Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-ın Azərbaycana yatırdığı sərmayələr 14 milyard dollara çatıb

Azərbaycanda Amerika Ticarət Palatası ilə işgüzar görüş keçirilib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) birgə təşkilatçılığı ilə videokonfrans formatında görüş keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə nazir Mikayıl Cabbarov iştirakçılara Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sistemli və ardıcıl islahatlar nəticəsində yaradılmış əlverişli biznes və investisiya mühiti, xarici investisiyaların təşviqi sahəsində görülən işlər və sair barədə ətraflı məlumat verib.

M.Cabbarov tədbirin işgüzar əlaqələrin inkişafı barədə fikir mübadiləsi apar­maq üçün əlverişli platforma olduğunu, ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın inkişafında “AmCham Azərbaycan”ın səmərəli fəaliyyətini qeyd edib. ABŞ-la iqtisadi əməkdaşlıqdan danışan nazir diqqətə çatdırıb ki, Azərbaycan ABŞ-la iqtisadi-ticarət əlaqələrinin inkişafında ma­raqlıdır və əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Bildirilib ki, Azərbaycan iqtisadiyya­tının müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, tikinti, xidmət və digər sahələrdə ABŞ-ın 257 şirkəti fəaliyyət göstərir. Ölkələrimiz investisiya­lar sahəsində də uğurla əməkdaşlıq edir. Belə ki, ABŞ-ın Azərbaycana yatırdığı sərmayələrin həcmi iqtisadiyyatın neft-qaz sektorunda 12,8 milyard ABŞ dolları ol­maqla ümumilikdə 14 milyard dollara çatıb. Bununla da, ABŞ Azərbaycanda ikinci ən böyük investordur.

Xarici ölkələrin təcrübəsi, investi­siya sahəsində müasir tendensiyalar və sərmayə sazişlərinin praktikası, Beynəlxalq Maliyyə Korporasiyasının ekspertlərinin rəyləri nəzərə alınmaqla “İnvestisiya fəaliyyəti haqqında” yeni Qanun layihəsinin hazırlandığını diqqətə çatdıran İqtisadiyyat naziri “AmCham Azərbaycan”ın da prosesə önəmli töhfə verdiyini qeyd edib.

Koronavirus (COVID-19) pandemiya­sının iqtisadiyyata mənfi təsirləri barədə fikirlərini bildirən M.Cabbarov infeksiyanın yayılmasına qarşı mübarizədə xalqımızın dövlətlə birlik və həmrəylik nümayiş etdir­diyini, Azərbaycan hökumətinin pandemi­ya və qlobal böhran situasiyasına çevik reaksiya verdiyini, iqtisadi, makroiqtisadi stabilliyin qorunması məqsədilə sistemli və operativ tədbirlər görüldüyünü diqqətə çatdırıb. Vurğulanıb ki, insanların sağ­lamlığının qorunması tədbirləri ilə yanaşı, pandemiyanın iqtisadiyyata təsirlərinin minimuma endirilməsi istiqamətində təsdiq edilmiş Tədbirlər Planına əsasən, zərərçəkmiş sahibkarlara və muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilir. Postpandemiya dövrü üçün əsas hədəflərdən biri iqtisadi artımın yeni modelinin həyata keçirilməsidir. Azərbaycanda tikinti, dağ-mədən, neft-kimya, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət və logistika, telekommunikasi­ya, kənd təsərrüfatı və emal sənayesi, turizm sektorlarının inkişafı prioritet istiqamətlərdəndir.

İqtisadiyyat naziri ABŞ şirkətlərini bu sahələrdə investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib. Bununla yanaşı, Azərbaycanda infrastruktur layihələri də daxil olmaqla bir sıra layihələr üzrə dövlət-özəl tərəfdaşlığı mexanizminin daha geniş tətbiqi nəzərdə tutulur ki, bu da investorlar­la əlaqələri genişləndirmək üçün əlverişli imkanlar yaradır.

M.Cabbarov Azərbaycanda iqtisadiy­yatın rəqəmsallaşdırılmasının hədəf kimi müəyyən edildiyini, Davos İqtisadi Foru­munun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzinin Bakıda yaradılmasının önəmini, rəqəmsal iqtisadiyyatın qurulması sahəsində ölkəmizin ABŞ-la əməkdaşlığa hazır olduğunu bildirib.

Ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini bildirən ABŞ-ın ölkəmizdəki səfiri Li Litzenberqer Azərbaycanda uğurlu iqtisadi siyasət həyata keçirildiyini, biznes və investisi­ya mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatların əhəmiyyətini, ölkəmizin cəlbedici turizm resurslarını qeyd edib, pandemiya ilə mübarizədə və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə biznes dairələrini maraqlan­dıran məsələlər üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.

AZƏRTAC

22 May 2020 02:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə