Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Göygöl rayonunda 3 marşrut üzrə avtomobil yolları yenidən qurulur

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramında əsas prioritet hədəflərdən biri yol infrastrukturunun müasir şəkildə yenidən qurulması ilə vətəndaşlarımızın rahat gediş-gəlişini təmin etməkdir. Ölkə boyu avtomobil yollarında aparılan genişmiqyaslı yenidənqurma işləri Göygöl rayonundan da yan keçməyib.  Bu il həyata keçirilən yol infrastrukturu layihələrindən biri də respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 14-cü km-dən ayrılan və Aşıqlı-Keşkü-Üçbulaq-Üçtəpə-Firuzabad marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yollarıdır.

Göygöl rayonu Aşıqlı-Keşkü-Üçbulaq-Üçtəpə-Firuzabad marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yollarının ümumi uzunluğu 18.9 km təşkil edir.

Layihəyə əsasən avtomobil yolları 3 marşrut üzrə yenidən qurulur. Bu respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 3-5-ci km-lik (2 km) hissəsi, yerli əhəmiyyətli 5.6 km-lik Üçtəpə-Firuzabad və 9.7 km-lik Aşıqlı-Keşkü-Üçbulaq avtomobil yollarıdır. Əhalinin çoxsaylı müraciətləri nəzərə allınaraq layihəyə M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan Üçtəpə kəndi ilə Firuzabad kəndinə rahat gediş-gəlişin təmin olunması üçün 1.6 km uzunluğunda yeni geridönmə hissəsinin yaradılması da daxil edilib.

III texniki dərəcəli respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunda nəqliyyat vasitələrinin intensiv hərəkəti, inzibati əhəmiyyəti və perspektiv inkişafı nəzərə alınaraq yolun 2 km-lik hissəsinin I texniki dərəcəyə uyğun təmir olunmasına ehtiyac yaranmışdır. Bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun yararsız asfalt-beton örtüyü mexanizmlə sökülüb, yolun torpaq yatağının I texniki dərəcəyə uyğun genişləndirilməsi məqsədilə yararsız qrunt qazılıb, əks-dolğu işləri aparılaraq torpaq yatağının karxana çınqılından təmiri və profilə salınması işləri görülüb.

Daha sonra qum-çınqıl materialdan əsasın alt layı, optimal qarışıqlı çınqıl materialından isə əsasın üst layı inşa edilir. Yol əsası hazır olan hissələrə isə bitum emusiyası səpilməklə iri dənəli qaynar asfalt-beton qarışığından örtük salınır.

Bundan başqa 2 km-lik hissədə ayrıcı zolaq və yeni piyada səkiləri inşa edilərək kənarlarına yeni səki daşları düzülür, çiyin hissələr optimal çınqıl materialı ilə bərkidilir, eyni səviyyəli yol qovşağında 240 paqon-metr uzunluğunda əyrixətli tirlər quraşdırılır, 9 yol birləşməsi təmir edilir. Sözügedən yolda işıqlandırma işlərinin aparılmasına ehtiyac olduğu üçün yeni inşa edilən ayrıcı zolaqda 50 işıq dirəyinin quraşdırılması nəzərdə tutulur. 

Layihənin sonunda 2 avtobus dayanacağı, hərəkətin normal təşkili üçün isə yol göstəriciləri və nişanlar, məlumatverici lövhələr, siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Yenidənqurma işlərinə layihənin 9.7 km-lik Aşıqlı-Keşkü-Üçbulaq hissəsində də başlanılıb. Avtomobil yolu bu hissədə çınqıl örtükdən ibarət idi, torpaq yatağının eni də normativlərə cavab vermirdi. Bu üzdən yolun torpaq yatağının IV texniki dərəcəyə uyğun genişləndirilməsi məqsədilə dağ yamacları və yatağın yararsız hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri görülərək torpaq yatağı karxana çınqılından inşa edilib və profilə salınıb.

Hazırda qum-çınqıl materialdan əsasın alt layı, optimal qarışıqlı çınqıl materialından isə əsasın üst layı inşa edilir. Yaxın günlərdə yol əsası hazır olan hissələrə iri və xırda dənəli asfalt-beton qarışığından 2 laydan ibarət örtük salınacaq. Bundan başqa yolun çiyin hissələri lazımi materialla bərkidiləcək, yol birləşmələri təmir ediləcək.

Yenidənqurma işləri zamanı mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün mövcud boru başlıqları yenidən təmir olunub və əlavə olaraq müxtəlif diametrli 92 paqon-metr uzunluğunda yeni suötürücü dəmir-beton borular quraşdırılıb.

Layihənin sonunda 3 avtobus dayanacağı, hərəkətin normal təşkili üçün isə 47 yol və km göstəricisi, həmçinin nişan, bundan başqa məlumatverici lövhə və 280 siqnal dirəyi quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Anoloji işlərin layihənin 5.6 km-lik Üçtəpə-Firuzabad hissəsində də aparılması üçün hazırlıq işləri görülür. Burda avtomobil yolu uzun illər istismar olunduğundan təmirlərarası istismar müddətini keçmiş, asfalt-beton örtükdə tor şəkilli çatlar və çökmələr əmələ gəlmişdir, səki daşları sınmış və çökərək istismara yararsız vəziyyətə düşmüşdür. Bundan başqa yolun çiyin hissəsindən 900 m uzunluğunda beton kanal keçir və sözügedən hissədə təhlükəsizlik tədbirlərinün görülməsi vacibdir.

Bu üzdən hazırda yol boyu mövcud asfalt-beton örtük frezlənərək profilə salınır. Bunun ardınca yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılacaq, qazılmış hissələrdə əsasın alt layı qum-çınqıl materialı ilə təmir ediləcək, daha sonra iri dənəli asfalt-beton qarışığı ilə yeni yol örtüyü salınacaq.

Bundan başqa zəruri olan yerlərdə 7 min paqon-metr uzunluğunda yeni piyada səkiləri inşa ediləcək, kanal boyu 660 paqon-metr uzunluğunda 220 bir tərəfli dəmir-beton qoruyucu bloklar düzüləcək, yol birləşmələri və çiyin hissələr lazımi materialla təmir ediləcək.

Layihə çərçivəsində M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan Üçtəpə kəndi ilə Firuzabad kəndlərinə rahat gediş-gəlişin təmin olunması üçün yeni geridönmə hissə yaradılmaqla 1.6 km uzunluğunda olan yol da yenidən qurulacaq. Çünki çınqıl örtükdən ibarət yolda qabarma və çökmələr əmələ gəlib, yolun hərəkət hissəsinin səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə yerləşir və torpaq yatağının orta eni 7 metr təşkil edir.

Sadalanan bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Əraziyə cəlb olunmuş lazımi sayda qüvvənin köməkliyi ilə qısa müddətə tikinti işlərinin yekunlaşdırılması ilə müasir yol infrastrukturu vətəndaşların istifadəsinə veriləcək.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

22 May 2020 10:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
5 Dekabr 2020 | 03:01
Azərbaycan Fransaya nota verib
5 Dekabr 2020 | 00:11
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə