Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanın itirdiyi böyük adam – Atatürk

3-cü yazı (əvvəli 21.05.2020-ci il tarixli sayımızda)

Türk dünyasının qəhrəman oğlu Qazi Mustafa Kamal Atatürkü hər zaman sevgi, sayğı və rəhmətlə anırıq! İllər öncə bu haqda yazdığım yazını gənclərimizin oxuması üçün təkrar paylaşırıq!

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Kamal Paşa gənclik günlərimdə mənim qəhrəmanımıydı

Hind Parlamentinin nümayəndəsi Sucheta Krıpalani yazırdı: “Atatürk yalnız türk millətinin deyil, azadlıq, müstəqillik uğrunda savaşan bütün millətlərin öndəriydi. Onun direktivləri altında siz müstəqilliyinizə qovuşdunuz. Biz də o yoldan yürüyərək, müstəqilliyimizə qovuşduq. Hindistanın müstəqillik illərində ilk baş naziri olmuş Cavahirləl Nehru da Atatürk haqqında heyranlıqla danışırdı: “Kamal Atatürk və ya bizim onu o zamanlar tanıdığımız isimlə Kamal Paşa, gənclik günlərimdə mənim qəhrəmanımıydı. Böyük inqilablarını oxuduğum zaman çox duyğulandım. Türkiyənin modernləşmə yolunda Atatürkün girişdiyi böyük çabaları heyranlıqla qarşıladım. Onun dinamizmi, yenilməz və yorulmaq bilməzliyi insanda böyük bir etki yaradır. O, Şərqdə modern çağın qurucularından biridir. Onun ən böyük heyranları arasında olmaqdayam” (1963).

Zatən önəmli olan, bu gün çox sıx rast gəldiyimiz kimi Canlı ölü olmaq yox, öldükdən sonra belə, bu qədər canlı bir şəkildə Yaşamaq deyilmi? Çünki həyat bu dərəcədə doğru və gözəl bir şəkildə yaşanıbsa, ölümün özü də bir həyatdır.

Əsl böyüklük, ondan uzaqlaşdıqca, özümüzü ona daha yaxın hiss etməyimiz deyildirmi? Çünkü böyüklük zamanla məhdudlaşdırılmır. Böyük insanlar həm keçmişin, həm də gələcəyin batmayan günəşləridir.

Bu həqiqəti Belçikanın Ankaradakı səfiri görün nə qədər sadə və gözəl bir şəkildə ifadə etmişdi: “Ankarada olanda daim günəşə baxırdım. Amma günəşi üfüqdə deyil, Çankayada görürdüm. Çünkü əsl günəş, Çankayadakı Atatürk adlı günəş idi.”

Bəs bu canlılığın sirri nədədir? Onun hərb xadimliyi cəhətimi, yoxsa dövlət xadimliyi cəhətimi? Yoxsa, tarixə keçən bu cəhətləriylə birgə, çox da bəhs edilməyən başqa bir cəhətimi? Bəli, onun günümüzdə də canlı olmasının əsl sirri, insani cəhətidir. Atatürk hər ölkədən, hər yaşdan, hər cinsdən, hər rəngdən, hər dindən, hər dildən, hər təbəqədən olan insanların hər zaman məhəbbət və hörmət bəslədiyi, həsrət və qibtəylə yad etdiyi, nümunə götürdüyü Böyük bir liderdir. Yəni Atatürk, “ilin adamı” deyil, “çağın adamı”olan yeganə liderdir. Onun bu dərəcədə ümumbəşəri olmasının səbəbi “sarı saçlı, mavi gözlü bir div” olması, qarğaları hürkütməsi və ya adının Kamal olması deyil. Bu sirr Atatürkün tarixə keçmiş hərb və dövlət xadimliyindən başqa, onun insani cəhətlərindədir.

Atatürkün bu dərəcədə ümumbəşəri bir lider olmasını təmin edən və onu bir çox digər liderlərdən fərqləndirən xüsusiyyətin, onun insani cəhətləri olduğunu dedik. Bəs o necə bir insan və necə bir lider idi? Bu sualın cavabını Atatürkün xatirələrində, yaşadıqlarında və yaşatdıqlarında axtaracağıq. Heç bir zaman təkəbbür göstərməmiş, hər şeyi ancaq xalqı, milləti, dünya xalqlarının rifahı və xoşbəxtliyi naminə etmiş, daim tolerant və təvazökar olmuş, sadəliyindən heç bir şey itirməmişdir.

İzmir zəfərindən sonra qatarla Ankaraya qayıdan müzəffər komandanla bağlı, Ankara valisinin bir xatirəsi: “Gecədən xeyli keçmişdi. Hər kəs çox yorğun idi. Mustafa Kamal, bizimlə söhbətdən sonra istirahətə çəkilmişdi. Mən də onunla söhbət etmək üçün çox darıxırdım. Səhər açılan kimi Saleh Bozoka “Paşadan nə xəbər var?” - dedim. “Yatır”-dedi. Bir müddət sonra səbirsiz bir halda: “Hələ durmayıbmı?” - deyə soruşdum. “Bəli, durmayıb”- deyə qışqırdı. O zaman yanımızdaki kupeden onun səsini eşitdim: “Buyurun, bəyəfəndi; amma hələ geyinməmişəm”.  “Hər halda tamam çılpaq deyilsiniz”- dedim. “Yox, pencəyimi geyməmişəm”- dedi. Qapını açıb girdim. Əynində şalvar və köynəklə ayaq üstündə dayanmışdı. Saqqalı uzanmış, üzünə yuxusuz keçən gecənin yorğunluğu həkk olunmuşdu. Köynəyini və şərfini yuduğunu gördüm. “Yorğun görünürsünüz”- dedim. “Hə, yata bilmədim. Yastıq və adyal qoymayıblar; başımı qoluma söykədim, ağrıdı; pencəyimi yastıq eləmək istədim, üşüdüm. Yatmaq mümkün olmadı. Durdum.”-dedi. Heyrət və təəssüflə soruşdum: “Bəs nə üçün heç kimə demədiniz?”-Təbəssümlə cavab verdi: “Hamı mənim qədər yorğun və yuxusuz idi. Narahat eləmək istəmədim.” Mustafa Kamal, Vətənini xilas etdikdən sonra İzmirdən Ankaraya bax bu şəraitdə qayıtmışdı”.

Macarıstanın “Esti Ujsa𔝠qəzeti yazırdı: “O, yüzilimizdə “olmayacaq heç bir şey yoxdur” şəklində tarixi gerçəyi isbatlayan ilk adam olub”. Alman tarixçisi Herbert Melziq yazırdı: “O, öz milləti və bəşəriyyət üçün bəslədiyi məhəbbətlə, bir dahinin nələr yaratdığına dair dünyaya fövqaladə həyəcanlı bir səhnə göstərməkdədir”.

Atatürk, incəsənətin bir millətin həyatındaki yerini və əhəmiyyənini layiqiylə qiymətləndirə bilənlərdən idi

Hüsnxət sənətinin son ustadlarından Macid Ayralın başına belə bir hadisə gəlmişdi: Çanaqqala döyüşlərinin davam etdiyi vaxt, Macid Bəy Çanaqqalada əsgər imiş. Döyüşlərin dərin səngərlərdə aparıldığı günlərdə, Macid Bəy malyariyaya tutulur. Malyariya böhranının olmadığı vaxtlarda yazdığı gözəl hüsnxət nümunələrini səngərlərin divarına asırmış. Mustafa Kamal səngərləri təftiş edərkən, bu hüsnxət nümunələrini görür və çox xoşuna gəlir. Onları kimin yazdığını soruşanda və müəllifinin Macid Ayral olduğunu öyrənəndə, üzünü yanındakı adamlara tutaraq: “Bunlar sənət əsərləridir, bir ölkədə belə sənətkarlar asan yetişmir; belə bir sənətkarın burada nə işi var? Sabah onu tərxis edin”-əmrini verir. Ertəsi gün Macid Ayral tərxis edilir.

Çanaqqalada güclü Avropa dövlətlərinə qarşı qəhrəmanlıq dastanı yazdığı o fövqəladə şərtlər daxilində, millətinin bağrında doğan sənət adamlarına belə bir həssaslıq göstərməsi və onları müharibədən uzaqlaşdırması, Atatürkün sənətə və sənətkara verdiyi qiymətin nümunəsidir.

Görün, Yunanıstan kimi o zamanlar Türkiyənin ən böyük düşməni olan ölkənin təmsilçisi Atatürklə bağlı nə deyir: “Türkiyə, dost və düşmənlərin heyran olduğu bir dahi adama malik olmaq kimi xoşbəxtliyə çatmışdır”. Fransız yazarı Gerard Tonqas yazırdı: “Bu, insanlığa təcrübədən keçmiş bir fəlsəfə örnəyi olaraq təqdim oluna bilər. Atatürk yüzillərə sığacaq işləri on ildə tamamladı”.

2 mart 1998-ci il. Milli televiziya kanallarından birində ikinci xəbər olaraq 6 dəqiqə davam edən və 5 dəfə kadr böyüdülərək verilən bir xəbər yer aldı. Bu xəbər, Amerikada məşhur bir müzik-xollun sökülmədən, dünyada ilk dəfə tətbiq edilən bir metodla relslər üzərində 20 metr kənara sürüşdürülməsi və yerində yeni bir binanın yapılması haqqında idi.

1930-cu il. Atatürk Yalova köşkünə doğru çıxarkən, bağbanın qoca bir çinar ağacını kəsməyə hazırlaşdığını görür. “Sən həyatın boyu belə bir ağac yetişdirmisən ki, indi bunu kəsirsən?”- deyə soruşur. Bağban cavab verir: “Paşam, çinarın kökləri köşkün bünövrəsini qaldırır. Yarpaqları da köşkün pəncərələrinə toxunur. Gərək ya köşkü itirək, ya da ağacı kəsək. Bu səbəbdən bizi üzürlü hesab edin, ağacı kəsmək məcburiyyətindəyik.”. Atatürk bir an fikirləşir. “Xeyr, lazım gələrsə köşkü ağacdan uzaqlaşdırarıq”- deyir. Yanındakı adamlar, “Bugün Mustafa Kamalda bir qəribəlik var, heç köşkü ağacdan uzaqlaşdırmaq olar?”-deyirlər. Atatürk nə memar, nə mühəndis, nə də aqronom idi. Amma o, heç bilirsiniz nə elədi? İstanbuldan Yalovaya tramvay relsləri gətirtdi, onları köşkün altına döşətdi və köşkü hərəkət etdirib, ağacdan 4 metr 80 santimetr kənara çəkdirərək, çinarı xilas elədi. Bəli, bu hadisə 1930-cu ildə olmuşdur. Dünyada 1980-ci illərdən sonra ekologiyadan bəhs edilməyə başlandı. Mustafa Kamal 1930-cu ildə dünyaya konkret bir ekologiya dərsi vermişdi.

Fransız ədibi Klaude Farrere yazırdı: “O, uca bir dağa bənzyir. Ətəyində yaşayanlar bu ucalığı fərq edə bilməzlər. Bu dağın əzəmətini qavraya bilmək üçün, ona çox uzaqlardan baxmaq gərəkdir”.

5 may 1935-ci il. Məşhur arxeoloq Zübeyir Koşayın xatirələrindən: “Bilirsiniz ki, bütün arxeoloji qazıntıların aparılması haqqında əmr verən Mustafa Kamaldır. Muzeylərin açılması haqqında əmr verən də Mustafa Kamaldır. Amma indi olduğu kimi, “Açın! Qazın! İmza.”- şəklində deyil. Məsələn Efesdə qazıntılar başladı, iki dəfə ora getdi. Konyada Assur qazıntıları başladı, işin başında yenə Atatürk var idi. Axlatlıbel qazıntıları başladı; bir baxdıq ki, işin başında topraq alır, ölçür, biçir”. Onun fikrinə görə, üstündə yaşadığımız torpaqların həqiqi sahibi ola bilmək üçün, bu ərazidə yaşayan toplumları və onların meydana gətirdikləri mədəniyyətləri, qaynağından başlayaraq günümüzə qədər keçən müddət içində, layiqiylə öyrənib bilməliyik. Çankayada üç gün üç gecə yatmayaraq işləyir. Yatmamaq üçün alnına yaş dəsmallar qoyur. Tez-tez müxtəlif adamları yanına çağırır, müxtəlif adamlara telefon edir. Bir həyəcan, bir təlaş”. Üç gündən sonra “Gəlin”- deyir. Axlatlıbelə gedirik. Arxeoloqları ətrafına toplayır. Başlarında Zübeyir Koşay var. Mustafa Kamal həyəcanla deyir: “Qazdığınız yer yanlışdır; oranı yox, buranı qazmalısınız.” Əcnəbi arxeoloqlar “Fəqət, paşam”-- deyirlər. Demək istəyirlər ki, “Başa düşdük, böyük bir hərbçi, böyük bir dövlət xadimisiniz; amma bu iş bizim işimizdir. Niyə işimizə qarışırsınız?”Amma əmr böyük yerdən idi. Başlayırlar Mustafa Kamalın göstərdiyi yeri qazmağa. Nəticə necəmi oldu? Bütün tapıntılar oradan çıxdı.

O, sözləri ilə böyüyür, həm də sözlər Onunla

İsveçin “Nya Dagling” qəzeti yazırdı: “O olmasaydı, modern Türkiyə olmazdı. Onun sayəsində türklər, onun möhtəşəm əsərini izləyə biləcəklər və zatən dünyaca çox yüksək olan şərəflərini daha çox yüksəldə biləcəklər”. Həmin ölkənin nümayəndəsi professor Morrf isə yazırdı ki, Türkiyəni yaradan, tariximizin bu ən Böyük Adamını, başımı ən dərin hörmətlə əyərək salamlayıram.

Zaman keçdikcə, Atatürkün yuxarıda sadalamağa çalışdığımız xüsusiyyətlərindən əlavə, gözəl bir tədqiqatçı və maarifçi olduğu da ortaya çıxmışdır. Misal üçün, Atatürkün ölümündən iki il əvvəl bir “Həndəsə” kitabı yazdığını və bu kitabda, məktəblərimizdə bu gün də istifadə edilən sadələşdirilmiş həndəsə terminlərinin yer aldığını göstərə bilərik. Atatürk bu kitabı yazmasaydı “üçgen” yerinə “müsəlləs”, “artı” yerinə “zaid”, “eksi” yerinə “naqis” deyiləcəkdi. “Açı, uzay, yüzey, çap, yay, eşkenar, pay, eşit” terminləri də həndəsə tədrisinə bu kitabın töhfəsidir. Polşa mətbuatı yazırdı ki, onun yaradıcı ruhunun və atəşli yurdsevərliyinin hərəkətə keçməmiş olduğu heç bir sahə yoxdur. Bu isbata ehtiyacı olmayan həqiqətdir.

Atatürk, bu günü dəqiqliklə görmüş, görməklə də qalmayaraq, bu gün istifadə edə biləcəyimiz dərəcədə aktual, mötəbər və problemlərin həllinə istiqamətlənmiş təkliflərini yazaraq miras qoymuşdur.

ABŞ-ın ən məşhur iqtisadçılarından olan Mister Cons belə deyir: “Türkiyə iqtisadiyyat ilə müharibədə sadəcə Atatürk”™ü nümunə götürsün, kifayətdir.”

“Bugünkü mübarizəmizin qayəsi tam müstəqillikdir. Müstəqilliyin tam olması isə ancaq maliyyə müstəqilliyi ilə mümkündür”- deyən Atatürkün dövründə həyata keçirilən iqtisadi siyasətin ən böyük uğuru, şübhəsiz ki, türk lirəsinin daxili və xarici bazardakı dəyərinin qorunması sahəsində olub. On doqquz illik müddətdə (1919-1938) ölkənin böyük ehtiyacları qarşısında inflyasiyasız və sürətli bir inkişafı həyata keçirmək fövqəladə bir müvəffəqiyyətdir. 1921-ci ildə 605 quruş olan sterlinq, 1938-ci ildə 616 quruş olmuşdu.

Atatürk dövründə, 1919-cu ildən 1938-ci ilin son dörd ayına qədərki müddətdə banknotların artış həcmi 8 %-dir. Atatürkün xəstəlik səbəbiylə dövlət işləriylə məşğul ola bilmədiyi son dörd ayda isə bu artış həcmi 15 %-ə çatmışdır!..

Bildiyimiz kimi, 1929-cu ildə bütün dünyada ən güclü iqtisadiyyata sahib olan ölkələri belə sarsıdan bir iqtisadi böhran yaşanmışdı. Bu böhranın öz zərərli təsirini göstərmədiyi ölkələrdən biri də Türkiyədir. Hətta Türkiyə bu böhrandan qazancla çıxmışdır. Çünki Türkiyənin başında sürətli və balanslı bir iqtisadi inkişaf siyasətinə, strategiyasına və taktikasına sahib olan Atatürk var idi.

İsmayıl Həbib Sevük belə demişdir: “Bəzi insanlar söylədikləri sözlər sayəsində böyük görünür, bəzi sözlər isə onu söyləyən insan sayəsində. Mustafa Kamalla danışanda onu başa düşdüm ki, həm O, sözləri ilə böyüyür, həm də sözlər Onunla.”

İngiltərənin “Times” qəzeti yazırdı: “O, Türkiyənin öncəki quşaqlarının heç birinə nəsib olmayan özgürlük və güvən dolu bir həyat yaşadı. Uğurları Türkiyənin Avropa dövləti olmasını təmin etdi, orta Şərqin tarixini dəyişdirdi”. Doğrudan da Atatürkün mücadiləsi və inqilabi islahatları orta Şərq üçün böyük təsir göstərdi. Pakistanın məhşur şairi İqbal necə də gözəl deyirdi: “Bizim əslimiz rəngi uçmuş bir qığılcım ikən, Onun baxışı ilə dünyayı kaplayan və aydınlatan bir günəş halına gəldik”.

Bir çox liderlər onu özləri üçün örnək görürdülər. Pakistan prezidenti Eyub Xan deyirdi: “Kamal Atatürk yalnız bu yüzilin ən böyük adamlarındlan biri deyildir. Biz Pakistanda, onu keçmiş bütün çağların ən böyük adamların biri olaraq görüyoruz. Dahi bir hərbçi, anadangəlmə bir lider və böyük bir yurdsevər””¦.

İtaliyanın “Tribuna” qəzeti yazırdı: “Atatürkün ölümü ilə Orta Şərqin inkişafına birinci dərəcədə təsiri olan son dərəcə qüvvətli bir şəxsiyyət itirildi. Amma təkcə orta Şərq üçünmü? Xeyr, onun addımları dünyanın mənzərəsini dəyişdirdi. Və onun itkisi bütün dünya üçün böyük bir itki oldu. Livanın “An Nahar” qəzeti isə yazırdı: “Atatürk dünyanın çox nadir yetişdirdiyi dahilərdəndir. O, bütün bir tarixin görüntüsünü dəyişdirmişdir”.

“Mən əmin olduğumu bildirirəm ki, Türkiyə Cümhuriyyəti böyük öndər Mustafa Kamal Atatrükün yolu ilə əbədi olaraq gedəcəkdir. Türk xalqı nə qədər ki, bu yolla gedəcək, o qədər də uğurlar əldə edəcəkdir”. (Heydər Əliyev)

Bir anlığa tarixin səhifələri arasına baş vursaq, aşağıdakı lakonik sözlərin nə qədər böyük sözlər olduğunu və onların ancaq çox böyük bir insanın, bir dahinin ağzından çıxa biləcəyini anlayarıq: “Ölümün, biz canlılar üçün bir son olduğu qəbul edilir. Ancaq tarixdə bəzən elə insanlar olur ki, onların ölümü özlərindən sonra qoyduqları əsərlər və müəyyən etdikləri ideallarla, mənsub olduqları toplumlar və hətta bütün bəşəriyyət üçün bir son deyil, bir başlanğıcdır”.

Barış qübbəsinin Şərq sütunu yıxıldı

71 il əvvəl itirdiyimiz böyük öndər Atatürk də fikirləri və əməlləri ilə türk millətinin taleyini qəti bir şəkildə dəyişdirmiş və mirasını qoruyub yüksəltməyi, ideallarını həyata keçirməyi bizlərə tapşıraraq aramızdan getmişdir.

“Chicago Tribune” onun ölümü ilə bağlı yazırdı: “Dünya səhnəsindən tarixin ən diqqətli, çəkici adamlarından biri keçdi”. Macarıstanın “Pester Lioyd” qəzeti isə yazırdı: “Dünya, bu savaş və barış qəhrəmanı böyük adamın ölümü ilə yoxsul düşmüşdür. Doğrudan da dünya onsuz yoxsul görünür”.  Fransanın “Sanerwin” qəzeti yazırdı: “Atatürk öldü. Barış qübbəsinin Şərq sütunu yıxıldı. Artıq dünyada sülhü kimsə təmin edəməz. Hətta Avropalı dövlət adamları onun 1930-cu ildə etdiyi xəbərdarlıq və tövsiyələri dinləməmiş və dünyanı 1939-cu ildə ikinci böyük müharibə fəlakətinin içərisinə sürükləmişdilər”.  İngiltərədə çıxan “Word Price” yazırdı: “O, bənzəri olmayan bir dövlət adamı idi. Diktatorların tahammül edəmədiyi sərbəst bir nizamla,demokratiyaların bacarmadığı və bacara bilməyəcəyi işlər görmüşdür. Tarixdə bu cür adamlar dövürlərinə öz adlarını vermişlərdir”.

“Savaşda Türkiyəni qurtaran, savaşdan sonar da Türk dövlətini yenidən dirildən Atatürkün ölümü, yalnız yurdu üçün deyil, Avropa üçün də ən böyük itkidir. Müxtəlif təbəqələrin Onun üçün tökdükləri gözyaşları, bu böyük qəhrəmana və modern Türkiyənin Atasına layiq təzahürdən başqa bir şey deyil”. (Uinston Çörçil, İngiltərənin Baş naziri.1938)

“Mənə böyük Atatürkün adını daşıyan Beynəlxalq Sülh Mükafatı təqdim olunubdur. Bu mənim üçün, bütün Azərbaycan xalqı üçün, müstəqil Azərbaycan dövləti üçün böyük şərəfdir. Mən bununla fəxr edirəm. Atarükün şəxsiyyəti, onun yaratdığı Türkiyə Cümhuriyyəti mənim üçün örnəkdir. Mən buna daim sadiq olacağam”. Bu sözlərin müəllifi, Azərbaycan Prezidenti Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, Atatürk ideyaları, milli dövlət quruculuğu prinsipləri Türkiyənin yalnız keçmişi, tarixi deyil, həm də gələcəyidir.

Atatürk, “böyük insanlar” kimi dəyərləndirilən insanlarla özünün müqayisə edilməsini və təriflənməsini heç bir zaman xoşlamayıb. Hətta bunu edənlərə qəti şəkildə etirazını bildirib. Belə davranışlar həm də millətinə xidmət edən bir insanın milləti uğrunda apardığı mübarizənin düzgün başa düşülmədiyi mənasına gəldiyi üçün onu narahat etməkdə idi.

Türkiyə Cümhuryyətinin quruluşunun 12-ci ildönümündə;

“Atatürk bizim ən böyüyümüzdür”, “Atatürk bu millətin ən yüksəyidir”,

“Atatürk ən böyük dahidir” kimi çox sayda şüarlar hazırlanmışdı. Şüarların siyahısını gözdən keçirən Atatürk, hamısının üstündən xətt çəkərək, belə yazdı:

“Atatürk bizim içimizdən bir nəfərdir”

“Nə mutlu bizə”. Böyük Atatürkün dediyi kimi, “Nə mutlu türküm deyənə”. Nə mutlu Atatürkü sevənə!

(Q.Paşayevanın “Dünyanın itirdiyi böyük adam - Atatürk!” kitabından)

Hazırladı:
Zərifə BƏŞİRQIZI.
“Xalq qəzeti”

22 May 2020 10:23 -

Köhnə versiyamızdan xəbərləri izlə