Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

R.T.Ərdoğan və S.Abe İstanbulda yeni xəstəxana açıblar

Müalicə müəssisəsi iki xalqın dostluğu şərəfinə “Şam və sakura”adlandırılıb

İstanbulda türk və yapon inşaatçılarının birgə əməyinin “məhsul”u olan yeni müalicə müəssisəsinin açılışında videokonfrans formatında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yaponiyanın Baş Naziri Sindzo Abe iştirak ediblər. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Əvvəlcə Yaponiya hökumətinin başçısı tədbir iştirakçılarına müraciət edərək deyib ki, “şam” sağlamlıq rəmzi sayılır, “sakura” isə yaponların əsas rəmzlərindən biridir. Bu iki rəmzin pozitiv mənalarını təcəssüm etdirən yeni xəstəxana Türkiyənin və bütün dünyanın ən böyük meqapolislərindən biri olan gözəl İstanbul şəhəri sakinlərinin sağlamlığına töhfə verəcək.

R.T.Ərdoğan, öz növbəsində, xəstəxananın aşılışını iki xalq ara­sındakı dostluq tarixində “yeni səhifə” adlandırıb. Əlamətdar haldır ki, burada, ilk növbədə, son aylar dünyanı çənginə almış təhlükəli COVID-19 virusundan əziyyət çəkən xəstələr müalicə alacaqlar. Bu­rada pasiyentlərin müalicəsi üçün ən yüksək səviyyədə şərait yaradılıb. Türkiyə dövlətinin başçısı sonra fəxrlə qeyd edib ki, hazırda İstanbul dünyanın ən nümunəvi səhiyyə mərkəzlərindən birinə çevrilib.

Türkiyə Prezidenti, həmçinin bildirib ki, Türkiyədə koronavirus infeksiyasına yoluxmanın pik nöqtəsi arxada qalıb və ölkədə sərt karantin rejiminin tələbləri tədricən yumşaldılır. O, bununla bərabər, ölkə vətəndaşlarını ehtiyatlı olmağa, özlərini infeksiyadan qorumağa çağırıb.

Bu məqamda qeyd etməyə dəyər ki, Türkiyə hökuməti pandemi­ya ilə mübarizəyə, həqiqətən, məsuliyyətlə yanaşıb və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssislərinin rəyinə görə, qardaş ölkənin bu sahədəki təcrübəsi təqdirəlayiqdir.

Bu arada, Səhiyyə naziri Fəxrəddin Koca bildirib ki, Türkiyə pandemiya ilə mübarizə məqsədilə dünyanın 80-ə yaxın ölkəsinə tibbi avadanlıqlar və dərman yardımları göstərib. Ankara bundan sonra da dost və tərəfdaş ölkələrə bu istiqamətdə yardım göstərməkdə qərarlıdır.

M.HACIXANLI, “Xalq qəzeti”

23 2020 12:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə