Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqın Prezidentə inamının ifadəsi

Koronavirus pandemiyası, demək olar ki, irili- xırdalı 230- dan çox ölkəni çənginə alıb. Göründüyü kimi, dünya hələlik görünməyəcək bir bəla ilə üz-üzə qalıb. Hətta özünü ən inki­şaf etmiş, qüdrətli hesab edən dövlətlər də bu virusun qarşısında aciz qalıblar. Sanki dünya bir sınaq, çətin imtahanla üz-üzədir. Bu “imta­handan” alnıaçıq, üzüağ çıxanların daha dəqiq desək, koronavirusun ciddi zərbələrindən hələ ki, özünü qoruyan dövlətlərin sayı çox az­dır. Qürurverici haldır ki, həmin dövlətlərdən biri də Azərbaycandır.

Prezident İlham Əliyevin həyata keçirdiyi qabaqlayıcı tədbirlər, qəbul etdiyi qərarlar xalqımızı bu ağır bəladan az itki ilə xilas edir. Baxmayaraq ki, pandemiyanın acı fəsadları hələ də davam edir, ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər öz müsbət nəticələrini göstərməkdədir. Dövlətimizin başçısı hər zaman olduğu kimi, bu dəfə də pandemiyanın tüğyan etdiyi vaxtdan indiyədək xalqın yanında oldu. Vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, on­ların təhlükəsizliyinin etibarlı müdafiəsi və hazırkı qlobal problemin təsirindən qorun­ması dövlətimizin başçısı üçün vacib və prioritet məsələdir. Bütün bunları gündəlik həyatlarında hiss edən ölkə vətəndaşları hər gün Prezident İlham Əliyevə yüzlərlə minnətdarlıq məktubları ünvanlayır, ölkə rəhbərinə inandıqlarını və güvəndiklərini ifadə edirlər.

Bakı şəhəri, Sabunçu rayonu, Ba­kıxanov qəsəbəsində məskunlaşmış Zəngilan rayonundan olan məcburi köçkün Murad Ruslan oğlu Şirinov yazır: “Möhtərəm cənab Prezident! Biz Sizi çox sevirik, Sizdən daim lider qayğı görürük. Sizə olan hisslərimiz o qədər güclüdür ki, onları sözlə ifadə etməyə də çətinlik çəkirik. Bizə göstərdiyiniz diqqətinizə görə, Sizə təşəkkür edirik.

Kəlbəcər rayonundan olan , ha­zırda Oğuzda məskunlaşmış məcburi köçkün Elmir İsa oğlu Cəfərov da dövlət başçısının sayəsində koronavi­rus pandemiyasına qarşı vaxtında ciddi tədbirlər görüldüyünü diqqətə çatdırır və qeyd edir ki, Sizin rəhbərliyinizlə bütün səylər birləşdirilərək məqsədyönlü, dü­şünülmüş fəaliyyət strategiyası quruldu və pandemiyaya qarşı mübarizədə uğur qazanıldı: “Pandemiya vaxtın­da Azərbaycan xalqına göstərdiyiniz maddi və mənəvi dəstəyə görə şəxsən öz adımdan və ailəmin adından Sizə təşəkkür edir, hörmət və ehtiramımızı bildiririk. Xalqımız, o cümlədən məcburi köçkünlər hər zaman Sizi dəstəkləyir və uğurlu fəaliyyətinizlə fəxr edirlər. Allah Sizi qorusun!”

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin sakini Nərmin Taleh qızı Nəsirovanın məktubu da diqqəti cəlb edir: “Hörmətli cənab Prezident! Biz Sizin “Evdə qal” çağırışınıza əməl edərək, evdə qaldıq. Bilirik ki, Siz bizim sağlam və xoşbəxt yaşamağımız üçün yorulmadan çalışırsınız. Buna görə də Sizi çox sevirik. Ailə üzvlərimiz də Sizin qərarlarınızı bəyənir və dəstəkləyir. Mən onların adından da Sizə təşəkkür edir, yeni uğurlar arzulayıram”.

Xocalı rayonundan məcburi köçkün, Qarabağ əlili, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində məskunlaşmış Elmira Yunis qızı Bağırova həm öz ailəsi, həm də Xocalı rayonundan olan məcburi köçkünlər adından minnətdarlığını çatdırır. Müəllif yazır ki, bu ağır və çətin günlərdə bizə göstərdiyiniz qayğı misil­sizdir: “Xalqa göstərdiyiniz bu qayğı heç vaxt unudulmayacaq. Bu fədakarlığınız xalqın Sizə olan inamını daha da artırdı. Siz bu qayğılı günlərdə bizim yanımızda oldunuz. Biz də həmişə Sizin yanınızda olacağıq. Sizinlə fəxr edirik!”.

Xankəndi şəhər sakini Vasif Allahverdiyev bütün dünyada və eləcə də ölkəmizdə yaranmış bu gərgin vəziyyətdə hər bir vətəndaşın yanında olduğuna və insanlara nə qədər yüksək dəyər verdiyini bir daha sübut etdiyinə görə, dövlət başçısına minnətdarlığını bildirir. Qeyd edir ki, verdiyiniz ağıllı qərarlar sayəsində hamımızı bu çətin vəziyyətdən xilas edəcəksiniz: “Biz qara­bağlılar torpaqlarımızın düşmən işğalın­dan azad olunacağı günü də səbirsizliklə gözləyirik və Sizə inanırıq. Allah Sizə cansağlığı versin!”.

Qəbələ rayonundan İvan Vladimi­roviç Şabanov və Elnarə Rasim qızı Şərifova yazırlar : “Möhtərəm cənab Prezident! Dünyanı bürüyən koronavi­rus pandemiyası ilə bağlı gördüyünüz işlər və xüsusi karantin rejiminin tətbiqi bu xəstəliyin Azərbaycanda geniş yayılmasının qarşısını aldı. Qabaq­layıcı tədbirlərə, həmçinin işləməyən şəxslərə 190 manat birdəfəlik ödənişin verilməsinə, aztəminatlı ailələrə isə ərzaq yardımının göstərilməsinə görə rayonumuzun sakinləri adından Sizə minnətdarıq. Biz Sizinlə fəxr edirik. Allah­dan Sizə cansağlığı diləyirik. Əminik ki, Sizin sayənizdə Qarabağımız da tezliklə işğaldan azad olunacaqdır!”.

Şəmkir rayon sakini Mehdi Müseyib oğlu Həsənov internet saytlarından, mətbuatdan əldə etdiyi məlumatları əsas gətirərək yazır ki, respublikanın müxtəlif bölgələrindən Sizə ünvanlanan təşəkkür məktublarının sayı-hesabı yoxdur. Xalqımızın koro­navirus pandemiyası ilə mübarizədə az itki verməsinin, kütləvi yoluxmanın müşahidə edilməməsinin dövlət başçı­sının gərgin əməyinin nəticəsi oldu­ğunu bildirən M. Həsənov respublika­mızın başı üzərini qara bulud kimi alan pandemiyanın tezliklə tamamilə aradan qaldırılacağına əminliyini ifadə edir. Müəllif daha sonra yazır: “Əziz Prezi­dentimiz, şəmkirlilərin Sizə və Mehriban xanım Əliyevaya olan hörmət və rəğbəti sonsuzdur. Allah Sizlərə uzun ömür, cansağlığı versin!”

Tərtər rayonundan B.Nəzərov dövlət başçısına ünvanladığı minnətdarlıq məktubunda dünyada yayılmış koronavirus pandemiyası ilə mübarizə şəraitində işçilərin işdən azad olunmamasını, ixtisara salınmaması­nı, əməkhaqlarının əvvəlki qaydada ödənilməsini, işsiz kimi qeydiyyata alınmış şəxslərə 190 manat vəsait verilməsini, sahibkarlara maliyyə dəstəyinin göstərilməsini, kommunal ödənişlərdə güzəştlərin nəzərdə tutul­masını və digər sosial müdafiə üzrə ciddi addımları yüksək dəyərləndirir. Həmçinin kənd təsərrüfatının inkişafı üçün edilmiş güzəştləri, bu sahədə çalışanlara şərait yaradılmasını kənd təsərrüfatının inkişafına böyük dəstək olduğunu bildirir. Bu qayğıdan ruhla­nan B. Nəzərov və onun həmyerliləri bu çətin günlərdə onlara olan qayğı və diqqətə görə dövlət başçısına dərin təşəkkürlərini bildirirlər.

Göygöl rayonundan dosentlər Fizuli Mirzəyev və Samir Mahmudov, həmçinin Emilya Rəfibəyli yazırlar: “Sizin tapşırığınızla görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, Azərbaycanda koronavirus pandemiyası tam nəzarət altındadır. Halbuki, dünyanın ən inkişaf etmiş ölkələrində virusa yoluxma və xəstəlikdən ölüm halları dəfələrlə çoxdur. Siz hər zaman vurğulayırsınız ki, “Mən hər bir azərbaycanlının Prezidentiyəm və hər bir azərbaycanlının yanındayam”. Biz də bunu həmişə hiss edirik. Bu çətin dövrdə Sizin xalqın yanında olmağınız buna bariz nümunədir.

Müəlliflər Kənd Təsərrüfatı Nazir­liyinin Heyvandarlıq Elmi–Tədqiqat İnstitutunun kollektivi adından dövlət başçısına, eyni zamanda, xalqı­na diqqət və qayğısını əsirgəməyən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edir, hər zaman ölkə Prezidentinə, dövlətə və xalqa şərəflə, layiqli şəkildə xidmət edəcəklərini bildirir, ölkə Prezidentinin “Biz birlikdə güclü­yük!” çağırışına əməli işləri ilə stimul olacaqlarını bildirirlər.

Füzuli rayonundan Mübariz Filman oğlu Bayramov, Kamran Nəriman oğlu Qasımov, Vüsal Şirvan oğlu Ba­ratlı, Afərim Maqsud qızı Abbasova, Aminə Qəzənfər qızı Quliyeva, Vilayət Akif oğlu Sadıqov və Kənan Rəşad oğlu Məmmədli cəbhə bölgəsində yaşayan məcburi köçkünlərin dövlət başçısının sayəsində koronavirus epide­miyasına tezliklə qalib gələcəyinə inan­dıqlarını bildirirlər. Onlar cənab Prezi­dentin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı nın dayanıdığına əminliklərini ifadə edirlər.

Yevlax rayonunun ərazisində məskunlaşmış Ağdam rayonun­dan olan məcburi köçkün Nargilə Məmmədova daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğuna görə dövlət başçısına minnətdarlıq edir. Respublikanın belə çətin günlərində yenə də dövlət başçısının qayğını hiss etdiklərindən məmnun olduqlarını bildirir və ölkə Prezidentinə “Allah Sizi və xal­qımızı sevindirsin, daim üstünüzdə yar olsun!” -- deyirlər.

Dövlət başçımızın ünvanına respubli­kamızın müxtəlif regionlarından hər gün yüzlərlə belə minnətdarlıq məktubları daxil olur. Abşeron rayonundan Tural Hüseynzadə, Zərdabdan Aqil, Ramal, Jalə, Tünzalə İbadovlar və Tünzalə Cəbrayılova, Balakən rayonundan A.Abdullayev, R.Anayev, M.Eminov, Ş.Qımrıyev və R.Balayev, Şirvan şəhərindən Rəşad Mübariz oğlu Qafarov, Şəmkir rayonundan Binnət Hümbət oğlu Namazov, Dursun Yunis qızı Quliyeva, Gəncədən Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Oktay Yalçın oğlu Məmmədzadə, Ağdaş rayonundan Fərid Ağalar oğlu Rəhimli, Zaqatala rayonundan Əliyar Vəli oğlu Əliyev və digərləri Prezident İlham Əliyevin COVID-19 pandemiya­sının ölkəmizdə yayılmasının qarşını almaq məqsədilə xalqımızın sağlamlığını ön plana alaraq, çəkdiyi zəhməti yüksək qiymətləndirir və dövlət başçısına, onunla çiyin-çiyinə çalışan, bu ağır və çətin vaxtlarda daim xalqın yanında olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayırlar.

Hazırladı: Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

22 May 2020 02:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə