Ən son xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin funksiyaları çərçivəsində karantin dövründə təbiətdə baş verən dəyişikliklərlə bağlı müşahidələr və monitorinqlər həyata keçirilir.
Hazırda monitorinq işlərinin müasir beynəlxalq standartlara uyğun aparılması təmin olunur. Respublikanın iri şəhərlərində atmosfer havasının çirklənməsinin fasiləsiz monitorinqi məqsədilə yeni nəsil avtomatik stansiyalar qurulur. Eyni zamanda, ölkənin istənilən nöqtəsində ilkin analiz aparmağa imkan verən səyyar mobil laboratoriya fəaliyyət göstərir.
Araşdırmaların nəticələrinin müqayisəli təhlili göstərir ki, karantin rejimi dövründə ətraf mühitə antropogen təsirlər əhəmiyyətli dərəcədə azalıb.
AZƏRTAC xəbər verir ki, bunu mayın 21-də Nazirlər Kabineti yanında operativ qərargahın təşkil etdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.
“Xüsusilə havanın çirklənmə səviyyəsi xeyli aşağı düşüb. 2020-ci ilin mart-aprel-may aylarında müxtəlif çirkləndiricilərin konsentrasiyası ötən ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə azdır.
Bunun səbəbi karantin dövründə sənaye və ictimai iaşə obyektlərinin fəaliyyətinin məhdudlaşdırılması və avtomobillərdən istifadənin kəskin azalması olub.
Karantin dövründə tətbiq olunan məhdudlaşmalar Xəzər dənizinin sahil sularının keyfiyyətinə də müsbət təsir göstərib. Məsələn, Nardaran, Pirşağı, Bilgəh ərazilərində dənizdə aparılan son monitorinqlər onu deməyə əsas verir ki, sahilboyu ictimai-iaşə obyektləri fəaliyyət göstərmədiyindən dəniz suyunun çirklənmə səviyyəsində azalma müşahidə edilir”, - deyə M.Babayev qeyd edib.
Köhnə versiyamızdan xəbərləri izlə