Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Korrupsiyaya qarşı mübarizə əhali tərəfindən rəğbətlə qarşılanır

Prezident İlham Əliyev mayın 21-də Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib. Dövlətimizin başçısının videoqəbulda çıxışı zamanı ölkəmizdə kadr islahatları, korrupsiya­ya qarşı mübarizə, əhaliyə sosial dəstək və s. mühüm məsələlərlə bağlı söylədiyi dəyərli fikir və mülahizələr ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri, ziyalılar tərəfindən dərin razılıq hissi ilə qarşılanıb. Azərbaycan və Rusiya Jurnalistlər birliklərinin üzvü, ehtiyatda olan ədliyyə polkovniki Əfrahim Təhməzov bu barədə fikirlərini bizimlə bölüşərkən dedi:

– Mən möhtərəm Prezi­dentin bütün nitq və çıxışları kimi, bu dərin məzmunlu, parlaq çıxışını da böyük maraqla dinlədim. Cənab İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycanda kor­rupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bu mübarizə bundan sonra da aparılacaq.

Tam səmimiyyətlə qeyd etmək istəyirəm ki, son vaxtlar ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar ölkə əhalisi tərəfindən böyük rəğbətlə qarşılanır və birmənalı olaraq dəstəklənir. Bəli, hər bir vəzifəli şəxs başa düşməlidir ki, o, müəyyən səlahiyyətlər sahibi olmaqla bərabər, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır. Hər bir məmur öz fəaliyyətində ədalətli olmalı, sadə vətəndaşlara qarşı səmimi davranma­lı, onların problemləri ilə maraqlanmalı, qayğılarına qalmalıdır.

Korrupsiyaya qarşı mübarizə o vaxt təsirli olur ki, ölkə əhalisi, ziyalılar buna hərtərəfli dəstək verir. Bu gün hər bir vətəndaş, öz növbəsində bu sitiqamətdə əlindən gələni etməlidir. Bizim üçün gözəl, parlaq nümunə var. Prezident İlham Əliyev korrupsiyanın kökünü birdəfəlik kəsmək istəyir. O, bunu Azərbaycanın parlaq gələcəyi, rifahı, intibahı üçün edir. Bundan ruhlanaraq, vətəndaş cəmiyyəti, ölkə mediası fəal və qətiyyətli olmalıdır.

Mən Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısıyam. Uzun illər ədliyyə orqanlarında çalışmışam. Bilirəm ki, rüşvətxorluqla mübarizə aparmaq cəbhədə düşmənlə vuruşmaqdan heç də asan deyil. Çünki, burada tamah, nəfslə cihad etməlisən. Amma, bunu mütləq etmək lazımdır. Bunun üçün xoşbəxtlikdən ölkəmizdə siyasi iradə və xalqın tam dəstəyi mövcud­dur.

İnanıram ki, Azərbaycan başqa sahələrdə olduğu kimi, ədalətli cəmiyyət quruculuğu sahəsində də dünyada ən nümunəvi ölkələrdən birinə çevriləcək. Biz xoşbəxt xalqıq ki, öz ölkəsini, dövlətini sonsuz məhəbbətlə sevən, onu daim irəli aparmağa çalışan və buna qadir olan Prezident İlham Əliyev kimi müdrik və qətiyyətli liderimiz var.

Biz birgə səylərlə gələcək nəsillərə hər cür rüşvətxorluq və korrup­siyadan uzaq, ədalətin zəfər çaldığı, yüksək inkişaf və tərəqqi edən bir ölkə ərmağan etməliyik. Azərbaycan Prezidentinin arzusu, tələbi və qarşıya qoyduğu mühüm vəzifə məhz budur.

Söhbəti qələmə aldı:
M.HACIXANLI, “Xalq qəzeti”

23 May 2020 13:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə