Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ac qalmaq immuniteti zəiflətmir, bədəni möhkəmləndirir...

Hələ qədim dövrlərdə dahi təbiblər Hippokrat, Avisenna, Parasels qısamüddətli aclığın köməyi ilə müxtəlif xəstəlikləri müalicə ediblər. Müasir təbabət də sübut edir ki, insanların xəstələnməsinə əksər vaxt orqanizmin həddindən artıq kalori ilə yüklənməsi səbəb olur. İndinin özündə də aclıqla müalicə ən qədim, ən davamlı müalicə növü kimi tanınır. Həkim dietoloqlar müəyyən müddətinə ac qalmaq, fərqli növ pəhriz üsullarını təqdim edirlər. Bəzən isə Ramazan ayında tutulan orucu da müalicəvi aclıqla müqayisə edirlər. Pandemiya dövründə oruc tutmağın çətinlikləri, ac qalmanın faydası və mənfi tərəfləri barədə sualları Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti Kamran Babayev cavablandırıb.

- Oruc tutan zaman uzun müddətli ac qaldıqda fizioloji baxımdan düzgün qidalanmaya necə riayət olunmalıdır?                         

- Məlumdur ki, aclıqla müalicə ən qədim, ən davamlı və ən səmərəli üsuldur. Hazırda dünyada alternativ müalicə üsulu kimi aclıq mərkəzləri fəaliyyət göstərir. Qidanın insan orqanizminə təsirini araşdıran görkəmli amerikan gigiyenisti Herbert Şelton bu qənaətə gəlib ki, insan aclığın köməyi ilə bütün xəstəliklərdən tam sağalmaqla “gəncliyini qaytara” bilər. İnsan ac qaldıqda nəinki həzm aparatı, hətta bütün orqanlar dincəlir, bədən həzm işindən azad olur və öz-özünü təmizləməyə yönəlir. Bu işə təbii ki, enerji sərfi tələb olunur. Məhz qida ilə aldığımız enerji azaldıqda orqanizm öz enerji ehtiyatlarından istifadəyə başlayır.

 Suala gəlincə, orucluq müddəti uzun olduğuna görə, hər gün imsaka-sahura qalxmaq mütləqdir. Bu zaman yaxşı qidalanmaq vacibdir, protein və liflə zəngin qidalar qəbul edilməlidir. Suda bişmiş yumurta, ətdən istifadə olunmalıdır. Tərkibində karbohidrat, zülal, yağ olduğundan xurma da faydalıdır. Qıcıqlandırıcı qidalar istifadə olunmamalıdır. İftarda isə hədislərdə tövsiyyə olunan kimi “mədəni 3 hissəyə -hava, qida və su hissəsinə ayırmaq”, iftarı xurma və su ilə açmaq məsləhətdir. Məlumdur ki, reflektor vərdişləri dəyişmiş mədə qida qəbulu zamanı müəyyən müddət - təqribən 5-10 dəqiqə sakit vəziyyətdə qalır, Bunu fizioloqlar “reseptiv relaksasiya” dövrü-adlandırırlar. Ona görə də qidalanmağa tədricən başlamaq lazımdır. Aclıq zamanı maddələr mübadiləsi zəiflədiyindən, mədənin həcmi azaldığından, mədəni birdən-birə çox yükləmək olmaz. Əks təqdirdə bu, bir sıra narahatlıqlar-köp, sancı və qəbizlik yarada bilər. Bu səbəbdən iftarda duru yeməklər, vitaminlərlə zəngin meyvə, tərəvəzlərə və süd məhsullarına üstünlük verilə bilər.

- Koronavirusla mübarizənin əsas yolu orqanizmin möhkəmləndirilməsi, immunitetin artırılması ilə bağlıdr. Belə vaxt oruc tutmaq məsləhətdirmi?

- Orucun faydaları haqda saysız yazılara, elmi tədqiqatlara rast gəlinir. Orucda məqsəd sağlamlıqdır, çox yeyib-içmək deyildir. Oruc zamanı immunitetin zəifləməsinə dair heç bir dəlil tapa bilməzsiniz. Əksinə elmi mənbələrdə orqanizmin illərlə yığılmış zərərli maddələrdən, zədələnmiş hüceyrələrdən təmizlənməsi, ürək-damar, bəd xassəli, mədə-bağırsaq xəstəliklərinə qarşı müqavimətin artması, kök hüceyrələrin yaranması  barədə kifayət qədər məlumata rast gəlinir. Bir sözlə, Ramazanda həzm sistemi istirahət edir, nəticədə immun sistemi isə güclənir.

Maraqlıdır ki, artıq dünyanın mənzərəsi dəyişir, islam dəyərlərinə münasibət yenilənir. ABŞ-da iri magistral yol kənarlarında 1400 il əvvəl yaşamış peyğəmbər Məhəmmədin (s) hədisləri yayımlanır: “Əgər bir yerdə yolxucu xəstəlik üz verərsə, oraya getməyin. Əgər sizin olduğunuz yerdə yolxucu xəstəlik baş qaldırarsa, oranı tərk etməyin." Bu barədə həftəlik 4 milyon tirajla çap olunan “Newsweek” jurnalında da tanınmış bir professorun məqaləsi nəşr olunub. Bəli, koronavirusla mübarizədə bədənin qoruyucu imkanlarının artırılması zəruridir. Odur ki, orqanizmin mühafizə-immun sisteminə təsirli olan Tibbi-Nəbəvidən bir vasitə --“Qara zirə” (çörəkotu) haqda bildirmək istərdim.  Bu dəyərli bitki ilə bağlı dünyanın müxtəlif ölkələrində aparılmış tədqiqatlarda onun şəfalı təsiri aşkarlanıb və immuniteti gücləndirir. Odur ki, bu vasitədən bol-bol istifadə olunması məqsədəuyğundur.

Qaraciyəri yeniləyən, bərpa edən ən effektiv müalicə üsullarından biri də oruc tutmaqdır. Qaraciyər enerji deposudur. 6--7 saat ac qaldıqdan sonra orqanizm qaraciyərdəki ehtiyat enerjidən istifadə etməyə başlayır. Bu zaman yüngül ürəkbulanma, halsızlıq olması təbiidir. Çünki qaraciyər istirahətlə yanaşı, həm də daxilindəki enerjini yeniləyir. Aclıq zamanı xolesterin və triqliseridlərin səviyyəsi (damarların daxili divarını tutmuş yağlar) normallaşır. Pankreatitdən əziyyət çəkənlər üçün də oruc faydalıdır, sahurdan 6--7 saatdan sonra fermentativ aktivlik azalması ilə ferment ifrazı olmadığından, özünü yandırmadığından, mədəaltı vəzin bərpasına imkan yaranır. Damarların divarlarında infarkt və ateroskleroza səbəb olan yığılmış xolesterol, toksin və ərp təbəqəsinin əridilməsi ağızdan bəzən dəridən də aseton qoxusunun olması ilə müşahidə edilir və sonradan tədricən aradan qalxır, nəticədə damarlar elastikləşir. Mədənin həcminin azalması da həddindən artıq yeməyin qarşısının alınması baxımından faydalıdır.

Beynin qanla yaxşı təchiz olunması yaddaşa faydalıdır, belə ki, ac qaldıqda beyinin koqnitiv (təfəkkür, yaddaş və s.) funksiyaları xeyli yaxşılaşır. Maraqlıdır ki, bir çox dahi yazıçılar, musiqiçilər, rəssamlar bu üsuldan istifadə edirdilər -- öz əsərlərini yazmazdan əvvəl ac qalırdılar.

- Orucun immun sistemini yeniləməsi barədə hansı elmi araşdırmalar var?

- Yaponiyalı bioloq Yoşinori Ohsumi oruc tutmağın insan səhhətinə faydalı olduğunu elmi tədqiqatlarla isbat edib. Alim apardığı bu araşdırmalara görə 2016-cı ildə Nobel mükafatına layiq görülüb. Yapon bioloqun araşdırmasının əsas mövzusu hüceyrələrin öz-özünü yeniləməsi idi.  Dr. Ohsumi bütün işlərində, bədəni, toksik hüceyrələri bölməyə və tullantılardan xilas olmağa təşviq etmək üçün aclığı və orucu istifadə etdi. O, yenilənmə prosesinin oruc zamanı daha mükəmməl və sürətlə həyata keçməsini sübut edib. "Oruç ve Otofaji” (Yunanca “Avto”, “Phagein”-“Öz-özünü yemək”) arasındakı əlaqə, otofajinin (faqositozun) vücuda önəmli təsirləri barədə açıqlamalar olmuşdu. Ohsumi insan hüceyrələrinin tullantılarından xilası üzərində işləyirdi. Kaliforniya Universiteti Herontoloji və Bioloji Elmlər Professoru Uolter Lonqo orucun kök hüceyrələrə "Aktiv ol" əmri verərək, onların immunitet sistemini yenilədiyini müdafiə edir. Ankara Onkoloji Tədris və Araşdırma Xəstəxanasının əməkdaşı dr. Olcay Kandemir Sakarya Universiteti Biologiya fakültəsində keçirdiyi “Orucla bağlı tibbi araşdırmalar və diet proqramlarına orucun təsiri” adlı konfransda bu mövzuya toxunub, oruc tutmağın faydalarından danışıb. Alim qeyd edib ki, oruc tutmaq tibbi terminologiyada “Intermittent Fasting” adlanır. Müəyyən müddətdə ac qalmağın bütün dünyada həkim-dietoloqların məsləhətləri sırasında yer almasına da diqqət mərkəzinə çəkən Olcay Kandemir deyib: “Gün ərzində yemək saatlarının arasını uzatmaq lazımdır. İki yeməyin arasında ən azı 6--8 saat zaman boşluğu olmalıdır. Tərkibindən, kalorisindən asılı olaraq qidanın həzmi 3-4 saatdan 8 saatadək dəyişə bilər. Sonra daxili enerjidən istifadə olunduqda bu çəkinin azalmasına və nəzarətdə saxlanmasına səbəb olur.

Bir sözlə, aclıq zamanı immun sisteminin fəaliyyəti yaxşılaşır. Məhz bu səbəbdən soyuqdəymə xəstəlikləri zamanı həkimlər daha az yeməyi, çəkini azaltmağı və çox maye qəbul etməyi tövsiyə edirlər. Orqanizm təmizlənir və cavanlaşır, dərinin rəngi yaxşılaşır, xərçəng riski azalır, ürək və qan damarları daha sağlam olur, arterial təzyiq tənzimlənir, orqanizmdə iltihablar azalır, bir sözlə yeni bir immun-mühafizə sistemi yaranır. Oruc tutmaqla bədən və ruhumuz təmizlənir, saflaşır.

ATU-nun mətbuat xidmətinin materialı əsasında hazırladı:

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 May 2020 10:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə