Ən son xəbərlər
Vətəndaşın öz dövlət başçısına məktubla müraciət etməsi təbiidir. Amma, inanmırıq ki, dünyanın hansısa ölkəsində Azərbaycandakı qədər Prezidentə məktub göndərilsin. Həm də, bunun mütləq əksəriyyəti minətdarlıq məktublarıdır. Yəni, Azərbaycandakı sosial-iqtisadi islahatlardan, kadr dəyişikliyindən, rüşvətxorluğa və korrupsiyaya qarşı sərt mübarizədən, əməkhaqqı, pensiya və təqaüdlərin vaxtaşırı artırılmasından, əhalinin həssas qruplarının sosial problemlərinin həllindən, onların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində kompleks şəkildə görülən işlərdən və nəhayət, son dörd ayda COVİD-19 pandemiyası bəlasından maksimum az itki ilə sovuşmaqla bağlı dövlət başçısının böyük uğurla müşayiət olunan tədbirlərindən qaynaqlanan bu məktublarda çox mətləblər öz ifadəsini tapır.
Prezident İlham Əliyev mayın 19-da Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu barədə danışarkən demişdir: “Koronavirusla bağlı işlər əvvəldən Azərbaycanda çox düzgün istiqamətdə aparıldı və bunu həm Azərbaycan xalqı görür və təqdir edir, həm də beynəlxalq təşkilatlar. Bu günə qədər mən vətəndaşlardan gündə yüzlərlə məktub alıram”.
Həmin məktublardan bir neçəsini oxucularımıza təqdim edirik.
Çox sağ olun, xalqımızı bəladan qorudunuz
Hörmətli cənab Prezident!
Azərbaycan ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünya dövlətləri arasında tanındı. Biz fəxr edirik ki, bu gün həmin siyasəti Siz layiqincə davam etdirirsiniz.
Cənab Prezident, dünyamız gözəgörünməz bəla ilə mübarizə aparır. Digər ölkələr bu bəladan ağır itkilər verdiyi halda, Siz Azərbaycan xalqını, millətini qorudunuz. Xalqımız seçimində yanılmadığı üçün qürur hissi keçirir. Siz öz əməlinizlə, zəhmət və uzaqgörənliyinizlə xalqımızı bu bəladan xilas edirsiniz.
Özünü güclü sayan dövlətlərin koronavirus epidemiyasının qarşısında aciz qaldığı bir vaxtda, Sizin gördüyünüz tədbirlər Azərbaycan xalqını zəfərlərə yaxınlaşdırır. Bu yorulmaz fəaliyyətinizə görə Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm.
Sizin sayənizdə tezliklə bu bəlaya qalib gəldikdən sonra torpaqlarımızı da azad edəcək, bayrağımızı Qarabağdakı, Laçındakı zirvələrdə ucaldacağıq. Biz buna varlığımızla inanırıq.
Hörmətlə, Elçin Zeynalov, Laçın rayonundan məcburi köçkün, Ağsu rayonu
Siz böyük qətiyyətə və siyasi iradəyə malik lidersiniz
Möhtərəm Prezidentimiz!
XXI əsrin yeni bəlası adlandırılan koronavirusun hökm sürdüyü çox ağır bir məqamda Azərbaycan vətəndaşı və ziyalısı olaraq öz millətinin, xalqının taleyini hər şeydən üstün tutan, ölkə vətəndaşlarının sevimlisinə çevrilmiş, uzaqgörən və qətiyyətli dövlət başçısına müraciət edirəm:
Siz bütün dəyərlərə yiyələnən, humanizmi, mərhəmət hissini, ədalət prinsipini, insan amilini öz şəxsiyyətində cəmləşdirən, intellektual düşüncəyə, böyük qətiyyətə və siyasi iradəyə malik lidersiniz. Yaşadığımız bu günlərdə qabaqlayıcı tədbirləriniz, tapşırıqlarınız, son dərəcə mütərəqqi ideyalarınızla bunu bir daha sübut etdiniz. Siz böyük cəsarətlə nümayiş etdirdiniz ki, insan kapitalı Sizdən ötrü bütün maddi dəyərlərdən üstündür. Məhz Sizin azad, demokratik və müstəqil dövlətimizə ideal rəhbərliyiniz sayəsində dünyanı cənginə alan, gözəgörünməz düşmən olan koronavirus Azərbaycanda kütləviləşə bilmədi. Xalqla dövlətin monolit, fundamental birliyini inamla ortaya qoya bildiniz. Ona görə də Siz ən böyük mükafata, ən sürəkli alqışlara, ən isti təşəkkürlərə layiqsiniz. Ancaq dünyada xalqın sevgisindən, məhəbbətindən böyük mükafat yoxdur. Siz bu yüksək mükafata dönə-dönə layiq görülmüsünüz.
Azərbaycan xalqının bir sıravi vətəndaşı olaraq, mən də Sizə öz təşəkkürlərimi yetirirəm. Fəxr edirəm ki, azərbaycanlıyam və fəxr edirəm ki, Sizin kimi Prezidentim var.
Ulu Tanrı Sizi qorusun! Yaşasın Müstəqil Azərbaycan, yaşasın Prezident İlham Əliyev!
Hörmətlə, Aydın Murovdağlı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Prezident mükafatçısı, Gəncə şəhəri
Şəhid atasının ürək sözləri
Hörmətli cənab Prezident!
Mən, şəhid atası Bahadur Paşayev Sizə təşəkkürümü bildirmək istəyirəm. Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayıram.
Şəhid ailəsi olaraq biz dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunmuşuq. Şəhidlərin ruhuna böyük ehtiram bəslənilməsi, onların ailələrinə qayğı ilə yanaşılması indiki gənc nəslin vətənpərvərlik ruhuna da müsbət təsir göstərir. Gənclər, Vətən yolunda şücaət göstərən şəxslərin heç vaxt unudulmadığını görür və bütün bunlardan ibrət götürürlər.
Sizin göstərişlərinizə uyğun olaraq, mənim ailəm üçün hazırda ev tikilir. Şəhid ailəsi adından bir daha Sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun, cənab Prezident. Allah Sizi və Azərbaycanımızı qorusun!
Hörmətlə, Bahadur Şıxəli oğlu Paşayev, Kürdəmir şəhəri
İnsanların sağlamlığını üstün tutdunuz
Əziz Prezidentimiz!
Dünyanı cənginə almış koronavirus pandemiyasından Azərbaycan xalqını uzaqgörən siyasətiniz və müdrikliyiniz sayəsində qoruduğunuza görə Sizə minnətdarıq. Baxmayaraq ki, bir çox böyük və güclü ölkələr belə ağır vaxtda öz xalqının sağlamlığından çox dövlətin iqtisadiyyatını fikirləşdilər, Siz isə Vətənin mənafeyini, insanların sağlamlığını üstün tutdunuz, bizi bu bəladan qorudunuz. Hər çıxışınızdan, müraciətinizdən, atdığınız hər addımınızdan güc-qüvvət aldıq. Sizin sayənizdə dünya Azərbaycan Respublikasının gücünün bir daha şahidi oldu.
Cənab Prezident, Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq, Azərbaycanı çiçəkləndirir, inkişaf etdirir və zənginləşdirirsiniz. Əhalinin rahat və firavan yaşaması üçün əlinizdən gələni edirsiniz. Azərbaycanın hər yerində gözəl və rahat yollar, fasiləsiz işıq və qaz, təmiz içməli su, təzə və təmirli məktəblər, sosial infrastruktur obyektləri və xalqa saymaqla bitməyən digər xidmət nümunələri vardır.
Hər zaman bizim qayğımıza qaldığınıza görə Sizə və ailənizə sonsuz hörmətimi və təşəkkürümü bildirirəm. Allah Sizi, ailənizi və Vətənimizi qorusun!
Hörmətlə, Xanməd Bayraməli oğlu Həşimov, Masallı şəhəri
Çətin günün ömrü az olar
Hörmətli cənab Prezident!
Xeyli müddətdir ki, koronavirus adlanan qorxunc düşmən dünyanın ən nəhəng dövlətlərini belə diz çökdürüb. Pandemiya bizim ölkəmizdən də yan keçməyib. Lakin koronavirusun dünyaya yayıldığı ilk günlərdən Sizin səyləriniz nəticəsində ölkəmizdə bu bəlaya qarşı kəskin mübarizə başlandı. Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı. Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq qurdunuz. Azərbaycan ilk olaraq ÜST-ə 5 milyon dollar ianə verdi. Bir müddət sonra ÜST-ə yenidən 5 milyon dollar maliyyə yardımı etdi. Ölkə daxilində bütün xəstəxanalar hazır vəziyyətə gətirildi. Əlavə olaraq, xüsusi təyinatlı xəstəxanalar tikildi. Bu iş indi də davam etdirilir. Sizin gördüyünüz tədbirlər nəticəsində yüzlərlə vətəndaşımız sağalaraq normal həyata qayıdıb. Bu günə qədər dünya ölkələri sırasında ən az itki verən dövlətlər sırasındayıq.
Xaricdə yaşayan soydaşlarımızın çoxu dərhal ölkəmizə gətirildi. Aztəminatlı ailələrə maddi və ərzaq yardımları edildi. Bu işlər hazırda da davam etdirilir. Bütün bunlarla yanaşı, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələri işləyir, yaşayış üçün heç bir çətinlik yoxdur.
Cənab Prezident, məktəblər müvəqqəti bağlansa da, biz müəllimlər xüsusi proqramlarla dərslərimizi davam etdiririk və bu işləri axıra kimi görəcəyik.
“Mən hər bir azərbaycanlının Prezidentiyəm” kəlamınız bu gün də özünü təsdiq etdi. Biz ziyalılar, həmişə olduğu kimi, yenə də Sizin yanınızdayıq. Sizə inanırıq və bilirik ki, bu düşmənə də qalib gələcəyik.
Pis günün ömrü az olur. Bu çətinliklər də tezliklə geridə qalacaq. Sizin rəhbərliyiniz altında qarşıda bizi gözəl günlər gözləyir. Ulu Tanrı Sizi qorusun!
Hörmətlə, Sədaqət Həsənova, Bakı şəhəri, İ.Əfəndiyev adına Elitar Gimnaziyanın müəllimi,Bakı şəhəri
Sizə inanırıq, güvənirik
Hörmətli Prezidentimiz!
Bu məktubumla Sizin siyasətinizi dəstəklədiyimi, gördüyünüz işlərdən qürur duyduğumu bildirmək istəyirəm.
Bu çətin günlərdə xalqımızı qoruduğunuza, onun qayğısına qaldığınıza görə Sizi alqışlayıram.
Mən Şuşadan məcburi köçkün olsam da, Şuşanı görməmişəm. Bərdə rayonunda məskunlaşmışıq. Amma əminəm ki, Sizin sayənizdə ata-babalarımın yurdu Şuşanı görəcəyəm və orada bayrağımızı dalğalandıranlardan biri olacağam.
Sizə inanırıq, güvənirik, cənab Prezident!
Hörmətlə, Nəbi Eldar oğlu Əsədov, Bərdə rayonu
Təqdim etdi: Qüdrət PİRİYEV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə