Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bəşər övladının mənəvi kamillik bayramı

Oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevin­cini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani Kərimin nazil olması ilə əlamətdardır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Dini bayramlar mövzusu həmişə aktual olub. Xüsusilə, İslam dini ilə əlaqəli bayramların qeyd edilməsi məsələsində maarifçi yanaşma, dini məqamların doğru şəkildə insan­lara çatdırılması olduqca əhəmiyyətlidir və bu bayramlar bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ənənəvi bayramlardan fərqli olaraq, Azərbaycanda dini bayramlar İslam dini təsəvvürləri ilə əlaqədar təşəkkül tapıb, eləcə də əhatəliliyinə görə bu bayramlar digərlərindən heç də geri qalmır. Azərbaycan müstəqillik qazandıqdan sonra Qurban və Ramazan bayramları dövlət səviyyəsində qeyd olunma­ğa başlayıb və həmin günlər qeyri-iş günü elan olunub. Bu baxımdan bayramların mahiyyətini qorumaq bizim ən ümdə vəzifəmizdir. Heç birimiz fərd olaraq bu bayramların mahiyyətindən uzaqlaşmalı deyilik. Dini bayramlar ona görə qeyd olunur ki, insanlar bir-birilərinə qarşı laqeyd qalma­sınlar. Bu bayramlar insanları halallığa, paklığa, vəhdətə səsləyir.

Bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanla­rın ruhunu təzələyən Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar. Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini verib, böyük alimlər və mütəfəkkirlər yetişdirib. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynayıb.

Ötən illərdə dövlətimizin başçısının Ramazan bayramı münasibətilə təşkil edilən iftar mərasimlərində iştirak etməsi, dini bayramlar ərəfəsində İslam dininə mənsub xarici ölkə səfirlərini qəbul etməsi, həmçinin İslam dini ilə yanaşı, digər dinlərin nümayəndələrinə məxsus dini bayramlarının təşkilinə və qeyd olunmasına dəstək verməsi dövlətin dini bayramlara verdiyi dəyərin bariz nümunəsidir.

Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və na­qisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. İnsan bu ayın dua və ibadətləri ilə qüsurlardan düzlüyə, naqislikdən saflığa, kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf yönəlməsidir. Qurani Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın”.

Bu ayda imanla nəfsin çar­pışması başlayır. Nəfs hər imanlı işi pozmaq, yeyib-içmək istəyir, pis vərdişlərin davamını diləyir. İnsanın inancı, iradəsinə inamı isə buna qarşı çıxır, dil yalandan, göz və könül haramdan uzaqlaşır. Oruc tutmaq təkcə günçıxandan günbatana qədər yemək, içmək, siqaret çəkməkdən uzaqlaşmaq deyil. Belə ki, oruc tutan insan gözü, könlü, dili, qulağı ilə də pis əməldən uzaq olmalıdır. Yalan danışmaq, qeybət etmək, kiminsə kədərinə sevinmək, gizlicə kiminsə söhbətini dinləmək də məqbul edilməyən əməllərdəndir.

Müsəlman aləmində şəriətə görə oruc tutmaqdan yalnız uşaqlar, xəstələr, hamilə qadın­lar, döyüşçülər, əsirlikdəkilər və səfərdəkilər azad olunurlar. Orucluq dövründə insan dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bil­mir. Peyğəmbərimiz (s.) buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıla­rı bağlanar, şeytanlar da zəncirdə olar.

Orucluğun başa çatdığı gün Ramazan–Fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birini təbrik edir, vəfat edənlərin məzarları ziyarət olunur, ruhlarına dualar oxunur. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kiloqram buğda və yaxud düyü miqdarın­da imkansızlar üçün fitrə zəkatı verməlidir. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxla­maq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

“Qabusnamə”nin müəllifi Keykavus ibn İsgəndər oğluna nəsihət edərək yazırdı: “Ey oğul!... Bil və agah ol ki, Allah-Təalanın sənin ac və ya toxluğuna ehtiyacı yoxdur. Oruc Allah tərəfindən sənin var-dövlətinə və özünə vurulan möhürdən ibarətdir. Bu möhür mal və bədənin yalnız bir hissəsinə deyil, bəlkə, bütün üzvlərinə vurulur: əl-ayağa, gözə, dilə, qulağa, qarına.

Ey oğul, bil və agah ol: Oruc­luğun ən böyük məqsədi ondadır ki, sən gündüz yemədiyini ehtiyacı olanlara verəsən ki, zəhmətinin faydasını görmüş olasan. Elə bu zəhmət ona görə lazımdır ki, onun xeyri ehtiyacı olana çatsın”.

Orucluqla bağlı dini ayinlər əvvəlki səmavi dinlərdə də (yəhudilik, xristianlıq) mövcud olmuşdur. Amma digər dinlərdən fərqli olaraq, İslamda orucluq xüsusi əhəmiyyət daşıyır. İslam qaydalarına əsasən, yetkinlik yaşı­na çatmış hər bir müsəlmana oruc tutmaq vacibdir. Bu ibadət ayini ilə bağlı Məhəmməd peyğəmbərin (s.) hədislərinin birində deyilir ki, Adəm oğlunun hər bir əməli özü üçündür. Təkcə orucdan başqa. Oruc tutmaq, Allah üçündür, əvəzini də Allah verir.

Sovet hakimiyyəti illərində İs­lamın başqa ayinləri və ibadətləri kimi, orucluq da qadağan idi. Lakin yenə də, insanlar gizlincə də olsa, öz borclarını yerinə yetirirdilər. Yaşlı insanlarımı­zın – imanlı nənə-babalarımızın gün ərzində yeməkdən, sudan imtina etdiyini, evin bir küncünə çəkilib dualar oxuduğunu o dövrün uşaqları yaxşı xatırla­yırlar. İnsanların əksəriyyəti isə vəzifə və iş yerlərini itirməmək, təqiblərə məruz qalmamaq üçün orucluqdan imtina etməyə məcbur idi. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən son­ra insanların vicdan azadlığı bərpa olundu, İslam dininə, onun ibadət və ayinlərinə olan münasibət də dəyişdi.

Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin xatirəsi ehtiramla yad olunur. İnanıram ki, ay başlayandan indiyə qədər və bu müqəddəs bayram günlərində hamının dua və diləkləri Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. İşğal altında­kı torpaqlarımız azad olunacaq, dünyanı bürüyən pandemiyadan ölkəmiz az itkilərlə çıxacaq. Allahın nəzərləri daim ölkəmizin üstündə olsun. Amin!

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

23 May 2020 13:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə