Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizin uğurlu inkişafında gənclər böyük rol oynayırlar

Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişa­fında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Ölkəmizin nüfuzunun getdikcə yüksəlməsi, mövqeyinin daha da möhkəmləndirilməsi, əhalinin rifahının yüksəldilməsi, sosial məsələlərin həlli, xüsusilə həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində görülən işlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prio­ritetini təşkil edir. Eyni zamanda, son illərdə həyata keçirilən genişmiqyaslı islahatlar, icra olunan sosial proqramlar, dövlət idarəçiliyindəki yeniliklər, operativlik və çevik­lik, kadr islahatları, “xalq-iqtidar “ vəhdətini daha sıx tellərlə bağlayıb. Bütün sahələri əhatə edən kadr islahatlarında gənclərə böyük etimad göstərilməsi, onların yüksək vəzifələrə təyin olunması uğurla həyata keçirilən gənclər siyasətinin təzahürüdür, qarşıya qoyulan vəzifələrin prioritetini təşkil edir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzi ilə tanışlı­ğından sonra dövlət başçısının Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də gənclərin ölkəmizin uğurlu inkişafındakı fəal rolundan bəhs olunub. Azərbaycanın bugünkü inkişafında gənclərin rolunu yüksək qiymətləndirən dövlət başçısı bildirib ki, bu gün onlara geniş imkanlar yaradılır: “Gənclər cəmiyyətimizin ən fəal təbəqəsidir və bu gün gənclərə geniş imkanlar yaradılır. Gənclər önəmli vəzifələrə təyin olunur: nazir, icra başçısı vəzifələrinə. Eyni zamanda, Milli Məclisdə kifayət qədər gənclərimiz var və DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir. Məhz innovasiyaya olan maraq, gənclərin fəallığı, onların müasir bilikləri imkan verdi ki, Azərbaycan öz daxili intellektual resursları hesabına belə mərkəzləri yaratsın və eyni zamanda, dediyim kimi, digər ölkələrlə bu təcrübəni bölüşsün. Ona görə gənclərlə çoxsaylı görüşlərim əsnasında mən onları həmişə biliklərə cəlb edirəm, dəvət edirəm ki, yaxşı oxusun­lar, yaxşı peşəkar olsunlar və öz fəaliyyətləri ilə ölkəmizin inkişafına daha böyük xidmət göstərsinlər”.

Bu gün gənclərimizə böyük etimad, inam göstərilməsinin, məsul vəzifələrə təyin olunma­sının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Müdrik şəxsiyyət gəncliyə böyük inam və ümid bəsləyərək deyirdi ki, bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Ümummilli lider deyirdi ki, gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xal­qına, dövlətinə xidmət etməlidir.

Ulu öndər qeyd edirdi ki, Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolu danılmazdır. Azərbaycanın tarixinə nəzər salsaq, onun hər mərhələsində gənclərimizin özünəməxsus rol oynadığının şahidi olarıq.

Gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə, onla­rın fəaliyyətlərinin daha da genişləndirilməsinə hesablanan addımlar idi. Ulu öndərin 1997- ci il fevralın 2- də imzaladığı fərmana əsasən, həmin tarix “Azərbaycan Gəncləri Günü” elan edilmişdir. Ümumiyyətlə, 1996-2002-ci illərdə qəbul olun­muş “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haq­qında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qərarların, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hislərinin yüksəldilməsi haqqında”, “Or­dudan tərxis olunmuş gənclərin məşğulluğu” dövlət sənədləri bu baxımdan təqdirə layiqdir. Əlbəttə ki, gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarlar gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar idi.

Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı nitqində də bu məsələni xüsusi vurğulayıb ki, ölkəmizdə müasir gənclər siyasəti 1994-cü ildə başlamış­dır. Ulu öndər həmin il Gənclər və İdman Nazirliyini yarat­maqla Azərbaycanda gənclər siyasətinin icrasına başlanıldı. Dövlətimizin başçısı nitqində həmin dövrü xatırlayaraq, o illərin çox ağır illər olduğunu deyib: “Azərbaycan böhrandan təzə-təzə çıxırdı. Ölkəmizdə iqtisadi vəziyyət çox ağır idi. Ölkəmizdə islahatlara start verilirdi. Bütün bu çətinliklərə baxmayaraq, ulu öndərin çox düzgün qərarı Azərbaycanda gənclər üçün yeni imkanlar açdı, yeni şərait yaratdı. Ondan sonra da müvafiq qərarlar qəbul edilmiş, göstərişlər verilmişdir. 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” fərman imza­lanmışdır. Ondan sonrakı dövrdə də biz həmişə gənclərə dəstək olmağa çalışmışıq”

Ulu öndərin siyasi kur­sunu layiqincə davam etdirən Prezident İlham Əliyev bü­tün sahələrdə olduğu kimi, gəncliyin inkişafında da əsaslı dönüş yaratdı. Gənc nəslin intellektual, fiziki və mənəvi inkişafının təmin edilməsi, yaradıcı potensialının üzə çıxarılması, ictimai fəallığının artırılması, sosial-məişət və məşğulluq problemlərinin həlli sahəsində kompleks tədbirlərin görülməsi daim dövlət başçısı­nın diqqət mərkəzində saxladığı əsas vəzifələrdən oldu. Bu məqsədlə çoxlu sayda dövlət proqramları təsdiqlənərək icra edilmiş, gənclər təşkilatlarının və ayrı-ayrı gənclərin layihə və təşəbbüslərinə dəstək verən fond yaradılmışdır.

Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa, dünya miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır , Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Qürur hissi ilə deyə bilərik ki, xalqımızın qəhrəmanlıq tarixini yazanlar, Vətənin hər qarış torpağı uğ­runda canlarını qurban verənlər, Milli Qəhrəman zirvəsinə ucalanlar hər zaman adlarını fəxrlə çəkdiyimiz, yetişən nəsilə nümunə olan gənclərimizdir.

Dövlət başçımız yeni sərəncamlar imzalamaqla, dövlət proqramları təsdiqləməklə və mühüm qərarlar qəbul etməklə gəncliyin inkişafını da stimul­laşdırır . 2017-ci il sentyabrın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan gəncliyi 2017- 2021-ci illərdə” Dövlət Proq­ramı dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda yetişməsi, hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, innovativ düşüncə və rəqabətədavamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışın təşviqini zəruri edir. Dövlət Proqramının əsas məqsədi respublikamızda gənclər siyasətinin daha da səmərəli həyata keçirilməsini təmin etməkdir. Faktlar da təsdiqləyir ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində gəncliyə verilən xüsusi diqqət özünü açıq şəkildə büruzə verir. Bölgələrdə 40-a yaxın Gənclər Mərkəzi yaradıl­mış, 44 Olimpiya İdman Mərkəzi gənclərin ixtiyarına verilmişdir.

Ölkə Prezidenti gənclərimiz üçün təhsilin vacib olduğu­nu daim tövsiyə edib. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Dünyada baş verən qlobal hadisələrin tez-tez dəyişməsi, sürətli inkişaf, yeni texnologiyaların yaran­ması, onların idarə olunması hərtərəfli biliyə malik gənclərin yetişməsi zərurətini yaradıb. Bu baxımdan, gənclər peşəkar olmalı, istənilən sahədə işləməyi bacarmalıdırlar. Bütün bunların öhdəsindən layiqincə gəlmək üçün gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Gənclərimizin milli ruhda yetişdiyini, Vətənin hər qarış torpağı uğrunda canından keçməyə hazır olduğunu 2016 – cı ilin Aprel döyüşlərində də gördük. Dövlətimizin başçısı gənclərlə keçirdiyi görüşlərdə də həmin döyüşlərdə gənclərimizin qəhrəmanlığından qürurla söhbət açır: “ Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrun­da, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şan­lı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir”.

Gənclərimizi qəhrəmanlıq zirvəsinə ucaldan Aprel döyüşləri nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları­mızın bir hissəsi işğalçılardan azad edildi. O torpaqlarda -- Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında indi Azərbaycan bayrağı dalğa­lanır.

Hazırda ölkəmizdə həyata keçirilən kadr islahatlarında gənclərə böyük etimad göstərilir. Dövlət başçısı məsul vəzifələrə təyin etdiyi gəncləri qəbul edərkən diqqətə çatdırır ki, indi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Bu, təbii prosesdir və biz bu prosesdən kənarda qala bilmərik.

Bakının Nizami rayo­nunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında da bunun şahidi olduq. Dövlət başçısı orada da qeyd etdi ki, DOST mərkəzində çalışan insanların demək olar ki, hamısı gənclərdir. “Könüllü DOST” proqramı üzrə artıq 300-dən çox könüllü bu mərkəzlərə cəlb edilib. Ölkə Prezidenti Azərbaycan televizi­yasına verdiyi müsahibəsində də gənclərimizin bütün sahələrdə yüksək fəallıq göstərdiklərini, hətta bəşəriyyətin, o cümlədən Azərbaycanın başı üzərini koronavirus pandemiyası alan vaxtdan da gənclərin yorul­maz fəaliyyətini qeyd etdi: “Mən burada xüsusilə İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyətini yüksək qiymətləndirirəm. Orada da fəaliyyət göstərənlərin mütləq əksəriyyəti gənclərdir və burada da gənclər göstərdilər ki, nəyə qadirdirlər”.

Dövlət başçısı həmin müsahibəsində gənclərimizin ən yüksək meyarlara cavab verdiyini bir daha vurğula­dı: “Şadam ki, bu gün bizim gənclərimiz ən yüksək me­yarlara cavab verirlər -- bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından. Eyni zamanda, onu da bildirməliyəm ki, gənclər xoşagəlməz hallara qarşı da mübarizədə bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda, vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər bundan sonra da­yanıqlı inkişafını təmin edəcək”.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

22 2020 02:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 İyun 2020 | 17:05
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə