Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tariximizin şanlı və ibrətamiz səhifəsi

28 May Respublika Günüdür

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika – Xalq Cümhuriyyəti quran və parlamentarizmin əsasını qoyan xalqımızın dövlətçilik tarixinin yeni səhifələri yazıldı. 1917-ci ilin fevralında Rusiyada baş verən inqilab nəticəsində imperiyanın süqutu yaxınlaşdı və mərkəzdənqaçma meyilləri gücləndi. Rusiya Dövlət Dumasına seçilmiş Cənubi Qafqazdan olan deputatlar əvvəlcə Xüsusi Komitəni, noyabr ayında isə Zaqafqaziya Komissarlığını yaratdılar. 1918-ci il fevralın 23-də Rusiyanın Müəssislər Məclisinə seçilmiş deputatlar Tiflisdə toplaşaraq, əvvəlcə Zaqafqaziya Seymini, aprelin 22-də isə müstəqil Zaqafqaziya Federativ Respublikasını yaratdılar. Mayın 26-da Zaqafqaziya Seymi özünün axırıncı iclasını keçirdi. Ertəsi gün Gürcüstan öz müstəqilliyini elan etdi. Mayın 27-də seymin müsəlman fraksiyası Azərbaycan Milli Şurasını elan etdi.

Mayın 28-də Azərbaycan Milli Şurasının 44 üzvündən 26-sının imzaladığı Dövlət müstəqilliyi haqqında bəyannamə (əqdnamə) ilə türk-müsəlman dünyasında parlamentli respublikanın yaranmasının əsası qoyuldu. Azərbaycanın öz müstəqilliyini elan etməsi haqqında mayın 30-da hökumətin başçısı Fətəli xan Xoyskinin imzası ilə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqraf göndərildi. Sonralar Əsas Qanunun – Konstitusiyanın qəbul edilməsi mümkün olmadığı üçün İstiqlal bəyannaməsi Xalq Cümhuriyyətinin süqutunadək bir növ Konstitusiyanı əvəz etdi.

Bəyannamənin 6-cı maddəsində qeyd edilirdi ki, Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycana xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət rəhbərlik edəcək. İyunun 16-da Azərbaycan hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra Qafqaz İslam Ordusunun komandanı Nuru paşa ilə Azərbaycan hökuməti arasında gərginlik yaranmışdı. Belə mürəkkəb vəziyyətdə Milli Şura fəaliyyət göstərməyin mümkün olmadığını görüb, daha əlverişli vaxta qədər özünü buraxmağa məcbur oldu və öz səlahiyyətlərini Fətəli xan Xoyski hökumətinə həvalə etdi. Hökumət həm qanunverici, həm də icraedici orqan funksiyasını ifa edirdi.

Milli Şuranın 17 iyun tarixli qətnaməsində şuranın buraxılması və 6 ay ərzində Müəssislər Məclisinin (parlamentin) çağırılması haqqında qərar qəbul edildi.

Dövlət atributlarının yaradılması

Həmin dövrdə Bakı erməni-bolşevik qüvvələrinin işğalı altında idi. İyunun 12-də Bakı Sovetinin hərbi qüvvələrinə Gəncə üzərinə hücum əmri verilmişdi. Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda çox çətin şəraitdə mübarizəyə başlayan müvəqqəti milli hökumətin fəaliyyətinin Gəncə dövrünün ilk günləri milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli bir sıra qərarların, o cümlədən, Azərbaycanda hərbi vəziyyət elan edilməsi (19 iyun 1918-ci il), Azərbaycan Milli Ordusunun (korpusunun) yaradılması (26 iyun 1918-ci il), türk dilinin (Azərbaycan türkcəsinin) dövlət dili elan olunması (27 iyun 1918-ci il), Hərbi Nazirliyin təsis olunması (1 noyabr 1918-ci il) ilə tarixi yaddaşımıza daxil olmuşdur.

Həmin dövrdə Vətəndaşlıq haqqında, Ümumi hərbi mükəlləfiyyət haqqında, Mətbuat haqqında, Milli Bankın təsisi haqqında, Bakı Dövlət Universitetinin açılması haqqında, Gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi haqqında, Məhkəmə qanunvericiliyi haqqında və sair qanunlar qəbul edilmişdi.

Müvəqqəti hökumətin 21 iyun 1918-ci il tarixli qərarı ilə üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da Azərbaycanın yeni üçrəngli– mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul etmişdir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada (indiki Azərbaycan Dövlət Neft Şirkətinin yerləşdiyi, o zamankı neft milyonçusu, məşhur müğənni Seyid Mirbabayevin mülkündə) qəbul edilmiş və qaldırılmışdı.

Üçrəngli dövlət bayrağımız 70 il sonra 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda XX əsrin böyük siyasətçisi və dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti ilə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu”nu qəbul etmişdir. Bu qanunla üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə hər il noyabr ayının 9-nun Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlansa da, o illərdə onun qanunvericilik səviyyəsində qəbul edilməsi mümkün olmamışdı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə dövlət gerbinin hazırlanması üçün müsabiqə elan olundu. Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq etdi.

Özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən müasir Azərbaycan Respublikasının parlamenti 1992-ci il mayın 27-də “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etmişdir. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş «Azərbaycan marşı» Azərbaycanın Dövlət himni kimi təsdiq edilmişdir. Beləliklə, Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri bərpa olunmuşdur.

Parlamentarizmin təşəkkülü

1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun köməyi ilə Bakı daşnak-bolşevik işğalından azad edildi. İki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. F. X. Xoyskinin müraciətinə əsasən noyabrın 16-da Milli Şura yenidən fəaliyyətə başladı. Milli Şuranın noyabrın 19-da M. Ə. Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında qərara alındı ki, Azərbaycan parlamentində ölkədə yaşayan bütün qeyri-millətlərin nümayəndələri təmsil olunmalıdırlar. Parlamentin 120 nəfərdən ibarət olması qərara alındı. Həmin dövrdə Milli Şuranın Azərbaycanın mübahisəsiz hesab etdiyi ərazilərdə – Bakı və Gəncə quberniyalarında, Zaqatala dairəsində, İrəvan və Tiflis quberniyalarının Azərbaycana bitişik və soydaşlarımızın kompakt yaşadıqları ərazilərdə 2 milyon 750 min əhali yaşayırdı. Onlardan 1,9 milyon nəfəri müsəlman, yarım milyonu erməni, 230 min nəfəri rus idi. Əhalinin hər 24 min nəfərinə bir nümayəndə olmaqla, parlamentdə müsəlmanları 80, erməniləri 21, rusları 10, almanları bir, yəhudiləri bir deputat təmsil etməli idi. Kvotaya uyğun gəlməsə də, gürcülərin və polyakların da hərəsinin bir nümayəndə ilə parlamentdə təmsil olunmaları qərara alınmışdı. Milli Şuranın qərarına əsasən, hələ 1917-ci ilin sonlarında Ümumrusiya Müəssislər Məclisinə seçilmiş 44 nəfər türk-müsəlman nümayəndə avtomatik olaraq yeni yaradılacaq parlamentin tərkibinə daxil edilirdi. Qalan deputatlar yeni seçilməli idi. Yeni seçiləcək 36 müsəlman deputat üçün yerlər aşağıdakı qaydada ayrılmışdı: Bakıdan 5, Göyçay, Lənkəran, Şamaxı və Zaqataladan 2, Quba, Gəncə və keçmiş İrəvan quberniyasının azərbaycanlıların əksəriyyət təşkil etdikləri (Naxçıvan, Ordubad və Şərur-Dərələyəz qəzaları) hissəsindən 3, Cavanşir, Qazax, Cəbrayıl qəzalarının və Borçalının hərəsindən bir deputat. Əsasnaməyə görə parlamentdə təmsil olunmaq üçün ayrılan 21 erməni yeri aşağıdakı qaydada bölünmüşdü: Gəncə və Şuşadan hər birindən 8 nəfər, Bakı Erməni Milli Şurasından 5 nəfər.

1918-ci il dekabrın 7-də saat 13-də Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırkı Əlyazmalar İnstitutunun binası) Azərbaycan parlamentinin təntənəli açılışı oldu. Binanın ətrafı həmin gün bayramsayağı bəzədilmişdi. Bu parlament bütün müsəlman Şərqində demokratik prinsiplər əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentdə o dövrdə Azərbaycanın siyasi palitrasını əks etdirən bütün partiyalar təmsil olunmuşdular. “Müsavat” və bitərəflər fraksiyası ən böyük fraksiya olaraq parlamentdə 38 deputatla təmsil olunmuşdu. Sollar – hümmətçi menşeviklər və sosialistlər bloku 13 deputatla, «İttihadi-İslam» Partiyası 13, “Əhrar” fraksiyası 6, müstəqillər 3 yerlə parlamentdə təmsil olunmuşdular. Milli bayraqlarla və xalılarla bəzədilmiş iclas zalında müsavatçılarla azlıqda qalan millətlərin nümayəndələri orta cərgədə, hümmətçi menşeviklər və sosialistlər solda, bitərəflər və ittihadçılar isə sağda əyləşmişdilər. Diplomatik nümayəndələr lojasında general Tomsonun nümayəndəsi polkovnik F. Kokkerel, İranın konsulu Saed-ol Vezarya Marağei, Dağlılar Respublikası hökumətinin sədri T. Çermoyev, Gürcüstanın diplomatik nümayəndəsi Karsevadze, Araz- Türk Respublikasının nümayəndəsi P. Əliyev və digər qonaqlar əyləşmişdilər.

Parlamentin ilk iclasını Milli Şuranın sədri M. Ə. Rəsulzadə açaraq təbrik nitqi söyləmiş və parlamentin rəhbərliyini seçməyi təklif etmişdi. Şəfibəy Rüstəmbəylinin təklifi ilə o dövrdə bütün Rusiya müsəlmanlarının lideri hesab olunan məşhur siyasətçi, bitərəf Əlimərdan bəy Topçubaşov parlamentin sədri, “Müsavat” Partiyasının üzvü Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildilər. Həmin vaxt Ə. M. Topçubaşov Azərbaycan nümayəndə heyətinin başçısı kimi İstanbulda idi və sonradan Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya getmişdi. Parlamentin süqutunadək Ə. M. Topçubaşov Azərbaycana qayıda bilməsə də, qiyabi olaraq axıradək parlamentin sədri vəzifəsində olmuşdu. Parlamentdə ermənilərə 21, ruslara 10 yer ayrılsa da, onlar parlamentin açılışında iştirak etmədilər. Lakin sonradan Azərbaycanda yaşayan rus-slavyan əhalisinin təzyiqi ilə Rus Milli Şurası parlamenti boykot etmək haqqında qərarını ləğv etdi və ruslar parlament iclaslarına qatıldılar. Erməni deputatlardan isə 11 nəfəri iki fraksiyada qanunverici orqanın fəaliyyətində iştirak etmişdi. Ümumiyyətlə, Azərbaycan parlamentində 11 fraksiya və qrup fəaliyyət göstərmişdir.

Tədqiqatçılar Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tariximizi iki dövrə ayırırlar. Birinci dövr– Milli Şura dövrü, yəni 1918-ci il mayın 28-dən noyabrın 19-dək olan dövrü əhatə edir. İkinci dövr isə 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27- dək olan dövrü əhatə edir. Birinci dövr 6, ikinci dövr 17 ay davam etmişdir. Birinci dövrdə Milli Şuranın 9 iclası keçirilmişdir. Onlardan 7-si Tiflisdə və Gəncədə, 2-si isə Bakıda. Xalq Cümhuriyyəti parlamentinin 145 iclası keçirilmişdir. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış və onlardan 230-u qəbul edilmişdir. Parlamentdə 11 komissiya fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu dövrdə 5 dəfə hökumət kabinəsi qurulmuşdur. Bunun 2-si parlamentçilik tariximizin birinci dövrünə, 3-ü isə ikinci dövrünə təsadüf edir. Beş kabinədən 3-nə Fətəli xan Xoyski, 2-nə isə Nəsib bəy Yusifbəyov rəhbərlik etmişdir. Sonuncu üç kabinədə hökumətin tərkibi beynəlmiləl olmuşdur.

Azərbaycan parlamenti mövcud olduğu dövrdə İstiqlal bəyannaməsinə əməl etmişdir. Onun fəaliyyəti isə Azərbaycan parlamentinin təlimatları əsasında idarə olunmuşdur.

Azərbaycanlı deputatlar Ermənistan parlamentində

Azərbaycan Xalq Cümhuriyyəti dövrünü araşdıran tədqiqatçıların əsərlərində Ermənistanda yaşayan azərbaycanlı əhalinin təmsilçiləri olan, azərbaycanlı deputatların kimlikləri və onların fəaliyyəti haqqında heç bir məlumata rast gəlinmir. Lakin 1991-ci ildə Ermənistan dövlət müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycanda olduğu kimi, 1918-1920-ci illərdə mövcud olmuş Ermənistan (Ararat) Respublikasının arxiv sənədləri tədqiqatçıların üzünə açılmışdır. Ermənistanda çap edilən arxiv sənədləri və ayrı-ayrı tədqiqat əsərlərinə istinadən Ermənistan parlamentinin azərbaycanlı üzvlərinin kimlikləri haqqında məlumat əldə etmişik. Həmin sənədlər və tədqiqat materialları erməni dilində olduğu üçün, erməni dilini bilməyən azərbaycanlı tədqiqatçılar onlardan istifadə etmək imkanından məhrumdurlar.

1918-ci il mayın 28-də Ermənistanda dövlət müstəqilliyini elan etdi. İyunun 4-də daşnak Ermənistanı ilə Osmanlı Türkiyəsi arasında imzalanan Batum müqaviləsinin 6-10-cu maddələri müsəlman əhalinin hüquqlarının qorunmasını, onların dəmir yolundan, poçt və teleqrafdan sərbəst surətdə istifadə etmələrini nəzərdə tuturdu.

Erməni Milli Şurası 1918-ci il iyulun 17-19-da Tiflisdən İrəvana köçdü. Həmin vaxtadək şəhərdə hakimiyyəti İrəvandakı erməni və azərbaycanlı milli şuraları birgə idarə edirdilər. İrəvan Erməni Milli Şurasının sədri Aram Manukyan (Aram paşa), Azərbaycanlı Milli Şurasının sədri isə sonralar daşnak quldurları tərəfindən Tiflisdə qətlə yetirilən mühəndis Xəlil bəy Qasımbəyov idi.

İyulun sonlarında Erməni və İrəvan müsəlman milli şuralarının birgə iclası keçirildi. İclasda yeni milli azlıqların təmsilçilərinin iştirakı ilə Ermənistan Milli Şurasının (Parlamentinin) yaradılması qərara alındı. 1918-ci il avqustun 1-də açılan Ermənistan Milli Şurasının 46 üzvündən 38-ni ermənilər, 8-ni isə milli azlıqların nümayəndələri təşkil edirdi. Milli azlıqlardan 6 yer türk-müsəlmanlara, 1 yer rus milli şurasına, 1 yer isə yezidi kürdlərin təmsilçisinə ayrılmışdı. Ermənistan parlamentində təmsil olunan azərbaycanlı deputatlar bunlar idi:

1. Seyid Rza Mirbabayev,

2. Mirzə Cabbar Məmmədov,

3. Əkbər ağa İsmayılov,

4. Mir Bağır Mirbabayev,

5. Məmməd bəy Məmmədbəyov,

6. Əsəd bəy Ağabababəyov.

Azərbaycanlı deputatların Ermənistan parlamentində öncə 6 deputatla təmsil olunmaları Türkiyə ilə Ermənistan arasında 1918-ci il iyunun 4-də imzalanan Batum müqaviləsinin 6-cı maddəsinin şərtlərindən irəli gəlirdi.

İclas zalının sol tərəfində eserlər və sosial-demokratlar, orta cərgədə Daşnaksütyun partiyasının nümayəndələri, sağ tərəfdə isə Xalq Partiyasının deputatları, bitərəflər, azərbaycanlılar, rus və yezidilərin təmsilçiləri əyləşirdilər.

Parlamentin 1918-ci il avqustun 5-də keçirilən iclasında 14 komissiya formalaşdırılmışdı. Ə. Ağabababəyov iki komissiyanın – Redaksiya və Əmək komissiyalarının, C. Məmmədov Məktəb, M. Mirbabayev Abadlıq, S. Mirbabayev Qaçqınlar, Ə. İsmayılov Tibbi-sanitariya komissiyalarının üzvləri seçilmişdilər.

Erməni müəllifi Ararat Hakopyan yazır ki, Ermənistan parlamentinə azərbaycanlı deputatların seçilməsi üçün Azərbaycan hökuməti 40.000 manat ayırmışdı. Daha sonra A. Hakopyan qeyd edir ki, Azərbaycanlı deputatların çoxsaylı casusları var idi və onlar hər gün şəhərin azərbaycanlı məhəllələrinin arxasından keçib Şərur- Naxçıvana, Vediyə və Zəngibasara gedirdilər.

30 oktyabr 1918-ci il Mudros sazişinə əsasən türk qoşunlarının Ermənistandan çəkilməsindən sonra Ermənistan hökuməti tərəfindən azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlara yenidən start verilmiş, azərbaycanlıların yer-yurdlarından qovulması həyata keçirilmişdi.

1919-cu il martın 31-də Ermənistan Milli Şurası parlament seçkiləri haqqında qanun qəbul etmişdir.

1919-cu il iyunun 21-23-də Ermənistanda ilk və yeganə parlament seçkiləri keçirilmiş və nəticəsi iyulun 3-də elan edilmişdi. Seçkilərdə 20 yaşdan yuxarı olanlar səsvermədə iştirak edə bilərdilər. Seçici siyahılarına 10909 azərbaycanlının adı daxil edilmişdi. 16 nəfər türk-müsəlmanın deputatlığa namizədliyi irəli sürülmüşdü. İrəvan şəhərində cəmisi 101 nəfər seçici qeydə alınmışdı. Azərbaycanlı seçicilər bitərəf olduqlarını göstərmişdilər. Lakin “Araratyan aşxatavor” (“Ararat əməkçisi”) qəzeti 15 iyul 1919-cu il tarixli sayında yazırdı ki, müsəlman seçiciləri cildlərini dəyişmiş “müsavatçılar” idilər və “Müsavat” Partiyasının İrəvan komitəsinin bütün tərkibi həmin siyahıya daxil idi.

Parlament 1919-cu il avqustun 5-də açılmışdı. Yeni seçilən parlamentin tərkibi 80 deputatdan ibarət idi. Deputatların 72-si daşnak, 4-ü eser, 2-si azərbaycanlı, 1-i yezidi kürd, 1 kəndli təsərrüfatların birliyinin nümayəndəsi idi. Mir Bağır Mirbabayev və Əsəd bəy Ağabababəyov yenidən deputat seçilmişdilər. Ə.Ağabababəyov Maliyyə-büdcə, M.Mirbabayev isə Abadlıq komissiyasının üzvü idilər.

Erməni müəllif parlamentin stenoqramlarına əsasən yazır ki, azərbaycanlı deputatlar Ermənistanın taleyüklü məsələlərinin müzakirəsi zamanı məsuliyyətdən və xoşagəlməz vəziyyətlərdən yayınmaq üçün, bir qayda olaraq, bitərəf mövqe tutur, laqeyd qalırdılar. Bəzən isə eserləri müdafiə edirdilər. Çünki eserlər Ermənistan hökumətinin azərbaycanlı əhaliyə qarşı yeritdiyi etnik təmizləmə siyasətinə qarşı çıxırdı.

Ermənistan Milli Şurasının və parlamentinin azərbaycanlı deputatlarının aqibəti ayrıca bir araşdırma mövzusudur.

Ərazi iddiaları

Azərbaycan Xalq Cümhuriyyəti dövrünün əsas problemləri ölkə daxilində erməni separatizminin güclənməsi, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası və qaçqınlar problemi olmuşdur. XX əsrin sonunda müstəqil Azərbaycan Respublikasının yenə də qaçqınlar problemi ilə üzləşməsi onu göstərir ki, həmin problemlər Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiasından qaynaqlanır və Ermənistanın arxasında duran qüvvələr onu körükləyir. Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazisi 97.297,67 kvadratkilometr (Bakı quberniyasında 39.075,15 kvadratkilometr, Gəncə quberniyasında 44.371,29 kvadratkilometr, Zaqatala quberniyasında 3.992,54 kvadratkilometr, İrəvan quberniyasında 9.858,69 kvadratkilometr) təşkil etmişdir. Azərbaycanın Ermənistan və Gürcüstan arasında mübahisəli ərazisi 16.598,30 kvadratkilometr (İrəvan quberniyasında 7.913,17 kvadratkilometr, Tiflis quberniyasında 8.685,30 kvadratkilometr) olmuşdur. AXC dövründə mübahisəli ərazilərlə birlikdə ölkə ərazisi 113.895,97 kvadratkilometr olmuşdur.

Yeni yaranmış respublikalar arasında sərhədlərin müəyyən edilməsi üçün aparılan danışıqlarda Azərbaycan tərəfi “millətlərin öz müqəddəratını təyinetmə prinsipi”ni əsas götürürdüsə, Ermənistan tərəfi “tarixi prinsipləri” əsas götürür, guya qədimdə həmin mübahisəli ərazilərin “Böyük Ermənistan” ərazisinə daxil olduğunu iddia edirdi. Üstəlik, Azərbaycan Milli Şurasının 29 may tarixli iclasının qərarı ilə İrəvan şəhərinin Ermənistana paytaxt kimi güzəştə gedilməsi erməniləri yeni-yeni Azərbaycan ərazilərini ələ keçirməyə şirnikləndirmişdi. Gürcüstan nümayəndələri isə əsasən “əlverişli iqtisadi şəraiti” ön plana çəkir, əvvəlki inzibati-ərazi bölgüsünün (quberniya) saxlanmasına çalışırdı.

Ümumiyyətlə, həmin dövrdə Cənubi Qafqaz respublikaları arasında 11 zonada mübahisəli ərazi problemi meydana çıxmışdı. Azərbaycan tərəfi mübahisəli ərazilər problemini danışıqlar yolu ilə, bu, mümkün olmasa, beynəlxalq güclərin iştirak etdiyi arbitraj yolu ilə həll edilməsini istəyirdi.

Qaçqınlar probleminin həlli

1919-1920-ci illərdə mübahisəli ərazilər və qaçqınlar problemini həll etmək üçün Bakıda və Tiflisdə dörd dəfə konfrans keçirilmişdi. Lakin bu konfranslar heç bir nəticə verməmişdi. 1919-cu ilin payızında Azərbaycan Ordusunun Zəngəzuru erməni işğalından azad etmək üçün hərbi əməliyyatlara başlamasından sonra Ermənistan tərəfi müttəfiqlərin ali komandanlığının vasitəçiliyi ilə noyabrın 23-də Tiflisdə keçirilən konfransda atəşkəs əldə edilməsinə nail olmuşdu. Azərbaycan tərəfi birtərəfli qaydada qoşunlarını Zəngəzurdan geri çəkmiş, Ermənistan qoşunları isə fürsətdən istifadə edərək 1920-ci ilin yanvarında Zəngəzuru tamamilə işğal etmişdi. Azərbaycanın bundan sonra diplomatik danışıqlar yolu ilə Zəngəzuru azad etmək cəhdləri heç bir nəticə verməmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra Səhiyyə və Himayədarlıq Nazirliyi yaradılmış, Xudadat bəy Rəfibəyov nazir təyin edilmişdi. Hökumət Bakıya köçən zaman bu nazirlik iki yerə – Səhiyyə Nazirliyinə və Himayədarlıq Nazirliyinə bölünmüşdü. Himayədarlıq Nazirliyinin qarşısında 2 əsas vəzifə dururdu: qaçqınlar məsələsi qonşu ölkələrdən Ermənistan və Türkiyədən gələn qaçqınları qəbul etmək, onları ilkin zəruri ərzaq və qida məhsulları ilə təchiz etmək, əkin üçün toxum və işçi heyvanları ilə təmin etmək, bəzi kənd icmalarında fərdi təsərrüfatları dirçəltmək üçün faizsiz kredit vermək və qaçqınları işlə təmin etmək) və himayədarlıq məsələsi (azyaşlı yetim uşaqların saxlanması üçün yetimxanalar və düşərgələr təşkil etmək, kasıblar üçün ucuz qiymətlə yeməkxanalar, qida məntəqələri açmaq, fərdi və ictimai xeyriyyəçilik fəaliyyətinə nəzarət etmək, onun inkişafına yardım göstərmək). Nazirlik yerlərdə məsələləri qaydasında həll etmək üçün 6 dövlət himayəçiliyi dairəsi təşkil etmişdi: 1) Bakı dairəsi (Bakı şəhəri, Bakı, Quba qəzaları daxil idi), 2) Gəncə dairəsi (Gəncə şəhəri, Gəncə və Qazax qəzaları), 3) Şamaxı dairəsi (Şamaxı və Göyçay qəzaları), 4) Nuxa dairəsi (Nuxa, Ərəş qəzaları, Zaqatala quberniyası), 5) Qarabağ dairəsi (Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları), 6) Lənkəran dairəsi (Lənkəran və Cavad qəzaları). Bu dairələrdə işlərə himayədarlıq müfəttişləri rəhbərlik edirdilər. Qaçqınlara yardım məsələsi Himayədarlıq Nazirliyində üç əsas istiqamətdə qurulmuşdu: 1)Bakıda və onun mədən rayonlarında, 2) ölkənin digər yerlərində, 3) Xarici dövlətlərdə. 1919-cu ildə qaçqınlar, kimsəsizlər və qocalar üçün Suraxanıda, Ramanıda, Maştağada, Bülbülədə, Ermənikənddə və Bayılda yeməkxanalar açılmışdı. Himayədarlıq dairələrində müsəlman qaçqınlarla yanaşı, erməni qaçqınları üçün də ayrıca yeməkxanalar açılmışdı. Ümumiyyətlə, 1919-cu ildə yeməkxanaların sayı 17-yə çatdırılmış, 2 ərzaq paylanma məntəqəsi, 5 çayxana fəaliyyət göstərmişdi. Ermənistandakı müsəlman qaçqınların problemini həll etmək üçün 1919-cu il iyulun 8-dən etibarən vəkil Zülfüqar bəy Makinski Himayədarlıq Nazirliyinin İrəvandakı müvəkkili kimi işə başlamışdı.

Faktlardan göründüyü kimi, AXC dövründə parlament və hökumət, xüsusən də Himayədarlıq Nazirliyi qaçqınlar probleminin həllinə xüsusi diqqət yetirmiş, bu problemi mütərəqqi yollarla, milli ayrı-seçkiliyə yol vermədən həll etməyə çalışmışdı. Lakin bu problemin həllinə nə hökumətin kifayət qədər imkanı, nə də ki, onu axıradək həll etmək üçün vaxtı çatdı. Azərbaycanlı qaçqınların öz əzəli torpaqlarına qayıtması problemi AXC hökumətindən Sovet Azərbaycanı hökumətinə miras qaldı. Təəssüf ki, bu problem Azərbaycanda Sovet hakimiyyəti dövründə də həll edilmədi. 1922-ci ilədək Ermənistana – öz tarixi-etnik torpaqlarına cəmisi 60 min azərbaycanlı qaçqın qayıda bilmişdi.

Müstəqilliyin tanınması

Xalq Cümhuriyyəti hökumətinin başlıca məqsədi dövlət müstəqilliyinin dünya dövlətləri tərəfindən tanınmasına nail olmaqdan ibarət idi. Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında göstərdiyi fədakarlığı, nəhayət, öz nəticəsini verdi. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi de-fakto tanındı. Bu əlamətdar hadisə ilə bağlı yanvarın 14-də bütün Azərbaycan ərazisində bayram şənlikləri və Azərbaycan parlamentinin xüsusi iclası keçirilmişdi.

Azərbaycan parlamenti, həmçinin müstəqil Azərbaycan hüdudlarından kənarda yaşayan azərbaycanlı əhalinin hüquqlarının müdafiəsi ilə bağlı da gərəkli addımlar atmışdı. 9 mart 1920-ci ildə Azərbaycan parlamentinin fövqəladə iclasında Qars vilayətində və İrəvan quberniyasında baş verən qanlı hadisələr, Ermənistan Respublikasının təcavüzkar əməlləri müzakirə edilmişdi. Müzakirənin sonunda qəbul edilən qətnamədə Azərbaycan parlamentinin rəyasət heyətinə səlahiyyət verilmişdi ki, Ermənistan hökumətinin qanlı əməllərinə son verməsinə təsir göstərmək üçün mədəni ölkələrin parlamentlərinə müraciət etsin. Azərbaycan hökumətinə tapşırılmışdı ki, erməni təcavüzündən zərər çəkənlərin və qaçqınların vəziyyətinin yüngülləşdirilməsi üçün lazım olan tədbirləri görsün.

Xarici dövlətlərlə diplomatik əlaqələrinin genişləndirilməsi istiqamətində də parlament zəruri addımlar atmışdı. Parlamentin 8 aprel 1920-ci il tarixli iclasında Azərbaycan Cümhuriyyətinin Qərbi Avropa dövlətləri və Amerikada diplomatik nümayəndəliklərinin təsis edilməsi və Paris Sülh Konfransındakı Azərbaycan nümayəndə heyətinin buraxılması haqqında qanun layihəsi müzakirə edilmişdi. Böyük Britaniya, Fransa, İtaliya, ABŞ, İsveçrə, Polşa, Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna, Rumıniya, Almaniya və Rusiyada diplomatik nümayəndəliklərin açılması haqqında qanun qəbul edilmişdi. Həmin dövrdə Bakıda 16 ölkənin diplomatik missiyaları fəaliyyət göstərirdi.

Süquta aparan yol

1920-ci ilin əvvəlində parlamentin rəyasət heyətində dəyişiklik baş vermişdir. Daxili nizamnaməyə əsasən bir illik səlahiyyət müddəti başa çatdıqdan sonra Həsən bəy Ağayev istefa vermişdir. Onun yerinə Məmməd Yusif Cəfərov parlament sədrinin birinci müavini seçilmişdir. Xalq Cümhuriyyətinin süqutunadək parlamentin iclaslarına M. Y. Cəfərov sədrlik etmişdir.

Azərbaycanın daxili-siyasi həyatında yaranan sabitlik uzun sürmədi. Ölkənin başının üstünü bolşevik təhlükəsi alsa da, Rusiya qoşunları Azərbaycanın şimal sərhədlərində cəmləşsə də parlament öz ahəngində işini davam etdirirdi. Xalq Cümhuriyyətinin süqutundan bir gün öncə– mayın 26-da parlamentin müzakirəsinə çıxarılan məsələlərin gündəliyi belə qənaətə gəlməyə əsas verir ki, bu parlament hələ uzun illər fəaliyyətini davam etdirməkdə qərarlı idi. Həmin gün parlamentin lojasında əyləşən Polşa nümayəndə heyətini deputatlar alqışlarla salamlamışdılar. Gündəlikdə duran məsələlər – xaricə çıxarılan xalçalara yeni gömrük haqqının tətbiq edilməsi, Nuxa şəhərini daşqınlardan qorumaq üçün Kiş çayı üzərində bənd çəkilməsi üçün vəsaitin ayrılması, orta təhsil məktəblərinin hazırlıq siniflərində dərs deyən müəllimlərin əməkhaqqının artırılması kimi məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdi. Göründüyü kimi, şimaldan gələn təhlükə və parlament fraksiyaları arasında ixtilaflar nə qədər güclənsə də, AXC parlamenti öz iş ahəngini pozmamışdı.

1920-ci ilin mart ayında Ermənistanın təhriki və silahlı müdaxiləsi ilə Qarabağda başlanan erməni iğtişaşlarını yatırmaq üçün Azərbaycan ordu hissələrinin böyük bir hissəsini Qarabağ cəbhəsinə göndərmişdi. Anadolunun qurtuluşuna yardım adı altında XI Qırmızı ordu Azərbaycana soxuldu. Yalama stansiyası yaxınlığında işğalçı orduya qarşı vuruşan Azərbaycan Ordusunun azsaylı qüvvələri duruş gətirə bilmədi

Azərbaycan parlamenti düz 100 il öncə – 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə keçirilən sonuncu iclasında Rusiyanın hərbi müdaxiləsi nəticəsində fakt qarşısında qalaraq, uzun-uzadı müzakirələrdən sonra hakimiyyətin bolşeviklərə təhvil verilməsi barədə qərar çıxarmağa məcbur edildi. Hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında parlamentin qərarının 1-ci bəndində Azərbaycanın istiqlaliyyətinin Sovet hökuməti tərəfindən tam mühafizə olunacağı, 5-ci bəndində isə yeni yaradılan müvəqqəti kommunist hökumətinin Parlamentin və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat veriləcəyi bəyan edilmişdi. Lakin tezliklə bu qərarın bəndlərinin heç birinə əməl edilmədi. Sovet-bolşevik rejiminin Xalq Cümhuriyyəti qurucularına qarşı repressiya aparatı tam gücü ilə işə salındı. Bütün ölkəni həbslər və repressiyalar dalğası bürüdü. Cümhuriyyət qurucularının bir qismi məhv edildi, bir qismi mühacirət etmək məcburiyyətində qaldı, bir qismi də gizli fəaliyyətə keçdi.

Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz buraxdı. 71 ildən sonra Azərbaycanın yenidən dövlət müstəqilliyinə qovuşması sübut etdi ki, xalqımız öz dövlətçilik ənənələrini bərpa etməyə və müstəqil yaşamağa qadirdir.

Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu misilsizdir. Müasir Azərbaycan Respublikası XX əsrin əvvəlində mövcud olmuş Xalq Cümhuriyyətinin varisi kimi, onun zəngin ənənələrindən bəhrələnir. Cümhuriyyətin irsinin tədqiq edilməsi və nəşr edilməsi istiqamətində mühüm işlər görülür.

İki il öncə xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini böyük coşqu ilə qeyd etdi. Hər il 28 May Respublika Günü xalqımızın milli bayramı kimi təntənə ilə keçirilir.

Xalq Cümhuriyyətinin irsi tariximizin həm şanlı, həm də ibrətamiz səhifələridir.

Nazim MUSTAFA,
Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru

23 May 2020 13:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
5 Dekabr 2020 | 00:11
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə