqa sözlə, Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri Azərbaycanın getdikcə artan iri neft həcmlərini dünya bazarına ixrac etmək iqtidarında de­yildi. Elə buna görə də əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası zərurəti yarandı. Belə olan təqdirdə ulu öndər Heydər Əliyev Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ideyasını gündəmə gətirdi. Respublikamızın həm daxildəki, həm də xaricdəki bədxahları müxtəlif bəhanələr gətirərək, beynəlxalq ictimai rəydə, guya, Azərbaycanın gələcəkdə bu kəmərlə ixrac etmək üçün kifayət qədər nefti olmayacağı barədə fikir yaratmağa çalışır, bu ideyanı utopiya sayırdılar. Lakin za­man ulu öndərin bu konsep­siyasının tamamilə real, həm də iqtisadi cəhətdən səmərəli olduğunu sübuta yetirdi.

Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, ümummilli liderin səyi və gərgin keçən danışıqlar pro­sesinin məntiqi nəticəsi ola­raq sözügedən layihə həyata vəsiqə aldı. ATƏT-in 1999-cu ilin noyabrın 18-də İstanbulda keçirilən sammitində BTC əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalandı. Bununla da BTC layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı. Daha sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparıldı.

Nəhayət, 2002-ci il sentyabrın 18-də Bakıda – Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevard­nadze və Əhməd Necdət Sezərin iştirakı ilə BTC əsas ixrac boru kəmərinin təməli qoyuldu. Bununla da ümum­milli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissələrindən olan BTC əsas ixrac boru kəməri layihəsinin reallığa çevrilməsinə baş­lanıldı, 2003-cü ilin fevral ayında Səngəçal termina­lından başlayaraq, kəmərin tikintisinə start verildi. 2004-cü ilin oktyabrında BTC əsas ixrac boru kəmərinin Azərbaycan hissəsi Gürcüs­tan ərazisindən keçən hissəsi ilə birləşdirildi. BTC əsas ixrac boru kəmərinin Gürcüs­tan hissəsi isə 2005-ci ilin oktyabrında istifadəyə verildi.

Ulu öndər Heydər Əliyevin neft strategiyasının ardıcıl şəkildə reallaşdı­rılması sahəsində misilsiz xidmətlər göstərən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən etibarən layihənin gedişi ilə bağlı şəxsən maraqlanıb, vaxtaşırı tikinti işləri ilə tanış olub. Nəhayət, 2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırılıb, həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC əsas ixrac boru kəmərinə vurulması ilə bağlı rəsmi tədbir keçirilib. Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları terminalda quraşdırılan xüsusi qurğuda­kı sürgünü açdıqdan sonra kəmərlə ilkin neft axmağa başlayıb. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatıb. İyulun 4-də isə neftlə yüklənən ilk tanker buradan yola salınıb.

Dövlətimizin başçısı İlham Əliyev həmin mərasimdə söylədiyi nitqində qeyd edib: “Azərbaycan tarixdə ilk dəfə olaraq, Xəzər dənizinin özünə məxsus olan sekto­runa xarici investorları dəvət etdi. Ondan əvvəl Xəzər dənizində xarici şirkətlər heç vaxt fəaliyyət göstərməmişdir. Bütövlükdə, Azərbaycan neft ölkəsi kimi tanınır. Dünyada ilk dəfə sənaye üsulu ilə neft Azərbaycanda çıxarılmış­dır. O cümlədən, dünyada dəniz yataqlarından ilk dəfə neft Azərbaycanda, Xəzər dənizində hasil edilmişdir. 1994-cü ildə başlanmış yeni layihələr Azərbaycana onun neft şöhrətini təzədən qaytardı”.

Dünyanın ən böyük neft-qaz terminallarından biri Səngəçalda, Bakı­dan 55 kilometr cənubda, Xəzərin sahilinə yaxın ərazidə yerləşir. Səngəçal terminalı regionun neft-qaz ixracı mərkəzi kimi mühüm əhəmiyyət daşıyır.

Hazırda terminalın texniki emal sistemlərinin gündəlik gücü 1,2 milyon barel neft və "Şahdəniz” qazı üçün təqribən 80 milyon standart kubmetr mavi yanacaqdır. "Azəri-Çıraq-Günəşli”nin səmt qazı da daxil olmaqla, ümumi qaz emalı və ixracı gücü isə gündəlik təqribən 100 milyon standart kubmetrdir. Neft Səngəçaldan əsasən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri və Qərb İxrac Boru Kəməri (QİBK) marşrutları vasitəsilə nəql edilir. Qaz isə Cənubi Qafqaz Boru Kəməri (CQBK), CQBK-nın genişləndirilmiş sistemi ilə və terminalın qaz emalı obyektlərini "Azəriqaz”ın qazpaylama sistemləri ilə birləşdirən, SOCAR-a məxsus kəmərlə ixrac olunur.

Səngəçal terminalı "Əsrin müqaviləsi” imza­landıqdan sonra İlkin Neft Layihəsi (İNL) çərçivəsində inşa edildi. Obyekt yalnız "Çıraq” neftini ixrac etmək gücündə layihələndirilmişdi. Odur ki, növbəti yataqlardan gözlənilən yüksək hasilat terminalın genişləndirilməsi zərurətini meydana çıxardı.

Genişləndirmə işlərinə 2002-ci il fevralın 20-də start verildi. 2002-ci ilin iyul ayında terminalın genişləndirilməsi layihəsinin bir hissəsi olan İlkin Mülki Tikinti İşləri ta­mamlandı. Sonra əsas tikinti işlərinə start verildi. BTC-nin tikintisinə və "Şahdəniz” ya­tağının işlənməsi layihələrinə qərar veriləndən sonra obyektdə aparılan böyükmiy­qaslı işlər Səngəçal Termi­nalının Genişləndirilməsi Proqramı (STGP) adını aldı.

Hazırda Səngəçal terminalı AÇG-nin neftini texnoloji emal edən avadan­lıqları, BTC-nin baş nasos stansiyasını, CQBK-nın və kəmərin genişləndirilmiş sistemini, "Şahdəniz” qur­ğularını özündə birləşdirən nəhəng bir obyektdir. Bir neçə ixrac kəmərinin öz baş­lanğıcını məhz Səngəçaldan götürməsi buradakı termina­lın dünyanın ən böyük termi­nallarından biri olduğunu bir daha təsdiqləyir.

STGP çərçivəsində Qara­dağ rayonunda geniş sosial sərmayə proqramı da həyata keçirildi. BP-nin tərəfdaş şirkətlərlə birlikdə həyata keçirdiyi bu qəbildən olan tədbirlərdən bir neçəsinin adını çəkmək kifayətdir. Məsələn, Lökbatanda do­ğum evi yenidən quruldu. Səngəçaldakı 222 nömrəli orta məktəbdə yeni idman kompleksi inşa edildi. “Ümid” qəsəbəsində İcma İnkişafı Mərkəzi (onu qəsəbədə “Xeyir-şər evi” də adlandırır­lar) istifadəyə verildi. Daha bir layihənin icrası “Ümid”, eləcə də Səngəçal əhalisi üçün kanalizasiya sisteminin modernləşdirilməsini müm­kün etdi.

Həmin vaxtdan Səngəçal terminalı xeyli genişlənib. Son illərdə bu obyekt “Şahdəniz-2” qazını qəbul etmək və ötürmək üçün tikilmiş bir çox yeni qur­ğular sayəsində daha da genişlənib.

2014-cü il sentyabrın 20-də burada Cənub Qaz Dəhlizinin təməli qoyulub. 2018-ci il mayın 29-da ter­minal bu nəhəng layihənin rəsmi açılış mərasiminə evsahibliyi edib. Həmin mərasimdə iştirak edən Prezident İlham Əliyev çıxış edərək deyib: “Biz bu günü burada – Səngəçal termina­lının ərazisində qeyd edirik. Səngəçal terminalı dünyanın ən böyük neft-qaz termina­lıdır və məhz burada dörd il bundan əvvəl Cənub Qaz Dəhlizinin təməli qoyulmuş­dur.

Qeyd etdiyim kimi, 4 il bundan əvvəl bu ərazidə Cənub Qaz Dəhlizinin təməli qoyulub. O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır”.

Bütün bunlar “Əsrin müqaviləsi”nin imzalanması­nın necə uzaqgörənliklə və müdrikliklə seçilən, xalqın işıqlı gələcəyinə yönəldilən bir strategiya olduğunu sübut edir. Ölkəmiz bu strategiyaya sadiq qalaraq onu inkişaf etdirdikcə özü də sosial və iqtisadi cəhətdən daha da irəliləyir.

Hazırda Azərbaycanın həyati əhəmiyyət daşıyan bütün istiqamətlər üzrə mühüm uğurlar əldə etməsi, beynəlxalq nüfuzunun getdikcə möhkəmlənməsi də məhz həmin strateji kursun məntiqi nəticəsidir.

Vaqif BAYRAMOV,“Xalq qəzeti”

23 May 2020 13:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə