Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DTX və Baş Prokurorluq Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməlləri barədə birgə məlumat yayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən inkişaf siyasətinin mərkəzində aşkarlıq və şəffaflığın, vətəndaşa layiqli xidmət missiyası dayanmaqla dövlət idarəçiliyinin əsas prioritetini vətəndaş məmnuniyyətinin təmin olunması, onları narazı salan halların aradan qaldırılması təşkil edir. Təəssüf ki, dövlətimizin başçısının müəyyən etdiyi siyasi kursun əksinə olaraq, son dövrlərdə bəzi məmurların timsalında vəzifə səlahiyyətlərindən öz şəxsi və maddi maraqları naminə sui-istifadə halları müşahidə olunur. Cəmiyyətimiz tərəfindən ikrahla qarşılanan bu kimi əməllər qətiyyətlə ifşa edilir və belə hərəkətlərə yol verən məmurlar qanun qarşısında cavab verirlər.

Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, Azərbaycan Respublikası­nın dövlət sərhədinin mühafizəsinin və toxunulmazlığının, o cümlədən sərhəd sularında rejimə əməl olunmasının təmin edilməsində bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokuror­luq tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Son dövrlər Azərbaycan Respublikası vətəndaşlarının Xəzər dənizində dövlət sərhədini qanunsuz keçərək həmsərhəd ölkələrin ərazi sularında balıq ovu ilə məşğul olmaları, müqabil tərəfdən silah tətbiqi nəticəsində insan tələfatı və onların tutulub saxlanılmaları ilə bağlı baş vermiş hadisələr həmin tədbirlər çərçivəsində araşdırılıb.

Keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilmiş­dir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə alıb­lar. İstintaq zamanı müəyyən edilib ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilib. Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarıb.

Məhkəmə qərarları əsasında DSX-nin adıçəkilən vəzifəli şəxslərinin xidməti otaq­larına və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı onların qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Faktla bağlı Azərbaycan Respubli­kasının Baş Prokuroru yanında Korrup­siyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. Həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri və vəzifədən kənarlaşdırılma əlavə qətimkan tədbirləri seçilib.

Bununla yanaşı, balıqçılıq fəaliyyəti ilə məşğul olan şəxslərdən ayrı-ayrı vaxtlarda müəyyən məbləğlərdə vəsaiti toplaya­raq qeyd edilən əlbir qrupun üzvlərinə çatdırılmasında köməkçi qismində iştirak etməsində şübhəli bilindiyi üçün, balıq­çılıqla məşğul olan Bakı şəhər sakini Abdullayev Arif Cəfər oğlu, Quliyev Xalis Xudamurad oğlu və 2003-cü ildən 2017- ci ilədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzəsində Bioresurs­ların Artırılması və Mühafizəsi Departa­mentinin Sumqayıt-Xaçmaz sektorunun müdiri vəzifəsində işləmiş Paşayev Fikrət Həsənağa oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilərək barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Həmçinin istintaqla müəyyən edilib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin sabiq inspek­toru Babayev Rəhman Rəşid oğlu həmin vəzifədə işlədiyi müddətdə balıqçılardan rüşvət qismində pul alaraq qeyd olu­nan şöbənin müdiri Abdullayev Abdulla Əbülfəz oğluna çatdırmışdır. Hər iki şəxs Cinayət Məcəlləsinin 308.2-ci, 311.3.1-ci və 311.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin, eləcə də baş vermiş qa ­nun pozuntularında iştirakı müəyyən edilən digər aidiyyəti dövlət qurumla­rının əməkdaşlarının tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində birgə zəruri əməliyyat istintaq-tədbirləri davam etdirilir.

22 2020 02:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 İyun 2020 | 17:05
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə