Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə

əvvəli http://xalqqazeti.com/az/news/48120

1919-cu ilin əvvəlində ingilislər Naxçıvanı tutaraq Araz Türk Respublikasını, Naxçıvan Milli Komitəsini ləğv etdilər. İngilislər Naxçıvanı Ermənistanın tərkibinə daxil etmək üçün hər cür üsul və vasitələrə əl atır, fəal danı­şıqlar aparırdılar. Hələ 1919-cu il yanvarın əvvəllərində Böyük Britaniya ordusunun mayoru Hib­bon Naxçıvana gəlmişdi. Onun gəlişinin əsl məqsədi diyarın iqtisadi və siyasi vəziyyəti ilə tanış olmaq, Araz Respublikası silahlı qüvvələrinin vəziyyətini, bu dövlətin siyasətinə türklərin təsir dərəcəsini öyrənmək idi.

1919-cu ilin fevralında digər bir ingilis komissarı kapitan Laute­nin başçılıq etdiyi nümayəndə heyəti də Naxçıvana gəlmişdi. O, Britaniya qoşun hissəsinin Dəvəlidə, Naxçıvanda, Culfada və Şahtaxtıda yerləşdirilməsi, bu yerlərdə bütün məsələlərin ingilis hakimiyyət orqanları tərəfindən həll edilməsi barədə danışıqlar aparmışdı. Naxçıvan rəhbərləri yerli muxtariyyəti saxlamaq şərtilə ingilislərin təkliflərini qəbul etmiş və hətta bir neçə ingilispərəst yerli hakimi öz hökumətlərinin tərkibinə daxil etmişdilər.

Əlbəttə, Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq mövqelərinin kifayət qədər aydın­laşmadığı bir şəraitdə bu güzəştlər başqa çıxış yolunun olmamasın­dan və növbəti daşnak təhlükəsinin yaxınlaşmasından irəli gəlirdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvan bölgəsinə dair suveren hüquqlarının bərqərar edilməsinə yönəldilən tədbirlərin həyata keçirilməsi ingilislər tərəfindən müdafiə olunmur və müxtəlif maneələrlə qarşılaşırdı. Ümumiyyətlə, Böyük Britaniya komandanlığının Naxçıvana münasibətdə ikiüzlü, ermənipərəst siyasəti narazılıq doğururdu.

1919-cu ilin mayında Nax­çıvan və Şərur qəzalarının müsəlmanları özlərinin və yaşa­dıqları ərazinin Azərbaycan Res­publikasına tabe olduğunu təsdiq etmiş və erməni silahlı hissələrini diyara buraxmamağı qərara alımışdılar. Lakin ingilis koman­danlığı xalqın bu haqlı tələbinə də məhəl qoymamışdı. Daşnaklar in­gilis zabitlərinin bilavasitə köməyi və iştirakı ilə 1919-cu ilin iyununda Naxçıvanın bir hissəsini tutsalar da, Naxçıvan Milli Komitəsinin hərbi hissələri daşnakların nizami qoşununu əzərək kənara atmışdı.

İngilislərin Naxçıvan bölgəsində olduqları müddətdə Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi bu əraziyə dair öz suveren hüquqlarını müdafiə etmək, oranın təhlükəsizliyinin təminatına yardım göstərmək və azərbaycanlı əhaliyə qarşı ermənilərin törətdikləri vəhşiliklərin qarşısını almaq, ən başlıcası isə, bölgəni Quzey Azərbaycanın digər torpaqları ilə birləşdirmək sahəsində müəyyən tədbirlər həyata keçirmişdi. Bir sıra hallarda ingilislər bunlara mane olmuşdular.

İrəvan quberniyası müsəlman əhalisinə 1 milyon manat vəsait çatdırılması üçün F.Xoyski 1919-cu il aprelin 3-də məktubla Tomsona müraciət etdi. Həm də hökumət komissiyasının Naxçıvan, Şərur və s. rayonlara getməsinə şərait yaradılmasını xahiş etdi. Lakin hər iki xahişə mənfi cavab verildi. İngilislər bir tərəfdən Naxçıvanın Azərbaycanın bir hissəsi olduğunu tanıyır, maliyyə və silah vəd edir, digər tərəfdən isə Naxçıvanın daş­nak Ermənistanın hakimiyyətinə verilməsi təklifini irəli sürürdülər.

Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi Nax­çıvanla bağlı hərbi səciyyəli müəyyən işləri görə bilməsə də bəzi diplomatik-siyasi yollar­dan istifadə edirdi. Bu sahədə Azərbaycan hökumətinin İrəvan və Tiflisdəki diplomatik nümayəndələri səmərəli və işgü­zar fəaliyyət göstərir, Azərbaycan rəhbərliyini və Xarici İşlər Na­zirliyini obyektiv məlumatlarla təmin edir, təkliflərini çatdırırdılar. M. Təkinski Naxçıvanla bağlı AXC hökuməti sədrinə yazırdı ki, əgər Ermənistan Qarabağın Azərbaycana keçməsinə razıla­şarsa, ingilislər Şərur–Naxçıvan rayonunu ona verəcəklər. Onun fikrincə, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Şərur və Naxçıvanı ermənilərə vermək olmazdı.

Naxçıvan bölgəsində ermənilərin özbaşınalıqları­nın qarşısının alınmasında da M.Təkinskinin böyük əməyi olmuş­dur. O, bu məsələlərlə əlaqədar məlumat hazırlayaraq Xarici İşlər Nazirliyinə göndərirdi. Bununla əlaqədar F. Xoyski Azərbaycan hökumətinin məlum mövqeyini Tomsona bildirmiş, Naxçıvan rayonunun idarəsinin müvəqqəti olaraq Ermənistana veriləcəyi ilə heç vəchlə razılaşmayacaq­larını çatdırmışdı. Naxçıvan bölgəsinin müsəlmanları özlərini Azərbaycanın ayrılmaz hissəsi sayır və hökumətdən silah-sursat alacaqlarına ümid edirdilər.

Bu dövrdə Şərur–Nax­çıvanda süvari dəstə və top, pulemyotlarla birlikdə 6 minədək qoşun hissələri olmuşdur. Bunlar öz döyüş keyfiyyətlərinə görə ermənilərinkindən heç də geri qalmırdı. Naxçıvanlılar AXC Baş nazirindən buraya zabit kadrları göndərməyi və 100 min manat pul buraxılmasını xahiş edirdilər. Azərbaycan hökuməti Naxçıvan, Şərur, Ordubad rayonları üçün Naxçıvan Milli Şurasına 400 min manat göndərmişdi və 300 min manat göndərilməsi də nəzərdə tutulmuşdu. Xalq Cümhuriyyətinin Baş nazirləri F. Xoyski və N.Yusifbəyli imkanları daxilində Naxçıvana kömək edir, onun Azərbaycan ərazisi kimi qorunub saxlanılması üçün siyasi, diploma­tik, maddi və mənəvi vasitələrdən istifadə edir və qəhrəman naxçı­vanlıların fəaliyyətlərini də yüksək qiymətləndirirdilər. Naxçıvan əhalisi hər vasitə ilə Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqələr yaratmağa çalışmış, onunla birləşmək üçün müxtəlif yollar aramışdı. Bütün bunlar isə AXC tərəfindən razılıqla qəbul olunmuş, müəyyən tədbirlər görülmüşdü.

Azərbaycan Xalq Cümhuriyyəti Naxçıvanla əlaqələrin çətinliyini nəzərə alaraq öz nümayəndəsini Qarabağ general-qubernatorunun Naxçıvan bölgəsinin idarəsi üzrə köməkçisini təyin etmişdi. Bir qədər sonra isə Qarabağ general-qubernatorluğu nəzdində Naxçı­van bölgəsinə dair xüsusi tapşırıq­lar üzrə müvəkkillik yaradılmışdı. Sonra isə Səməd bəy Cəmillinski Naxçıvanın general-qubernatoru təyin edilmişdi. S. Cəmillinskinin qərargahı əvvəlcə Ordubadda yerləşmiş, sonra isə Naxçıvana köçmüşdü. Naxçıvan və Ordu­badda yerli hakimiyyətin və silahlı qüvvələrin təşkili üçün 1919-cu ilin avqustunda S. Cəmillinskinin sərəncamına 1 milyon manat vəsait ayrılmışdı.

1919-cu ilin ikinci yarısında Zaqafqaziya məsələləri üzrə Paris sülh konfransı adından çıxış edən ABŞ-ın rolu kəskin surətdə artdı. Hələ 1919-cu ilin əvvəllərindən Azərbaycanla ciddi maraqlanan ABŞ nümayəndələri tez-tez Bakıya səfər etməyə başlamışdılar. Şübhəsiz, onların Azərbaycana dair planlarında mühüm strateji mövqedə yerləşən Naxçıvan xüsusi yer tuturdu. Lakin ilk vaxtlar amerikalıların siyasəti də ermənipərəstliyi ilə ingilislərdən az fərqlənirdi.

1919-cu ilin yayında Naxçıva­na gəlmiş ABŞ polkovniki Rey eyni vaxtda həm müsavatçılarla, həm daşnaklarla, həm də türk zabiti Xəlil bəylə danışıqlar aparmışdı. O, Naxçıvan Milli Komitəsinin başçısı Cəfərqulu xanla apardığı danışıq­larda Naxçıvanda ABŞ-ın gene­ral-qubernatorluğunu yaratmaq ideyasını irəli sürmüşdü. 1919-cu il avqustun axırlarında Amerika polkovniki Paris sülh konfransı və Antanta İttifaqı şurası adından AXC hökumətinə bildirmişdi ki, Naxçıvan və Şərur-Dərələyəz qəzaları xüsusi zona təşkil edir və həmin yerlərdə bütün idarəçilik işlərinə cavab verə biləcək Amerika general-quberna­torluğu təşkil olunacaqdır.

1919-cu il sentyabrın 1-də Haskelin Paris sülh konfransı adın­dan Azərbaycan və Ermənistan hökumətlərinə göndərdiyi “Naxçı­van və Şərur-Dərələyəz qəzaları haqqında əsasnamə”də həmin fikirlər bir daha nəzərə çatdırılmış­dı. Əsasnaməyə görə, Naxçıvan və Şərur-Dərələyəz qəzalarını əhatə edən rayonlar bitərəf zona elan edilir və burada bütün idarəçilik işləri Amerika general-quberna­torluğuna tapşırılırdı. Bütün hərbi qüvvələr, poçt, teleqraf onun tabeliyinə verilir, vəzifəli şəxsləri general-qubernator təyin edirdi.

Lakin ABŞ-ın həmin mövqeyi AXC hökuməti və Naxçıvan Milli Komitəsi tərəfindən qəbul edilmədi. Çünki 20 bənddən ibarət Haskel layihəsinin məzmunundan görünür­dü ki, belə bir layihə amerikanlar tərəfindən hazırlana bilməzdi. Bu, müttəfiqlərin ali komissarı Vil­yam Haskelin adı ilə elan edilmiş erməni layihəsi idi. Bu layihə Azərbaycan hökuməti tərəfindən qəbul edilmədiyi üçün sentyabrın 27-də V. Haskel birincidən o qədər də fərqlənməyən 12 bənddən ibarət ikinci layihəni Azərbaycan hökumətinə göndərmişdi.

Azərbaycan Xarici İşlər naziri sentyabr ayının 29-da Haskelə yazırdı ki, onun hökuməti şərtlərin bir qisminə etiraz edir. Bununla belə hökumət Naxçıvan və Şərur- Dərələyəz qəzalarında xüsusi ge­neral-qubernatorluğun yaradılma­sının əleyhinə deyildir. Azərbaycan hökuməti 12 bənddən ibarət layihə hazırlamışdı və sentyabr ayından polkovnik Haskelə göndərmişi. Layihədə göstərilirdi: Naxçıvan və Şərur-Dərələyəz qəzalarında müvəqqəti olaraq, xüsusi general-qubernatorluq yaradılır; general-qubernatoru Amerika vətəndaşları içərisindən polkovnik Haskel təyin edir; bu qəzalar ümumi, birbaşa, bərabər və gizli səsvermə yolu ilə seçilən yerli Şuralar tərəfindən idarə edilir və s.

V. Haskel Azərbaycan tərəfindən təqdim edilən layihəni qəbul etmədi. Sentyabr ayının orta­larında Haskel Naxçıvan, Şərur və Ordubad nümayəndələri Əli Səbri Qasımovu və K.Əsgərovu qəbul edərək bildirmişdi ki, Birləşmiş Ştatların ordu mühəndisi polkovnik Edmund Delli Naxçıvana quber­nator təyin edilmişdir və bir aydan sonra öz vəzifəsinin icrasına baş­layacaqdır. Nümayəndələr adından Əli Səbri Naxçıvan əhalisinin 10 bənddən ibarət olan tələblərini V.Haskelə təqdim etmişdi. Burada Naxçıvan əhalisinin bu rayona erməni qoşunu yeridilməsinə razı olmayacağı, bu qəzaların əhalisinin Ermənistan hökumətinə tabe olmayacağı və lazım gələrsə, azərbaycanlı əhalinin öz istiqlaliyyətini silahlı yolla qoruya­cağı göstərilirdi.

1919-cu il oktyabrın 23-də müttəfiqlərin ali komissarlığından Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə ünvanlanmış aşağıda­kı məlumat alınmışdı: “Naxçıvan və Şərur rayonlarında əmin-amanlıq yaratmaq məqsədilə Azərbaycan və Ermənistan hökumətləri razılığa gəldilər ki, bu iki rayon bundan sonra da ittifaq səviyyəsində idarə edilən zonada Amerika quberna­torluğunun inzibati hakimiyyəti altında qalacaqdır”. 1919-cu il oktyabrın 22-də Bakıda AXC-in rəsmi orqanı olan “Azərbaycan” qəzetində Naxçıvanda ABŞ polkov­niki Edmund Delli başda olmaqla Amerika general-qubernatorlu­ğunun təşkil olunması haqqında əsasnamə dərc edilmişdi. Bu isə çıxılmaz vəziyyətdə qalmış AXC rəhbərliyinin həmin məsələyə qeyri-rəsmi qaydada razılığı kimi qəbul edilə bilərdi.

Bununla belə, Azərbaycan hökuməti ilə Naxçıvan Milli Komitəsi arasında qardaşlıq münasibətləri əvvəlki kimi sax­lanılırdı. Əldə olunmuş razılığa əsasən, AXC hökuməti 6 min nəfərlik qoşun hissələrini silahlan­dırmağı Naxçıvan Milli Komitəsinə vəd emişdi. Oktyabr ayının 24-də Ceyms S. Rey Naxçıvana gəldi və müsəlman Milli Şurası qarşısında neytral zona yaratmaq barədə V. Haskelin bəyanatını elan etdi. Bəyanatda deyilirdi ki, Şərur və Naxçıvan dairəsində, Amerika qubernatorunun rəhbərliyi altında müttəfiq idarəçilik zonası yara­dılır, polkovnik Edmund L.Delli bu zonaya qubernator təyin edilir. Ceyms Rey sərəncamla bəyanatda qeyd olunanları rəsmiləşdirdi.

Lakin Naxçıvan Milli Şu­rasının və bütün Naxçıvan əhalisinin təkidi ilə polkovnik Delli Naxçıvanda general-quber­nator kimi deyil, Ali Komissarın nümayəndəsi kimi qaldı. Milli Şura C. Reyə məlumat verdi ki, “xalq azərbaycanlı general-quberna­tordan başqa heç kimi tanımaq istəmir”. C.Rey başa düşürdü ki, neytral zona üçün nəzərdə tutulan ərazini Azərbaycandan ayırmaq qeyri-mümkündür. Noyabr ayında C.Rey və E.Delli cəhd göstərsələr də general-qubernatorluq yara­da bilmədilər, onların missiyası süquta uğradı.

Bunu görən ermənilər 1919-cu ilin sonlarında Naxçıvana yenidən hücum etdilər. Ermənistanın nizami qoşun hissələri ilə Naxçıvan Milli Komitəsinin hərbi dəstələri ara­sında qanlı toqquşmalar başlandı. Bu qanlı döyüşlər amerikalıların ümidlərini doğrultmadı. Döyüş qabiliyyətini itirmiş Ermənistan ordusu heç bir müvəffəqiyyət qazanmadı. Amerikalıların gözlədiklərinin əksinə olaraq, hərbi toqquşmalar, azərbaycanlı əhaliyə qarşı törədilən qanlı cinayətlər Naxçıvan Milli Komitəsinin, müsa­vatçı Kəlbalı xanın hərbi, inzibati və siyasi hakimiyyətini daha da möhkəmləndirdi. O, həmçinin xəzinəyə, dəmir yoluna, poçt-teleqrafa və vergilərin qoyulması­na nəzarəti ələ keçirdi.

Belə uğurlu vəziyyətə bax­mayaraq, amerikalılardan yardım alan daşnak Ermənistanı 1920-ci ilin yanvarında Naxçıvanı işğal etmək üçün yeni cəhd göstərdi və diyarın müdafiəçilərinin vəziyyəti xeyli mürəkkəbləşdi. Azərbaycan Xalq Cümhuriyyətinin özündə siyasi böhranın dərinləşməsi Nax­çıvana hərbi yardım göstərilməsini çətinləşdirdi. Düşmənin üstün qüvvələri qarşısında tək və zəif qalmış Naxçıvan rəhbərliyi kömək üçün türklərə müraciət etməli oldu. Belə cəhd öz növbəsində Naxçı­vanda Azərbaycanın mövqelərini xeyli zəiflətdi. 1920-ci ilin fevralın­da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nümayəndələri Nax­çıvanı tərk etməyə məcbur oldular.

Naxçıvanda hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşdi. Naxçıvan əhalisinin misilsiz qəhrəmanlığı sayəsində Şərur, Ordubad, Naxçıvan torpaqlan 1920-ci ilin ortalarına doğru tamamilə erməni daşnaklarından təmizləndi. Kəlbalı xan və onun tərəfdarlarının səyləri nəticəsində bölgədəki oyuncaq general-quber­natorluq 1920-ci ilin martında fakti­ki olaraq ləğv edilmiş və Naxçıvan yenidən dövlət müstəqilliyi qa­zanmışdı. O günlərdə Naxçıvan, Şərur, Ordubad və Vedibasar ra­yonu nümayəndələrinin iclası “qəti olaraq AXC-ə birləşmək” cəhdini ifadə edirdi. Naxçıvan diyarının əhalisini erməni qırğınından xilas etmək üçün türklərin köməyinə ehtiyac duyulurdu.

Yerli əhalinin nümayəndə-lərinin türk qoşunlarını Naxçıvana dəvət etmək barədə mətbuatda dərc olunmuş müraciətində də həmin reallıq öz ifadəsini tap­mışdı. Elə bunun nəticəsi idi ki, 1920-ci ilin martında Əli Teymur bəy başda olmaqla yeni türk qoşun hissəsinin Naxçıvana gəlməsi əhali tərəfindən böyük şadlıqla qarşılandı. Hadisələrin sonrakı gedişi bir daha təsdiq etdi ki, bu tədbir Naxçıvanda əhalinin yeni qırğınının qarşısını almış, diyarın gələcək siyasi taleyinin həllində, onun, məhz Azərbaycan dövlətinin tərkibində muxtariyyət əldə etməsində əhəmiyyətli, müəyyənedici rol oynamışdır.

Beləliklə, aydın olur ki, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və parlamenti hərbi-siyasi vasitələrdən istifadə edərək ölkənin ərazi bütövlüyünü qo­rumağa çalışmış, Naxçıvanın itirilməsinə və ermənilər tərəfindən işğal edilməsinə yol verməmiş və bu istiqamətdə ingilislər və ame­rikalılarla diplomatik danışıqlar aparmış, eyni zamanda, Naxçı­vana hərbi və maddi köməkliklər göstərmiş, lakin bütün bunlarla ya­naşı, özləri çətin ictimai-siyasi və hərbi vəziyyətlə qarşılaşdıqların­dan bir sıra hallarda məqsədlərinə tam nail ola bilməmişlər. Bölgə əhalisinin igidliyi və qəhrəmanlığı sayəsində Naxçıvanın ərazisi Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmış və nəhayət, 1921-ci ilin martında Azərbaycanın tərkibində ona muxtariyyət statusu verilmişdir.

İsmayıl HACIYEV,
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

23 May 2020 13:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Noyabr 2020 | 00:42
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə